ABŞ-ın yeni prezidenti Co Bayden ömrünün bütün şüurlu hissəsini siyasətdə keçirib. O, sovetlər birliyinin rəhbər şəxsləri ilə də görüşüb, siyasi rejimin formasından asılı olmayaraq müxtəlif liderlərlə bağlı qapılar arxasında danışıqlar aparıb. O cümlədən Barak Obama dövründə ABŞ-da yüksək vəzifə tutub. İndi isə oval kabinetdə Ağ Evin yeni sahibi kimi 4 il ABŞ-a rəhbərlik edəcək. O, sadə bir dövrdə rəhbərliyə gəlmir. İlk növbədə ona görə ki, Donald Tramp ABŞ-ın həyatında yüz illərlə mövcud olan ənənəvi yanaşmaları, dəyərləri, dərin dövlət qaydalarını, prinsiplərini pozaraq, ondan yan keçərək bunlara başqa fəlsəfələrdən yanaşaraq idarəetməni tətbiq etməsi fonunda daxildə böyük bir qarşıdurma və qütbləşmə yaradıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.
Zahid Oruc xatırladıb ki, Amerika tarixində görünməmiş bir hadisə yaşanıb, Kapitolidə, Konqres binasına hücum həyata keçirilib: "Sədr Nensi Pelosinin otağı daxil olmaqla konqresmenlərin gündəlik fəaliyyət həyata keçirdikləri plenar salon, kabinetlərdə mülki insanlar öz etirazlarını bildirdi. ABŞ tarixində fərqli mənanı verən bir bayraq sancıldı, sərt bəyanatlar səsləndi. Bütün bunların fonunda beş nəfər həlak oldu. Belə bir gərgin, böhranlı halı ABŞ-ın daxili həyatında təsəvvürə gətirmək çətin olardı. Co Bayden özünün inauqurasiya nitqində qeyd etdiyi kimi dinc ötürülmədə əvvəlki prezident iştirak etmədi.
O qeyd edib ki, bu hadisə ABŞ tarixində çox nadir hallarda baş verib: “Əslində Con Adamsdan sonra Corc Vaşinqtonla bu həyata keçiriləndə söylənirdi ki, bu, çox tarixi bir hadisədir. Amma üzərindən 230 ildən artıq vaxt keçir. Belə olan şəraitdə ABŞ siyasi institutları ciddi qarşıdurma vəziyyətindədir. Partiyalar sistemi özünün əvvəlki orbitindən çıxıb. İş o nöqtəyə gəlib çatıb ki, iri media nəhəngləri prezidentə qarşı senzura tətbiq edib. Belə olan halda Co Bayden ötəngünkü nitqində Amerika xalqına, dünya və beynəlxalq məkanda gücünün sarsıldığını düşünənlərə dəqiq mesajlar ünvanladı. O söylədi ki, bu nəticələr Amerika xalqının iradəsini əks etdirir. Məsələ ətrafında olanlar isə hər kəs bəllidir. Tarmp son günə qədər, hətta vida nitqində “bilirsən ki, mən qalib gəlmişəm” tezislərini vurğulamaqda idi. Bu, sonrakı dövr tətbiq edilmiş impiçmentə baxmayaraq, mübarizənin müxtəlif müstəvilərdə davam etdiriləcəyinə işarədir.
Digər yandan ağların ekstremizmi kimi ifadə edilən, hətta son anda “bəli, sizin üsyan hüququnuz var, lakin bu qanunvericilik çərçivəsində baş verməlidir” kimi yanaşmalar vardı. Co Bayden Amerikada demokratiyanın qalib gəldiyini bəyan edib ətraltı olaraq ona qarşı təhlükələr olduğu bildirdi. Bütün bunlara rəğmən onu aradan qaldırdıqlarını söylədi. Amerika xalqını birləşdirmək, ekstremizm, irqi ayrı-seçkilikdən tutmuş, demokratiyanın tapdalanmasının qarşısını almağa qədər bütün bunların hamısında xalqı onun kursuna dəstək verməyə səslədi. Digər yandan haqlı olaraq vurğulandı ki, koronavirus təhlükəsi ABŞ üçün çox böyük təhlükə oldu. Həqiqətən də belə idi. Çünki əvvəlki dövrdə iqnor edilən bir siyasət sonrakı dövr Amerikanı bu sahədə birinciliyə çıxardı. Nəticədə çox sayda ölənlər var. Amerikanın yeni prezidenti o ailələrin dərdinə şərik olmaq hümanizm dalğasının gücləndirmək üçün mövqelərini dilə gətirib”.
STM sədri Co Baydenin çıxışında Ağ Evin qülləsi tikiləndən onun kölgəsi altında müxtəlif vətəndaş müharibələri, toqquşmalar, Cənub-Şimal savaşlarına da geniş yer verildiyini söyləyib: “Ancaq onlar deyir ki, biz bu sınaqlardan çıxa bilmişik. Amerikanı güclü edən həmin o böhrandan adlamaq, birləşmək bacarığıdır. Hər bir halda Bayden bəyan etdi ki, yalan idarəçiliyin fundamentini təşkil etməyəcək. Amerika qurucularının müəyyən qisminin adı çəkilərək vurğulandı ki, bütün fikir ayrılıqlarını, toqquşmaları, dayandırmaq üçün həmin tarixi simaların xəttinə qayıdacaq. Hər halda düşmənçiliyə, nifrətə deyil, inama, barışa yönələn xətti həyata keçirəcəyini vurğuladı”.
