25 Yanvar 2021 10:30
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ilə yaxın Ermənistanın nəzarətindəki ərazilərdə dağıntılarla bağlı əsaslı sübut və dəlilləri toplamaq mümkün deyildi. Bu gün yeni reallıq formalaşıb. Torpaqlarımız azad edilib. Prezident İlham Əliyev Ermənistanın törətdiyi dağıntılara görə beynəlxaq məhkəmələrdə cavab verəcəyini vurğulayıb. Ermənistan Azərbaycanın 20%-ə yaxın ərazilərini işğalda saxlayıb. Artıq Ermənistanın vurduğu maddi və mənəvi ziyanla bağlı Avropa Məhkəməsinə müraciət edilib.

Bunu Teleqraf.com-a siyasi şərhçi Xəyal Bəşirov deyib.

O bildirib ki, müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və 7 ətraf rayona Ermənistan tərəfindən vurulmuş ziyan təsbit edilib:

“Həmçinin Azərbaycan vətəndaşlarının öz torpaqlarında yaşamaq, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqları yer alıb. İşgəncə, pis rəftar, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri əksini tapıb. I Qarababağ müharibəsində və münaqişə dövründə 3890 vətəndaşımızın itkin düşməsi, bu şəxslərin aqibətinin araşdırılması barədə mötəbər dəlillər təqdim olunub. Məhkəməyə təqdim olunan dövlətlərarası ərizədə 44 günlük müharibədə Ermənistanın dinc sakinlərə qarşı terror addımları da öz əksini tapıb. Dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və onun protokollarına zidd olan əməlləri tövsib edilib. Hərbi əməliyyatlar zonasından uzaqda yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli, fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlərlə vurulması qeyd olunub. Bunun nəticəsində 93 şəxsin həlak olması, 423 şəxsin yaralanması fakltları da əlavə edilib. Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 ev tamamilə dağıdılıb. 9 mindən artıq fərdi evə və digər əmlaklara ziyan vurulub. Bütün sübutlar İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulduğunu təsdiq edir”.

Xəyal Bəşirov qeyd edib ki, Ermənistanın vurduğu zərərin qiymətləndirilməsi üçün yerli, xarici ekspertlər, qiymətləndircilərlə proses davam edir:

“Ermənistan Azərbaycana təkcə ərazilərini işğal etməklə zərər vurmayıb. Ərazilərimiz otuz ilə yaxın talanmaqla, dağıntılar törətməklə yaşayış məskənləri xarabalığa çevrilib. Ölkəmizin 1/5 hissəsindəki dini, mədəni və tarixi abidələri, milli-mədəni irsi, yeraltı və yerüstü təbii sərvərtlərimiz talan olunub. Ekoloji mühit və bütün infrastruktur dağıdılıb”.

Şərhçiyə görə, təzminatla bağlı hal dünya tarixində ilk deyil:

“Tarixən böyük və kiçik müharibələr edən dövlətlər bu təcrübəni yaşayıb. Fransa Almaniyaya XIX əsrin ikinci yarısındakı müharibədən sonra təzminat ödəyib. Məğlub Fransa, vurduğu zərər qismində 5 milyard frank təzminat ödəməli olub. Paralel olaraq Elzas və Lotarengiya vilayətlərini Almaniyaya güzəştə gedib. I Dünya müharibəsində Fransa məğlub Almaniyadan o qədər böyük məbləğdə təzminat tələb edib ki, rəqəm sülh sazişində qeyd edilməyib. II Dünya müharibəsində milyonlarla yəhudinin ölümünə görə Almaniyanın İsrailə ağılagəlməz məbləğdə kompensasiya ödəyib. İraq Küveytə təcavüzə görə, əlli milyard dollar məbləğində təzminat ödəməsi müəyyən edilib. Azərbaycana təcavüz, vətəndaşlara soyqırımı və vəhşi cinayətləri törədənlərə qarşı hərbi tribunal fəaliyyətə başlamalıdır. Xocalı, Qaradağlı, Ağdaban, Ballıqaya, Başlıbel və digər dəhşət saçan soyqırımı cinayətlərinə görə təqsiri olan şəxslər mütləq məsuliyyətə cəlb olunmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər