30 Yanvar 2021 10:14
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz regional və beynəlxalq layihələrin əsas tərəfdaşı, təşəbbüskarıdır. Bölgədə yeni reallıqlar yaranıb. Azərbaycan bu prosesdə mühüm rol oynayır. Enerji, neft-qaz, irimiqyaslı layihələr ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan öz xalqı, qonşu ölkələr, bütövlükdə dünya üçün önəmli layihələr icra edir. Ölkəmiz Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri qeyd edib ki, pandemiya ilə mübarizə və Vətən müharibəsi, torpaqlarımızın erməni işğalından azad edilməsi fonunda dövlətimiz diplomatiya, iqtisadi, nəqliyyat-kommunikasiya əməkdaşlıq zolağı yaradır:

“Cənubi Qafqazda yeni regional əməkdaşlıq və inteqrasiya üçün əlverişli imkanlar yaranıb. Yanvarın 13-də Pakistan, Türkiyə, Azərbaycan arasında İslamabad Bəyannaməsi qəbul olunub. Yanvarın 16-da Azərbaycan, Əfqanıstan, Türkmənistanla əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb. Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə istimsmarına dair Anlaşma Memorandumu olduqca böyük əhəmiyyət kəsb edir. Əldə olunan bu nailiyyətlərin əsası Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü ildə bağlanılmış “Əsrin müqaviləsi” yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıqların yaranmasına etibarlı zəmin yaradıb. Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü üzrə sahilyanı ölkələr arasında müxtəlif sənədlərin imzalanmasına səbəb oldu. 29 noyabr 2001-ci ildə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş imzalanıb. 23 sentyabr 2002-ci ildə isə Azərbaycanla Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında razılıq əldə olunub. Həmçinin 14 may 2003-cü ildə Azərbaycan, Qazaxıstan, Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında tarixi sənədlər imzalanıb”.

Hicran Hüseynova Xəzəryanı dövlətlər arasında 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanmasından bəhs edib:

“Aparılan məqsədyönlü strategiyanın nəticəsi olaraq Azərbaycanla Türkmənistan arasında tarixi memorandumun imzalanmasına şərait yaranıb. Transxəzər boru kəməri layihəsi üçün son maneə də aradan qaldırılıb. Bu memorandum istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə imkan yaradacaq. Bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından da əhəmiyyətlidir. Azərbaycan Cənub Qaz Dəhlizini (SGC) təşkil edən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir. Yaxın gələcəkdə Azərbaycanın Avropaya daha çox təbii qaz ötürməsi üçün “Dostluq” yatağı daha böyük perspektivlər vəd edir. Xalqların gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır. Bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq”.

Professor qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində də çox mühüm məsələlərin öz həllini tapdığına diqqət çəkib:

“Həm Azərbaycan, həm də Türkmənistan investisiyalar üçün açıqdır. Xarici şirkətlər hər iki ölkəyə inamla böyük vəsait yatırırlar. Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu uğurlu əməkdaşlığa zəmin yaradan digər mühüm amillərdən biri də humanitar faktordur. Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı çoxdur. Ortaq köklərimiz, dilimiz, dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlər səmərəli əməkdaşlığın əsas səbəblərindəndir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər