19 Yanvar 2021 18:29
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeganə xilas yolu qonşularına qarşı irəli sürdüyü ərazi iddialarını bitirmək və normal əlaqələr, komunikasiyalara daxil olmaqla əməkdaşlıq yolu seçməkdir. Əks halda Ermənistanın və erməni xalqının bu regionda gələcəyi olmayacaq.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistanda müşahidə olunan sosial-iqtsadi tənəzzül, xalqın yaşam vəziyyətinin getdikcə pisləşməsi haqda danışarkən deyib.

Deputat bildirib ki, Ermənistanın artıq müharibə aparmaq imkanı yoxdur:

“30 ildir revanşist siyasət aparan Ermənistan artıq Dəmir yumruğu hiss edib. Bu ölkədə sosial-iqtisadi durum getdikcə pisləşir. Reallıq göstərir ki, Ermənistan iqtisadi vəziyyətini düzəltmək üçün bir yolu var-qonşularla əməkdaşlıq”.

Asim Mollzadənin ehtimallarına görə, artıq Ermənistanda bəzi insanlar və siyasətçilər bu reallığı anlamağa başlayıblar:

“Bir sıra yerlərdə əsgər valideynləri, sadə əhali “Bizə müharibə lazım deyil”, “Əsgərlərimizi Qarabağa göndərməyin” şüarları ilə aksiyalar keçirirlər. Onlar anlayırlar ki, müharibə partiyası əslində Azərbaycan və erməni xalqının qanı hesabına milyardlar qazanıb, oliqarxlar olublar. Və bu insanlar yenidən hakimiyyətə qayıdıb müharibəyə başlamaq və hər iki xalq üçün yenidən problemlər yaratmaq istəyirlər. Məhz bu məqsədlə həmin qüvvələr ortaya çıxır. Amma onların arxasında xalq yoxdur, oğurlanmış pullar və cinayətkarlar var. Dəstək isə yoxdur. Bir daha qeyd edim ki, bu ölkə nə müharibə aparmaq qüdrətinə malikdir, nə də sosial-iqtisadi problemlərinə həllinə nail olmağa. Ermənistanın borclarına baxsaq, yəqin edərik ki, bu borclar əslində heç vaxt ödənilməyəcək”.

Millət vəkili xatırladıb ki, erməni diasporu radikal və müharibə tərəfdarı kimi çıxış edir, amma bu günə qədər Ermənistana ciddi yatırımlar etməyib:

“Çünki onlar əslində erməni dövlətinin gələcəyinə inanmırlar. Onlar öz iddiaları üçün erməni xalqını məhvə sürükləmək istəyirlər. Yenidən hansısa müharibə olar, ermənilər məhv olar və onlar “göz yaşları içərisində” dünyada zəngin ermənilərdən pul toplaya bilərlər. Bu ağır durumdur. Məncə, Ermənistanda ağıllı insanlar çıxış yolunu Azərbaycan, Türkiyə və digər ölkələrlə əməkdaşlıqda görməlidir. Bu yoldan başqa onların xilas yolu olmayacaq. Əks təqdirdə sosial-iqtisadi durumları pisləşməkdə davam edəcək, sadə ermənilərin güzəranı daha da ağırlaşacaq, borclar yığılıb qalacaq. Əvəzində sabaha ümidləri olmayacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər