Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd müəllim, Rusiyadakı etiraz aksiyaları dünyada ciddi müzakirə mövzusuna çevrilib. Sizcə bu aksiyaların səbəbi nədir və hansı nəticələr yarada bilər?
- Əslində bu proses müəyyən vaxt idi ki, xaricdə hazırlanırdı. ABŞ çalışdı, lakin Rusiya kəşfiyyatı bu ölkədə yaxşı işləyir deyə onlar bunu həyata keçirə bilmədilər. Amma Almaniya dünya siyasətinin vacib oyunçusu olaraq bu prosesi hazırladı. Əsas məqsəd Rusiyanı daxildən çalxalamaq, zəiflətmək və gərginlik yaratmaqdan ibarətdir. Əlbəttə, bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq Rusiya beynəlxalq siyasətdə radikallaşıb. Rusiya düşünür ki, böyük imperiyadır və nə istəyirsə onu edə bilər. Krımı ilhaq edib, Donbasda proses aparır. Belarusu qanadı altına çəkib, Moldovada problem yaradıb, Gürcüstan ərazilərini işğal edib. Qafqazda və Tacikistanda sülhməramlıları var.
Təəssüflər olsun ki, bu məsələlərdə Rusiya özünə haqq qazandıra bilib. Qərb arzu etməz ki, Rusiya yenidən işğalçılıq siyasətini həyata keçirsin. Bu hadisələr göstərdi ki, Rusiya daxilən sabit deyil. Əlbəttə, bu aksiyalar ilə Rusiyada hakimiyyət dəyişikliyi gözlənilmir. Vladimir Putinin çox güclü təhlükəsizlik sistemi var. Yəqin ki, son mitinqlər analiz ediləcək, ora çıxan əsas şəxsləri ələ keçirməyə çalışacaqlar. Nə vaxta qədər belə gedəcəyini deyə bilmərəm, amma bu çox çəkməyəcək. Zənnimcə, Rusiyada ən gərgin dövr apel-may aylarında olacaq. Əgər Navalnı tərəfdarları mənfi 50 dərəcədə küçələrə çıxırlarsa, deməli, Rusiyada inqilab yetişib. Bunun başqa izahını tapmaqda çətinlik çəkirəm.
- Aleksey Navalnının taleyi necə olacaq?
- Navalnı həbsxanada ölə bilər. Amma inanmıram ki, buna gedə bilərlər. Putin ağıllı siyasətçidir. Digər tərəfdən, Navalnı Rusiyada hakimiyyətə gəlsə, Ukraynanın taleyi həll olunacaq. Rusiya da ölkə kimi dağılacaq. Navalnı Rusiyanın növbəti Boris Yeltsini olacaq. Çünki adam populistdir, heç vaxt idarəçilikdə olmayıb. Yox, əgər kimsə peşəkar gələrsə bu zaman nəsə etmək olar. Bu saat əsas məqsəd odur ki, Navalnını hakimiyyətə gətirib Rusiyanı bir dövlət kimi çökdürsünlər. Bundan o tərəfini görmürəm.
- Son aksiyaları Kreml üçün ciddi siqnal saymaq olarmı?
- Bu, artıq siqnaldır. Ya Rusiya ölçülü-biçili hərəkət etməli, ilk növbədə öz qonşuları ilə davranışına diqqət etməlidir. O cümlədən bir Ermənistana görə bütövlükdə Qafqazı itirə bilər.
- Rusiyada siyasi təlatümlər gözləniləndir?
- Təbii ki, gözləniləndir. Hələ Lenin Rusiya haqqında 1919-cu ildə yazırdı ki, ölkədə şovinizm baş qaldıranda daxildən təhlükəli olur. 100 ildən sonra yenidən həmin nöqtəyə gəlib çıxıblarsa, bu orada yaşayan miqrantlara pis olacaq, amma inanmıram ki, Rusiya bu məsələdə geri çəkiləcək.
- Qəribə haldır. Aleksey Navalnın siyasi partiyası, peşəkar komandası yoxdur. Hakimiyyət uğrunda da siyasi mübarizə aparan şəxs kimi görünmür. Belə bir adam nədən təhlükəli olsun?
- Burada incə məqam var. İndiyə qədər siyasi partiyaları sınaqdan keçiriblər. Qərb adətən hər şeyi sınaqdan keçirir və ən uğurlusuna “stavka” edir. Bəli, siyasi partiyalar Rusiyada uğurlu olmadı. Çünki partiyada təmsil olunan nüfuzlu şəxslər sabah çıxıb istefa verir və beləcə partiya sədrini çətin vəziyyətdə qoyurlar. Amma Navalnı qeydə alınmasa da, anti-korrupsiya fonduna rəhbərlik edir. Korrupsiyada dünyanın hər yerində ən dəbdə olan məsələdir. Ona görə də ABŞ Avropa ilə birlikdə yeni layihəni həyata keçirir. Daha doğrusu partiya sədri olmayan şəxsi necə hakimiyyətə gətirə biləcəyinin üzərində işləyir. Navalnı ilə bunu sınaqdan keçirirlər. Bunun uğurlu və ya uğursuz olduğunu yoxlayacaqlar.
- Bütün bu hadisələr Vladimir Putinin 2024-cü ildə hakimiyyətdə qalmaq və ya getmək düşüncələrinə təsir göstərə bilərmi?
- Ehtimalıma görə, Qərb 2024-cü ilə qədər Rusiyada hakimiyyətin dəyişməsinə çalışır. Çünki Putin 2023-cü ildə SSRİ-ni bərpa etmək istəyir. Burada da əsas oyunçu Mərkəzi Asiya ilə Qafqaz regionudur.
Digər tərəfdən, artıq NATO Ukrayna və Gürcüstanı üzvlüyünə qəbul etmək üçün qərar verməyə hazırlaşır. Bunu öz nizamnaməsini pozmaqla həyata keçiir. Bu ölkələr NATO-ya qəbul edilən kimi onun ərazisində hərbi ittifaqın qüvvələri yerləşdiriləcək. Bax, bu Rusiyanın sonu olacaq. Bayden çalışacaq ki, bunu həyata keçirsin. ABŞ-da hakimiyyətə gətirilənlərin hamısı Rusiyaya düşmən kimi baxan fiqurlardır. Dövlət katibi daxil, digər aşağı vəzifəli şəxslər. Onlar Rusiyanın siyasətini qəbul etmirlər.
- Yaxın dövr üçün Rusiyada hansı ssenarilər müşahidə oluna bilər?
- Rusiyanın daxilində belə güclərin olmasına inanmıram. Bu prosesə Xadarkovski qoşula, dəstək verə bilər. Eyni zamanda İngiltərə bu siyasətə qoşulacaq, Almaniya prosesin içindədir. Polşa, Yaponiya da müəyyən mənada maraqlıdır ki, bu baş versin. Hazırda Çinlə Hindistan arasında gərginlik var. Hindistanla Çinin başını qatsalar belə, Çin üzdə göstərməsə də, arxada Rusiyanın parçalanmasında, zəifləməsində maraqlıdır. Odur ki, ilin sonuna qədər Rusiyada gərginlik pik həddə çata bilər. Yaxın iki-üç ayda olmasa da, altı-yeddi aydan sonra bir şeylər ola bilər. Hakimiyyətin dəyişməsi şansı hazırda yoxdur, ancaq altı aydan sonra belə bir şansın olub-olmayacağını da birmənalı demək çətindir. Rusiya ağır bir mərhələyə daxil olub.