Bu gün Avropa Parlamentinin plenar iclasında Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə İllik Hesabat müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, Hesabat Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən hazırlanıb və komitənin sədri Mac Allister tərəfindən müzakirəyə təqdim olunub.
Hesabat Avropa Komissiyasının 2021-ci ldə Xarici Siyasət və Təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirir və Avropa hökümətinə tövsiyyə xarakteri daşıyır.
Bu hesabatda Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı ayrıca fəsil yer alır və bu fəsildə Şərq tərəfadaşlığı ölkələrində mövcud problemlərin həlli ilə bağlı Aİ-nın mövqeyinə dair müddəalar var.
Hesabat Layihəsinin 23-cü bəndində ŞT-a daxil olan ölkələrin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Aİ tərəfindən dəstək verilməsinin vacibliyi qeyd olunub.
24-cü bənddə 9 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat əsasında atəşkəsə nail olunması alqışlanır.
AP münaqişə zonasında status-kvonun sülh yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə dəyişdirilməsindən təəssüf etdiyini bildirir, sülh prosesini ATƏT-in Minsk Qrupu formatında davam etdirməyə çağırır. AP hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün zəruri şərait yaradılmasını, müharibə cinayətləri barədə səsləndirilən iddiaların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.
AP Aİ hökümətini münaqişənin həllində daha fəal mövqe nümayiş etdirməyə və regionun taleyini başqa güclərin ixtiyarına buraxmamağa çağırır.
Hesabat Layihəsi hazırda müzakirə olunur və yaxın saatlarda səsverməyə çıxarılacaq.
Cavanşir Feyziyev