26 Yanvar 2021 18:40
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslahatlar yeni dövrün tələbindən irəli gəlir. Azərbaycan dövlətçiliyi daha da möhkəmlənir, iqtisadiyyat şaxələnir. Eyni zamanda cəmiyyət qarşısında duran məsələlər həll edilir. İnkişafın hər dəfə yeni bir mərhələsinə keçilir. Ona görə də yeniliklərə, islahatların keçirilməsinə böyük bir ehtiyac var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, vaxtında hazırlanan və düşünülmüş plan olanda islahatlar müsbət nəticə verir:

“Azərbaycan bunu islahat etmək naminə aparmır. İlk növbədə bu islahatlar məsələlərin həllini, inkişafın yeni mərhələsinin tələblərinə cavab vermək üçün edilir. İdarəetmə, iqtisadiyyat, sosial məsələlərin həlli prioritet təşkil edir”.

Millət vəkilinə görə, Muşahidə Şurasının yaradılması Dövlət Neft Şirkətinin optimal idarə edilməsi ilə bağlıdır:

“Neft Şirkəti 30 ilə yaxındır ki, köhnə idarəetmə metodu ilə idarə olunur. Bu, zamanında öz müsbət nəticəsini verib. Amma bu gün artıq tələblər başqadır. Dünyaya inteqrasiya, əmək və kapital bölgüsündə iştirak etmək isətəyiriksə, yeni qaydalarla bu sistemə daxil olmağı bacarmalıyıq. Neft Şirkətinin idarə olunması ilə bağlı Muşahidə Şurasının yaradılması yeni bir idarəetmə modelidir. Bundan sonra strateji planları, maliyyə məsələlərinin həllini birbaşa şirkət administratoru deyil, Muşahidə Şurası həyata keçirəcək. Bu, prinsip etibarı ilə öz müsbət nəticələrini verəcək”.

Aydın Mirəzəzadə qeyd edib ki, dövlətin, xarici şirkətlərin resurslarından yeni idarəetmənin sınaqdan keçirilməsi Neft Şirkətinin qarşına daha böyük və yeni məsələlərin həllini qoyacaq:

“Bu məsələlər düşünülmüş şəkildə uzunmüddətli hazırlıqlar şəklində mümkün olub. İqtisadiyyat nazirinin birbaşa Neft Şirkətinin məsələlərinin həllini öz üzərinə götürməsi şirkətin daha böyük gəlirlə işləməsinə, büdcə daxilolmalarının həcminin artmasına gətirib çıxaracaq”.


Müəllif: Tapdıq Qurbanlı