21 Yanvar 2021 19:00
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm hadisədir. Bu, istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, memorandumun imzalanması əslində həm də bütövlükdə Xəzər akvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması ilə əlamətdardır:

“Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən bu mühüm karbohidrogen ehtiyatları yatağının çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilməsinə cəhdlər edilirdi. Ancaq bu gün “Dostluq” yatağı iki ölkə arasında elə dostluq və qardaşlığın rəmzinə çevrilir”.

Hikmət Babaoğlu qeyd edib ki, əslində Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevrilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft strategiyası ilə bağlıdır:

“Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun militarizə edilməsinin qarşısını aldı. “Əsrin müqaviləsi”nin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Xəzər hövzəsinə külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi. Azərbaycan əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə razılaşma əldə edə bildi. Bundan sonra nəhayət, 2018-ci ildə Xəzərin hüquqi statusu müəyyən edildi. Beləliklə Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq perspektivləri yarandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 və 2018-ci illərdə Türkmənistana səfər etməsi, eyni zamanda Türkmənistan prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı. Yəni, Azərbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevrilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görür. Nəticələr isə butün Xəzəryanı xalqların rfahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də “Dostluq” karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər