27 Yanvar 2021 21:09
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sessiya çərçivəsində Ermənistandan olan həmkarlarımızın siyasi qruplarda və ya komitələrdəki həqiqəti təhrif edən, saxta məlumatlar üzərində qurulan çıxışlarına reaksiyaya verməməyə, gərginliyi artırmamaq üçün belə çıxışları sərt cavablandırmamağa çalışıram. Azərbaycan əsas məsələni döyüş meydanında həll edib. Azərbaycan 44 gün davam edən müharibədə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərini azad edib. Qələbəmizə kənar kömək olmadan, ildən-ilə güclənən müzəffər Ordumuzun sayəsində nail olduq. Bu gedişatda ölkəmizə guya kənardan dəstək göstərilməsi kimi Ermənistanın iddiaları yalnız cəfəngiyat, əsası olmayan müddəalardır. Ermənistan artıq özünü Azərbaycanla müqayisə etməməlidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri AŞPA qış sessiyası çərçivəsində Avropa naminə Liberal Demokratlar Alyansı siyasi qrupunun iclasında qrupun azərbaycanlı üzvü Rafael Hüseynov deyib.
Deputat bildirib ki, dövlət büdcəsində Azərbaycanda müdafiə xərclərinə ayrılan maliyyə vəsaiti Ermənistanın bütöv illik büdcəsinə bərabərdir. Azərbaycan iqtisadi cəhətdən güclü, inkişaf edən ölkədir. Amma bunu Ermənistan haqda demək olmaz.

“Azərbaycan yeni tarixi şərait və mərhələdə Ermənistanla əməkdaşlıq, konstruktiv dialoq tərəfdarı olduğunu bəyan edir. Bu gün Ermənistanın buna daha çox ehtiyacı var. Azərbaycanın məqsədi Cənubi Qafqazda harmoniyaya, ümimi inkişafa nail olmaqdır. Çünki belə bir inkişaf üçün Azərbaycan regionda açar dövlətdir. Azərbaycanın bütün regional və beynəlxalq iqtisadi layihələrdə həlledici mövqe tutması bunun bariz nümunəsidir. Ermənistan öz gələcəyini düşünürsə, qarşıdurma, konfrantasiya cəhdlərindən əl çəkməlidir. Belə addımlar onu daha çətin və ağır vəziyyətə sürükləyəcək.

Regional vəziyyətlə bağlı kifayət qədər məlumatı olmayanları Ermənistanın yalan iddiaları ilə aldatması qəbuledilməzdir. Son müharibə noyabrın 10-da bağlanan üçtərəfli bəyanat ilə tamamlanıb. Həmin müddətdə hər iki tərəfdən əsir və girov götürülənlərin hamısı tam tərkibdə mübadilə edilib.
Bundan sonra hərbi əməliyyatları davam etdirənlər artıq terrorçulardır və onlar Azərbaycan qanunları və beynəlxalq hüququn norma və prinsibləri əsasında cinayətkarlar kimi mühakimə ediləcəklər”,- deyə R.Hüseynov diqqətə çatdırıb.

Vurğulayıb ki, Ermənistan təmsilçiləri və onların havadarları məntiqdən, reallıqdan uzaq və qarşılıqlı qəbul edilmiş prinsiplərə zidd olan fitnəkar, saxta düşüncələrdən əl çəkməlidir. Ermənistan xalqının gələcəyindən həqiqətən də, narahat olanlar bilməlidirlər ki, o, xalqın gələcəyi üçün bu gün yalnız bir yol var. O da əməkdaşlıqdır. İki dövlət arasında da bu istiqamətdə artıq müəyyən vacib addımlar atılıb. Buradakı Ermənistan deputatlarının öz dövlətlərinin mövqeyi ilə uyğun gəlməyən davranışları nəyi ehtiva etməsi və haradan qaynaqlanması qaranlıq və anlaşılmazdır. Yəqin özləri bunun səbəbini daha yaxşı bilirlər. Ancaq erməni deputatları xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər.

Rafael Hüseynov parlamentarilərə üz tutaraq bildirib ki, Ermənistanın, eləcə də Cənubi Qafqazın xoşbəxt gələcəyinin yeganə düzgün düsturu konstruktiv əməkdaşlıqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər