44 günlük müharibədə ağır məğlub olan işğalçı dövlətdə daxili proseslər səngimir. Ermənistanda kapitulyasiya aktına imza atan Baş nazir Nikol Paşinyana qarşı hiddət günü-gündən artır. Artıq işğalçı ölkədə dövlət strukturları çöküb. İnzibati sistem demək olar işləmir. Ölkədə sosial durum olduqca acınacaqlıdır, vətəndaş itaətsizliyi hökm sürür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, müharibədən sonra işğalçı ölkədə daxili vəziyyət hər ötən gün daha da ağırlaşır: “Cəmiyyət sosial qayğıların, pandemiyanın ağır zərərləri ilə üz-üzədir. Digər yanda isə övladlarını Qarabağda itirmiş erməni ailələri hazırkı dövlət rəhbərliyinə aqressiya sərgiləyir. Minlərlə erməni gəncinin ölümünə səbəb olan məğlubiyyətli müharibə erməni cəmiyyətində ağır psixoloji durum yaradıb. Müxalifət isə ölkənin hazırki durumuna görə Paşinyanı ittiham edir. 10 noyabrdan Ermənistanda hər gün hakimiyyətə qarşı aksiyalar təşkil edilir”.
Cavid Osmanov Ermənistanda post-müharibə sindromunun getdikcə dərinləşdiyini söyləyib: “İşğalçı ölkədə sosial və iqtisadi tənəzzül baş verir. İnsanların sosial vəziyyəti daha da ağırlaşıb. Bununla paralel siyasi mübarizənin kəskinləşməsi Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalması ilə nəticələnib”.
Deputat cinayətkar Köçəryan-Sərkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist əməlləri və planları ilə bağlı fikirlərinin olduğunu deyib: “Amma Ermənistanda bu cür variantın onlara daha böyük faciələr gətirəcəyi düşüncəsində olanlar da var. Görünən odur ki, 44 günlük müharibədə Ermənistanın aldığı zərbə onun bir dövlət kimi mövcudluğunu sual altına salıb”.