Zahid Oruc Tramp dövründə baş verən siyasi yanaşmalara da münasibət bildirib: “Önəmli fakt odur ki, Çİn, Rusiya, Avropa Birliyinə daxil olan ölkələr Tarmp dövründə rəsmi Vaşinqtonun siyasətindən kənar düşüb, qopublar. Donald Tramp göstərməyə çalışdı ki, o, Əfqanıstandakı qüvvələri minumuma endirib. Dünyada müxtəlif güc mərkəzlərinin əli ilə aparılan üçüncü, dördüncü xarakterli hakimiyyət dəyişiklikləri, inqilablar reallaşmadı. Həqiqətən də narıncı inqilablar dalğası məhz Tramp dövründə dayanıb. Belə olan təqdirdə Bayden çox unikal bir komanda toplayıb. Onlardan bir qismi keçmişdə qlobal güc yaratma müstəvisində mövqe göstəriblər. Konqresdə yəqin ki, bu xətti gücləndirəcək. Belə olan halda mümkündür ki, Respublikaçıların mövqeyi daxildən zəifləsin. Parçalanmalar ayrı-ayrı aralıq şeçkilərdə də öz mövqelərini itirməklə nəticələnəcək”.
Millət vəkili Amerikanın bundan sonrakı siyasi xəttində Yaxın Şərqdə, İranla münasibətlərdə, Rusiya ilə ənənəvi sanksiyalar xəttinin dəyişməsinə də diqqəti çəkib: “Doğrudur rəsmi Tehranın baxışları Trampla məlum məsələlər fonunda daha sərt idi. Onların gözləntiləri xeyli başqadır. İlk növbədə C.Bayden çalışacaq ki, bütün qütblər arasında bir konsensus tapsın. Çünki o da vaxtının böyük bir hissəsini oval kabineti mühasirədə yaşayacaqsa, bu halda beynəlxalq mənafelər uğrunda mübarizənin effektivliyi aşağı düşəcək. Amerika gerçəkdən də indiki vəziyyətində belə qlobal bir gücdür”.
Deputat Ermənistan daxilində də Amerikaya baxışların, istəklərin olduğunu bildirib: “Bu nə dərəcədə həyata keçirilə bilər. Azərbaycanla 44 günlük müharibədə Ermənistan öz müstəqilliyini demək olar ki, itirib. Onun bütün sərhədlərini Rusiyanın hərbi qüvvələri qoruyur. Hətta İranla olan dəhlizlərə, Mehridən Naxçıvana gedəcək dəhlizə Rusiyanım sülhməramlıları nəzarət edəcək. Belə olan halda Paşinyan hakimiyyəti o iqtidarda deyil ki, geopolitik inqilabın 2018-ci ildəki eyforiyasını dövlət xəttinə daşıya bilsin. Təkrar Vaşinqtonla mühüm münasibətlər qursun. Zamanında Mixail Saakaşvilinin Gürcüstanda göstərdiyi performansı reallaşdıra bilsin. Bu o qədərdə real görünmür. Əksinə hazırkı dövrdə bu cəhd müharibənin məğlubiyyəti fonunda erməni cəmiyyətinin qarşıdurma və toqquşmalar fonunda iqtidarın itəcəyinə səbəb ola bilər. O üzdən Moskvada müttəfiq bəyanatlarını səsləndirib, digər tərəfdən gedib Ağ Evdən xüsusi bir vizavilər, üstün previlegiyalar gözləmək yersiz görünür. Bu Moskva tərəfindən də iki ilyarımlıq Paşinyan iqtidarına son qoya bilər. Fransada bu vasitəçilik şəraitində o qədər aktiv görünmür. Rəsmi Parisin öz olanları var”.
STM sədrinin fikrincə, Cənubi Qafqazda geopolitik düzən Baydenin dövründə müəyyən qədər dəyişə bilər: “Amma bu da Türkiyənin hökmran mövqeyinin Vaşinton tərəfindən tanınması, əvvəl mövcud olan problemlərin aradan qaldırılmasından asılı olacaq. Arzulanan odur ki, həqiqətən də bu, belə olsun. 2016-ci ildə məlum çevriliş cəhdlərinə münasibətlərdə, o cümlədən cənab Rəcəb Tayyib Ərdoğanla davranışlarda müəyyən yanlışlıqlara yol verilib. Amma Ağ Ev hər zaman Türkiyə ilə hesablaşıb. Suriya, Afrika məsələsində ABŞ Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. Ermənistanın xarici güc faktoru kimi regionda təsiri isə sıfıra bərabərdir. Bunu özləri də görür. Çünki bu imkanlar regionda bir kart kimi qalmayıb. Biz özümüzü daha çox o tərəfə yönəltməliyik ki, Azərbaycan xarici siyasət strategiyasına çatsın və burada uğurlu nəticələr qazanılsın”.