Robert Köçəryan Moskvaya yola düşüb. Ancaq biz bilmirik ki, bu şəxs Moskvada kiminlə görüşəcək və hansı məsələləri müzakirə edəcək. Çox güman ki, Moskva indi erməni siyasətçilərini yoxlamağa başlayıb. Məqsəd Baş nazir Nikol Paşinyandan sonra hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istəyidir.
Bu fikirləri Teleqraf.com-a filosof Əli Abbasov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın bu gün Rusiyaya başlayan səfərinin məqsəd və məramını şərh edərkən deyib.
Müsahibimizin fikrincə, Robert Köçəryan Moskvaya getmir, onu Rusiya paytaxtına çağırıblar:
“Əlbəttə, hansısa şirkətin iclasında iştirak əslində məsələnin görünən tərəfidir. Məhz Moskvadan dəvət gəldiyi üçün İrəvan məhkəməsi Köçəryanın ölkəni tərk etməsinə icazə verib. Əks halda niyə ona icazə versinlər? Robert Köçəryanın Moskva səfəri prosesin başlanğıcıdır. Bundan sonra digər müxalifət liderləri də Moskvaya dəvət oluna bilər".
Robert Köçəryana Moskvada ciddi fiqur kimi baxıb-baxılmadığına gəldikdə Əli Abbasov xatırladır ki, Prezident Putin bir müddət əvvəl Köçəryanı dostu adlandırıb, hətta İrəvana səfəri zamanı həbsdə olan Köçəryanın xanımı ilə səfirlikdə görüşüb:
“Putin hətta Köçəryanın həbs edilməməsinə çalışdı, həbsdə olduğu zaman onun ad gününü təbrik etdi. Çalışırdı ki, Köçəryan həbsdən azad edilsin, amma Paşinyan buna imkan vermirdi. İndi isə Ermənistanda situasiya bir qədər dəyişib".
“Müşahidələr göstərir ki, Ermənistan erməniləri “Qarabağ” klanına məxsus olan siyasətçilərin yenidən hakimiyyətə qayıtmasını istəmirlər. Belə bir prosesin başlanması İrəvanda ciddi etirazlar yarada bilər. Ancaq mümkündür ki, koalisiya hökuməti yaradılsın, Köçəryan kimi keçmiş adamlara vəzifələr verilsin. Bu daha çox məntiqlidir, nəinki Köçəryanın təkbaşına hakimiyyətə qayıtması”,- Əli Abbasov Köçəryanın hakimiyyətə gəlmək şanslarını qiymətləndirərkən əlavə edib.