Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Qabil müəllim, yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Bu mərkəzin fəaliyyətindən gözləntiniz nədən ibarətdir?
– Bu mərkəzin açılması ilə Azərbaycan xalqının uzun müddətdir həyəcanla gözlədiyi hadisə baş verdi. Hamı sual edirdi ki, Türk ordusu nə zaman gələcək, Türk ordusu nə zaman sülhməramlı proseslərə öz töhfəsini verəcək və sair. Türk ordusu artıq Qarabağdadır. Düzdür, sayca o qədər də çox deyillər. Monitorinq mərkəzində təxminən 60 hərbi qulluqçu xidmət göstərəcək. Mərkəzin Türkiyədən olan şəxsi heyətinə general-mayor Abdullah Katırcı rəhbərlik edir. Amma gələcəkdə onların sayı artırıla bilər. Monitorinq mərkəzinin sərəncamında müxtəlif hərbi-texniki avadanlıqlar var. Bunların içərisində türk pilotsuz uçuş aparatları (PUA) xüsusi yer tutur. Həmin PUA-ların uçuş məsafəsi və havada qalma müddəti kifayət qədər böyükdür. Yəni onlar Laçın dəhlizinin sonunadək gedib geri qayıtmaqla ərazini bir neçə dəfə inspeksiya etmək, müşahidə aparmaq və məlumat toplamaq imkanlarına malik müasir uçuş aparatlarıdır. Monitorinq mərkəzində olan türklər ruslarla bir yerdə işləyəcəklər. Amma bu, mərkəzdə işləyən türklərin müstəqilliyinə xələl gətirməyən birgə əməkdaşlıqdır. Sadəcə olaraq tərəflər bir-biri ilə şübhəli bildikləri, yaxud problemli hesab etdikləri məsələlər barədə məsləhətləşəcəklər.
Ən diqqətçəkən məqam ondan ibarətdir ki, Qarabağın ermənilər yaşayan hissəsində nəzarət xeyli gücləndiriləcək. Artıq Türkiyənin iştirakıyla Rusiya ilə danışıqlar aparılır ki, erməni ordusunun tör-töküntüsünün son əsgərinin də Qarabağ ərazisindən çıxarılması üçün vaxt müəyyənləşdirilsin, bu vaxt bitdikdən sonra onların qalması müşahidə olunacaqsa, onlara qarşı lokal xarakterli anti-terror əməliyyatı həyata keçirilsin. Üstəlik, artıq Qarabağ bölgəsinə Laçın ərazisindən gediş-gəlişə son qoyulması istiqamətində də danışıqlar gedir. Yəni Qarabağa gəlmək istəyən şəxslər – istər oranın sakinləri olan mülki əhali, istərsə də digər şəxslər artıq Ermənistandan birbaşa Laçına gəlməyəcəklər. Böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarəti altında olan Gorus-Zəngilan yolu ilə gəlməklə o ərazidə yoxlanışdan keçdikdən sonra Dağlıq Qarabağ ərazisinə daxil ola biləcəklər. Bu prosesə nəzarəti Türkiyə ilə Azərbaycan birlikdə həyata keçirəcək. Daha Ermənistanın hansısa nazirinin, Rusiyanın hansısa deputatının Xankəndiyə gəlməsi Azərbaycanın siyasi iradəsi daxilində həll ediləcək və yoluna qoyulacaq. Bir sözlə azad olunmuş bölgələrdə, Qarabağın bütün ərazilərində, o cümlədən ermənilər yaşayan ərazilərdə də həyat normallaşır. Azərbaycanın suvereniteti bu ərazinin bütün nöqtələrində bərpa olunur və Azərbaycan bu bölgədə ciddi quruculuq işləri aparmaqla və iqtisadi dirçəlişə nail olmaqla ciddi cazibə mərkəzinə çevrilir.
– Türkiyə Silahlı Qüvvələrinin məhdud sayda da olsa, kontingentinin Qarabağda yerləşməsini mühüm tarixi hadisə hesab edə bilərikmi?
– Bəli, bu, mühüm tarixi hadisədir. Mən bunu Türk ordusunun böyük bir hissəsinin bölgəyə yerləşməsi kimi qəbul edirəm. Bu gün artıq cəsarətlə demək olar ki, Türk ordusu gəlib. Xəyalən belə hesab edirəm ki, Türk ordusu Azərbaycanın hər yerində var. Naxçıvanda da, Bakıda da, Gəncədə də yerləşib və hissə-hissə Qarabağda da yerləşməkdədir. Bu, həm də o deməkdir ki, Türkiyənin Cənubi Qafqazda strateji varlığı reallığa çevrilir. Hətta dünyanın bir çox aparıcı analitik mərkəzləri belə hesab edirlər ki, Türkiyə Cənubi Qafqazda yerləşib. Gürcüstanla normal münasibətlər qurub. Azərbaycanla münasibətləri daha da möhkəmləndirib. Həmin ərazilərdə hərbi-siyasi təsiri xeyli güclənib və nəticə etibarilə bölgənin geosiyasi gələcəyinin müəyyənləşdirilməsində digər NATO ölkələrindən daha önəmli rol oynamağa başlayıb.
– Türk hərbçilərinin Qarabağda mövcudluğu gələcək proseslərdə Azərbaycanın mövqelərinə necə təsir edəcək?
– Bu mövcudluq Azərbaycanın mövqeyinin ölçüyəgəlməz dərəcədə möhkəmlənməsi deməkdir. Bir tərəfdən Azərbaycana möhkəm arxa-dayaq lazım idi ki, Bakı bunu artıq xeyli vaxtdır əldə edib. Digər tərəfdən Azərbaycan artıq xeyli vaxtdır işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinə start verib. Bunun üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Artıq bölgənin kommunikasiya vasitələrindən ən böyük layihə olan Füzuli-Şuşa yolunun çəkilişi tam sürətlə aparılır. Füzulidə beynəlxalq hava limanının təməli qoyulub. Dövlət başçımız İlham Əliyev yanvarın 14-də Füzuli rayonunda hava limanının təməlini qoyarkən bildirdi ki, Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək...
Artıq bu bölgələrin elektrik enerjisi ilə təchizatı demək olar ki, başa çatmaq üzrədir. Ən azı Şuşa, Ağdam və Füzulidə xeyli vaxtdır ki, elektrik enerjisi var. Bu bölgələrin qazlaşdırılması prosesi də gündəmin aktual məsələlərindən biridir və bu prosesə də start verilib.
– Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Dağlıq Qarabağ ərazisində hələ də qalmaqda olan erməni ordusunun tör-töküntüsünün çıxarılması prosesinin sürətləndiriləcəyini güman etmək olarmı?
– Bəli, artıq Ermənistandan çağırışçıların Dağlıq Qarabağ ərazisinə göndərilməsinə də son qoyulur. Bu da Rusiya ilə danışıqların predmetidir və tərəflər bu məsələdə də razılığa gəlmək üzrədirlər. Ermənistanda da valideynlər övladlarının Dağlıq Qarabağa aparılmasına qətiyyətlə “yox” deyirlər. Amma prinsipial olaraq dövlət səviyyəsində də bu məsələ öz həllini tapır. Yəni daha Ermənistan ordusunun heç bir əsgəri qondarma rejimin olduğu ərazilərə göndərilməyəcək. Beləliklə, sonuncu erməni əsgəri bu əraziləri tərk etmiş olacaq. Tərk etməsələr, artıq qeyd etdiyim kimi onların ya dronlar, yaxud da hərbçilərin uyğun bildiyi digər vasitələrlə zərərsizləşdirilməsi nəzərdə tutulur.
– İşğaldan azad olunmuş ərazilər kənd təsərrüfatının inkişaf etdirilməsi üçün də münbit ərazilər hesab olunur. Bu istiqamətdə nələri qeyd etmək mümkündür?
– Bəli, bu da mühüm istiqamətlərdən biridir. Artıq Ağdam rayonunun minalardan təmizlənmiş və təhlükənin olmamasına əmin olunan yerlərdə 1200 hektardan çox sahəyə payızlıq taxıl səpini başa çatıb və yeni torpaqlara səpin davam etdiriləcək. Bölgədə iri heyvandarlıq komplekslərinin yaradılması istiqamətində layihələr irəli sürülüb. Çünki artıq yaz aylarının gəlişi ilə bu bölgədə qoyunçuluq, həmçinin, iribuynuzlu heyvandarlıq üçün çox gözəl şərait yaranır. Hesab edirəm ki, bu şəraitdən yararlanmaq mümkün olacaq.
Onu da deyim ki, işğaldan azad edilmiş ərazilərin torpaqları olduqca münbitdir. Qara torpaqdır, nə atsan, bitir. Füzuli, Hadrut, Cəbrayıl və Zəngilan rayonunun təpəlikləri dəmyə torpaqlardır. Yəni suvarmaya deyil, yalnız aqrotexniki qulluğa ehtiyacı var. Oralar minalardan da təmiz ərazilərdir. Ora ilin dörd fəslində də yaşıl olur. Yəni, qoyun ilin dörd fəslində orada yem tapır. Ermənilər bunu bilməzlər. Bu il on qoyunun varsa, gələn il otuz qoyunun olacaq. Mən bu fikirləri oraları tanıyan adam kimi söyləyirəm. Su sistemləri bütünlüklə Azərbaycanın nəzarətindədir. Göyçə gölünə tökülən çayların da hamısı mənbəyini Kəlbəcər dağlarından götürür. Hesab edirəm ki, 1-2 ildən sonra Azərbaycanda qırmızı ətin qiymətində çox ciddi ucuzlaşma olmalıdır. Xüsusilə qoyun ətinin. Çünki orada qoyunçuluq, həmçinin, əkinçilik çox sürətlə inkişaf edəcək. Üzüm bağlarının əksəriyyətini qırıblar, amma bəziləri durur. Qırılmayanlara qulluq etmək, yeni bağlar salmaq olar. Bir sözlə, perspektivlər çox yaxşı görünür.
– Bildiyiniz kimi Prezident İlham Əliyevin təşəbbüsü və onun yanvarın 19-da imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi institutu yaradılıb. Fərmanda xüsusi nümayəndəlik institutunun yaradılmasında məqsədin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasından ibarət olduğu bildirilib. Bu institutun yaradılması ilə bağlı da fikirlərinizi bilmək istərdik...
– Çox müsbət təşəbbüsdür. Yanvarın 27-də bu istiqamətdə ilk təyinat gerçəkləşib. Belə ki, Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub. İndiyədək işğaldan azad edilmiş rayonlarda komendantlıq sistemi fəaliyyət göstərirdi. Komendatlıq sistemi rayon polis idarələrinin bazasında yaradılıb. Onlar işğaldan azad edilmiş ərazilərdə ictimai asayişi və təhlükəsizliyi təmin edir. Ordu hissələri üçün də sürətlə hərbi hissələr, kazarmalar tikilir. Daha iki ordu korpusu yaradılıb. Həmin bölgədə bütün yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən ciddi qorunacaq, təhlükəsizlik tam təmin olunacaq. Təsadüfi deyil ki, 2020-ci il dekabrın 24-də - öz doğum günündə Qubadlı rayonunda olarkən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. “Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”, - deyə cənab İlham Əliyev bildirmişdi. Komendatlıq sistemi gəliş-gedişə də ciddi nəzarət edir. Xüsusi nümayəndələr isə fərmanda da qeyd edildiyi kimi ərazilərin abadlaşdırılması, sosial xarakterli tədbirləin görülməsi, müəyən tikinti obyektləri üçün vəsatət qaldırılması kimi məsələlərə cavabdeh olacaqlar. Sözsüz ki, dövlətin özünün işğal olunmuş ərazilərin yenidən qurulması ilə bağlı konseptual proqramı olacaq. Bizə dost olan ölkələrin böyük şirkətləri də bu prosesə cəlb ediləcək. Xüsusi nümayəndələr isə yerlərə gedib ilk növbədə vəziyyəti təftiş edəcəklər. Sonra isə ilk növbədə hansı işlərin görülməli olduğuna dair müvafiq qurumlar qarşısında məsələ qaldıracaqlar. Sözsüz ki, ilk növbədə həyati vacib məsələlər həllini tapmalıdır. Bir sözlə, könül açan işlər görülə bilər və görülməkdədir. Amma eyni zamanda çox ciddi tələsmək, enerji sərf etmək lazımdır. Daha doğrusu, yenə cənab İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhəri ilə bağlı dediyi kimi, bu işlər vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən görülməlidir