27 Yanvar 2021 09:14
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ prosesində 2+2 formatı Azərbaycanın əlini daha güclü edərdi. Mən Azərbaycan-Türkiyə və Ermənistan-Rusiya formatını nəzərdə tuturam. Ancaq nəzərə almaq lazımdır ki, hakimiyyətin əlində olan məlumat bizdəki məlumatdan qat-qat çoxdur. Biz mütəxəssis kimi fikrimizi deyə bilərik. Amma bəlkə şərait, bəlkə də hadisələr elə gətirdi ki, bu proses üçtərəfli oldu. Bu səbəbdən bəlkə də Türkiyənin aktivliyi görünməyən kimi ola bilər. Amma xatırladım ki, Türkiyə monitorinq mərkəzində təmsil olunur. Azərbaycan prezidenti bunun olacağını bəyan etdi və Rusiya da bunu qəbul etdi. Bu, çox önəmli məsələdir.

Bu sözləri Teleqraf.com-a Ankarada yaşayan professor Toğrul İsmayıl Türkiyənin Qarabağ prosesində iştirakı haqqında danışarkən deyib.

Onun fikrincə, Türkiyə bu prosesdə var və Azərbaycanın yanındadır:

“Diqqət edin, Moskvada yanvarın 11-də üçtərəfli görüş keçirildi. Bundan sonra Rusiya Prezidenti Putin Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edərək görüş haqqında məlumat verdi. Bu da Türkiyənin proseslərin içində olduğunun göstəricisidir.

Müharibə bitib, artıq ən vacibi sülh təminatıdır. Türkiyə onsuz da sülhün təminatıdır. Azərbaycanla da razılaşması var. Başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünün təminatıdır. Türkiyə həmçinin bölgələrin minalardan və partlayıcı maddələrdən təmizlənməsi, yolların çəkilişi, infrastrukturun yenidən qurulması prosesində də fəal iştirak edəcək. Bunlar göz önündədir. Odur ki, mən qeyri-adi heç nə görmürəm”.

Toğrul İsmayıl insanların istək, arzularının normal olduğunu və həm də bunun real vəziyyətdən fərqlənə biləcəyi düşüncəsindədir:

“Ola bilsin ki, Azərbaycanda insanlar həyəcanla Türkiyənin prosesdə daha fəal olmasını istəyir. Məncə, Azərbaycan və Türkiyə strateji əməkdaşlığı prosesi daha bir ali səviyyəyə keçirə bilər. Bu da ittifaq dövləti layihəsi ola bilər. Yəni iki dövlət öz arasında ittifaq dövləti razılaşması əldə edə bilər. Qarabağ müharibəsi zamanı hadisələr də göstərdi ki, iki qardaş ölkə arasındakı münasibətlər daha üst səviyyəyə keçib. Əlbəttə, bu sevindirici haldır”.


Müəllif: Nemət

Oxşar xəbərlər