“Yanvarın 20-dən sonra xalq faciəsinin ağrı-acısını yaşayarkən faciənin arxasında klanların hakimiyyət davası gedirdi. Əsas mübarizə aparanlar Həsən Həsənovla Ayaz Mütəllibov idi. İkinci qalib gəldi və bu, xalqın məğlubiyyəti oldu. Əsla demək istəmirəm ki, Həsən Həsənov qalib gəlsə başqa cür olacaqdı, olmayacaqdı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, 1990-cı ilin yanvarında qalib gəlməli olan bir tərəf vardı – Moskva:
“Beləliklə, Bakıda fövqəladə vəziyyət tətbiq ediləndən sonra şəhərə hərbi komendant təyin olunmuş general Dubinyak ilk baxışdan çox qəribə bir əmr imzalayır. Həmin əmrdə göstərilirdi ki, Bakı rayonlarının hərbi komendatları ”Qardaşlıq” cəmiyyətinin rəhbərlərilə sıx əlaqədə işləməli, onların tövsiyyələrinə əməl etməlidilər.
Əminəm ki, həmin əmrlərin ələ keçmiş nüsxələri dövlət arxivlərində bu gün də saxlanılmaqdadır. “Qardaşlıq” cəmiyyəti və onun pozucu, bölücü fəaliyyəti haqqında yaşlı nəslin nümayəndələri yaxşı məlumatlıdılar.
Bu cəmiyyətin sədri olmuş Ağa Axundov hələ gənc yaşlarında Sovet Hərbi-Dəniz Qüvvələrində xidmət edərkən SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən əməkdaşlığa cəlb olunmuşdu. ”Qardaşlıq” cəmiyyətinin rayon şöbələri sədrlərinin bir çoxları da oxşar keçmişə malik idilər. Qalanları isə kriminal keçmişə.
Cəmiyyətin başlıca vəzifəsi Ayaz Mütəllibovun hakimiyyətini qorumaq idi, amma bu, Mütəllibovun və onun ətrafındakı Əfrand Daşdəmirov, Telman Orucov, Məmməd Quliyev və digərlərinin düşündüyü idi. Onları kukla kimi oynadan Rusiya isə öz işini görürdü. O cümlədən də “Tövbə”, “Qardaşlıq” və sair bu kimi təxribatçı qurumların əlilə regionçuluq amilini ortaya atmaqla. Rusiyanın sınanmış bölücülük kartı olan regionçuluğu...
Məqsəd azərbaycanlıların birliyini sarsıtmaq, xalqı parçalamaq idi və bu işə təkcə QRU deyil, çoxsaylı DTK agentura şəbəkəsi də cəlb olunmuşdu. Digər bir agentura şəbəkəsi isə (şərti olaraq, intellektuallar) xalq hərəkatını qaralamağa, 20 yanvarın mahiyyətini saxtalaşdırmağa, ölkəni siyasi qütblərə bölməyə xidmət edirdi. Bütün bu fəaliyyət də xalq olaraq bizi gələcək müstəqil dövlətimizin quruculuğunda uğursuzluğa və ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə ağır məğlubiyyətə aparırdı.
Amma Rusiya nədən bunu edirdi? Doğrudanmı kiçik Azərbaycan o boyda imperiya üçün ciddi təhlükə yarada bilərdi? Bəli, özü də bizim bilmədiyimiz, amma rusların çox yaxşı bildikləri və elə buna görə də amansızcasına saxtalaşdırdıqları tariximəzə görə. Bu gün də bəzi başabəla ”tarixçilərimizin” saxtalaşdırmaqda davam etdikləri tariximizə görə. Düzdür, indi həmin saxtalaşdırmaq təşəbbüsləri əvəlkindən fərqli olaraq təkcə Rusiyadan gəlmir”.
Ərəstun Oruclu bildirib ki, 20 yanvarda baş verənlər də elə həmin qürur duya biləcəyimiz tarixin önəmli bir səhifəsi idi:
“Qorxu yaradan da məhz bu idi. Öncə 100 il Rus İmperiyası, ardınca da 70 il bolşevik-kommunist rejimi tərəfindən hərtərəfli əzilən bir xalq imperiyanın dişinədək silahlanmış ordusunun qarşısına əliyalın çıxmışdı. Bundan qorxulu heç nə ola bilməzdi. Tək 20 yanvar gecəsi deyil, üstəlik həmin ərəfədə və ondan sonra baş verən 2 hadisə də SSRİ-nin altına yerləşdirilmiş saat mexanizmli dinamit rolunu oynadı. Müqəddəs sayılan SSRİ sərhədlərinin dağıdılması və Kommunist Partiyası üzlük biletlərinin nümayişkəranə yandırılması... Həmin dinamitlər isə üstündən heç iki il də keçməmiş partladı və SSRİ-ni dağıtdı.
Bu, bizim şanlı tariximizdir, həmin tarixi öz qanı ilə yazmış bütün şəhidlərimiz də bizim üçün sözün həqiqi mənasında müqəddəsdilər. Qəhrəman, qorxmaz həmvətənlərimizin şəhid olduğu 20 yanvar xalq olaraq bizim diriliş günümüzdür”.