3 Fevral 2021 20:35
20 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Azərbaycanın yanındadır və bu, Ankara və Bakı arasında əldə edilmiş razılaşmalar əsasında baş verir. Monitorinq mərkəzi ona görə yaradılıb ki, Türkiyə burada həm Azərbaycana dəstək olsun, həm atəşkəsə nəzarət üzrə yoxlama aparsın, açıq danışmaq lazımdır, həm də qüvvələr balansına nəzarət etsin. Təkcə Rusiya sülhməramlıları yox, eyni zamanda, Türkiyə sülhməramlıları da artıq regionda mövcuddur. Bu, yeni geosiyasi reallıqları ehtiva edən bir prosesdir”.

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Qarabağdakı separatçı erməni ordusunun ləğv edilməsi ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan arasında anlaşmanın əldə edildiyi bildirilib. Sizcə, bu, mümkün ola bilərmi və prosesin bu yöndə inkişaf etməsi ehtimalı nə qədərdir?

- Əslində bu, reallığa uyğun bir addımdır. Ermənistan bu reallığı nəzərə alıb bu addımı atmalıdır. Əlbəttə, həmin qüvvələrin orada saxlanılması onlar üçün problemlər yaradır. Bu ordunu təmin etmək lazımdır, bunun silah-sursatı var, orada müəyyən şərait yaratmalıdırlar. Əsas məsələ: kimə qarşı vuraşacaqlar – Azərbaycana qarşı? Azərbaycan Ordusu artıq onları məhv edib, bellərini də sındırıb. Onlar başa düşürlər ki, Qarabağda qalmaq sərfəli deyil. Artıq onu da anlayırlar ki, o torpaqlar Azərbaycan əraziləridir. Yəni erməni birləşmələrinin Qarabağda qalması onların ziyanına işləyir.

Məsələnin başqa bir tərəfi də var. İndi Ermənistanda müxalifətlə yanaşı əsgər ailələri də Paşinyana qarşı etiraz aksiyaları keçirirlər. Paşinyana qarşı kifayət qədər sərt iradlar və ittihamlar irəli sürürlər, ondan övladlarının evə buraxılmasını tələb edirlər. Belə bir şəraitdə düşünürəm ki, separatçı ordunun ləğv edilməsi gözlənilən idi. Paşinyan məcburiyyət qarşısında qalaraq bu addımı atır.

- Bəs Rusiya separatçı qüvvələrin bölgədən çıxarılmasında maraqlıdırmı?

- Mənə elə gəlir ki, Rusiyada bu məsələ ilə bağlı ikili yanaşma müşahidə olunur. Əlbəttə, Rusiya etiraz etməzdi ki, orada erməni qoşunu qalsın, sülhməramlılara müəyyən dəstək və kömək olsun. Yəni bir əlaltı qüvvə kimi istifadə edilsin. Amma Rusiya rəhbərliyi, şəxsən Putinin özü etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Təbii ki, bu etirafdan sonra ordunun orada qalması heç bir məntiqə uyğun gəlmir. Düşünmürəm ki, erməni qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması Rusiya sülhməramlılarını zəiflədəcək.

- Erməni mediası iddia edir ki, Xankəndinin Azərbaycanın mərkəzi hakimiyyətinin tabeliyinə verilməsinə hazırlıq gedir. Bununla əlaqədar hansı gəlişmələrin şahidi ola bilərik?

- Erməni mediasında baş verənlərlə bağlı kifayət qədər belə iddialar var. Əlbəttə, bu məsələni də mövcud reallıqdan irəli gələn məntiq əsasında qiymətləndirmək lazımdır. Azərbaycanlılar mütləq ora qayıtmalıdır. İndi müharibə vaxtı Ermənistana qaçan ermənilər bir ay keçməmiş Xankəndinə qayıdırlar. Azərbaycanlıların evləri isə dağılmış vəziyyətdədir. Otuz ildir azərbaycanlılar orada yaşamayıb. İndi isə bu qayıdış təmin edilməlidir. Orada azərbaycanlıların təhlükəsizliyini təmin etmək lazımdır, bunun üçün də infrastruktur yaradılmalıdır. Əlbəttə, bunun üçün Xankəndi və digər ərazilərdə yeni infrastrukturlar yaradılacaq, buna şübhə etmirəm.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan artıq tək deyil – Türkiyə bizim yanımızdadır. Məlumdur ki, Ağdamda monitorinq mərkəzi yaradılıb, artıq fəaliyyətə başlayıb. Yəni addım-addım yerdə qalan məsələlər həll olunmalıdır. Təbii ki, Xankəndində ermənilər yaşaya bilər, dövlət başçısı da bunu dəfələrlə deyib. Amma bu o demək deyil ki, onlara hansısa status verilməlidir, bundan sonra ayrıca muxtariyyət formasında yaşayacaqlar. Biz bu məsələlərə nöqtə qoyduq.

- Türkiyənin prosesdəki roluna diqqət çəkdiniz. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də bildirib ki, Qarabağ məsələsi Türkiyə ilə də müzakirə edilməlidir, yeni reallıq bunu diktə edir. Türkiyəni masada görə biləcəyikmi?

- Medvedev rəsmi Moskvanın mövqeyindən çıxış edir, onun fikrini səsləndirir. Medvedevin nə deyib-deməməsi bizi o qədər də maraqlandırmamalıdır. Çünki Türkiyə Azərbaycanın yanındadır və bu, Ankara və Bakı arasında əldə edilmiş razılaşmalar əsasında baş verir. Monitorinq mərkəzi ona görə yaradılıb ki, Türkiyə burada həm Azərbaycana dəstək olsun, həm atəşkəsə nəzarət üzrə yoxlama aparsın, açıq danışmaq lazımdır, həm də qüvvələr balansına nəzarət etsin. Təkcə Rusiya sülhməramlıları yox, eyni zamanda, Türkiyə sülhməramlıları da artıq regionda mövcuddur. Bu, yeni geosiyasi reallıqları ehtiva edən bir prosesdir.

Baxmayaraq ki, Türkiyə Rusiya ilə birgə monitorinq mərkəzində təmsil olunacaq, habelə, Azərbaycanın maraqlarını əks etdirən addımlar atacaq. Bu baxımdan da bölgədə lazım olan işləri görəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər