28 Yanvar 2021 16:34
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Rusiya Dövlət Dumasının üzvü V. Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə əlaqədar “Vahid Rusiya” (Единая Россия) Partiyasına etiraz məktubu ünvanlamışdır.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir: “Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgiləmişdir.

Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi dövründə də V.Milonovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilmişdir.

Görünən odur ki, V.Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir.”

YAP-ın “Vahid Rusiya” Partiyasına etiraz məktubunda daha sonra bildirilir: “Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü V.Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır.

Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə bir araya sığmır.

Ümid edirik ki, “Vahid Rusiya” Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycan Respublikasına qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir.”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər