Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır. Ölkələr vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Artıq bu prosesin yeni – vaksinasiya mərhələsi başlayıb. Azərbaycanda da insanların sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görülür. Yanvarın 18-dən etibarən ölkəmiz Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verilib. Azərbaycan bölgədə ilk vaksinasiyaya başlayan dövlətlərdəndir. Avropa İttifaqında bu proses keçən il dekabrın 18-dən həyata keçirilməyə başlayıb. Qısa zaman ərzində Azərbaycan vətəndaşları da peyvənd olunur. Bu, ölkə rəhbərliyinin vaksinasiya sahəsində də apardığı səmərəli fəaliyyətin təzahürüdür.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
O qeyd edib ki, 1 ildir pandemiya davam edir və Azərbaycan pandemiyanın başladığı gün mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün uğurlu tədbirlər həyata keçirilib. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlk ianə də özü və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən edildi. Ümumiyyətlə, cənab İlham Əliyev həm ölkə rəhbəri, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də bir nümunədir. Dünya təkcə pandemiya ilə mübarizə apardığı bir vaxtda Azərbaycan həm də 44 günlük Vətən müharibəsi apardı və möhtəşəm qələbə çaldı. Bir tərəfdən sevinirik ki, torpaqlarımız işğaldan azad edilib, lakin bu torpaqlar bizim şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına başa gəlib. Şəhid ailələri, qazilərin sosial müdafiəsi, sağlamlığı, reabilitasiyası üçün dövlət xüsusi dəstək proqramları həyata keçirir. Digər tərəfdən erməni vandallarının xarabaya çevirdiyi ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində mühüm konsepsiyalar hazırlanır”.
Komitə sədri pandemiya ilə mübarizədə “Azərbaycan modeli”nin yarandığını bildirib: “Pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Hökumət ÜST-ə 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə dəstəyi göstərib. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib. Prezident İlham Əliyev beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə görüşlər keçirildi”.
Millət vəkili hazırda dünyada yenə də ədalətsizliyin, bərabərsizliyin müşahidə olunduğunu söyləyib: “Ölkə başçısı BMT-nin sessiyasında peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunu söyləyib. Cənab Prezident beynəlxalq təşkilatin sədri kimi bu bərabərsizliyi müşahidə edirdi. Bu günlərdə müxtəlif səviyyələrdə gərgin mübarizənin şahidi oluruq. ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (COVID-19) peyvəndlərinin yoxsul ölkələrə bərabər şəkildə paylanması üçün müraciət edib. O, dünyanın acınacaqlı mənəvi uğursuzluğa məruz qalacağı barədə öz narahatlığını ifadə edib. Beynəlxalq Ticarət Palatası (ICC) inkişaf etməkdə olan ölkələrə peyvənd imkanı yaradılmasa, qlobal iqtisadiyyatın 9,2 trilyon dollara qədər zərər görəcəyini açıqlayıb. 2015-ci ildə BMT-yə üzv dövlətlər 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini irəli sürüb. Heç kimin geridə qalmaması prinsipi üzərində dayanan bu məqsəd və hədəflər zəngin, orta gəlirli və yoxsul ölkələrin inkişafını təmin etməkdir. Ədalətlilik, bərabərlik, ləyaqət kimi meyarlar mühüm faktorlar elan olundu”.
Hicran Hüseynovanın fikrincə, hazırda dünyada bu prinsip və amillər sanki görməzdən gəlinir, yenə də bərabərsizlik hökm sürür: “Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində dünyada vaksinlərin əldə olunması və peyvədlənmə ilə bağlı gərgin mübarizənin aparılmasından bəhs edib. Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı istehsal etdikləri vaksinin qeyri-ədalətli bölündüyünü bildirib. Britaniya vətəndaşlarının 13 faizi artıq peyvənd alıb. Avropa İttifaqı vətəndaşları isə cəmi 2 faiz peyvəndlə təmin olunub. İngiltərə əhalisinin 75 faizini iyula, Avropa İttifaqı isə oktyabr ayına qədər vaksinlə təmin edəcək. O zaman sual yaranır Böyük Britaniya Avropa ölkəsi deyilmi? Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və bir-birilərini günahlandırırlarsa, o zaman başqa ölkələrin vəziyyət nə yerdədir?
Yaxud da öz ermənipərəst mövqeyi ilə seçilən Kanada ölkə əhalisinin ümumi sayından 4 dəfə çox vaksin alır. Bəs o zaman kasıb və inkişaf etməkdə olan ölkələrin vətəndaşları nə etməlidir? Bu prosesdən məhrum olmalıdır? Hər zaman insan haqlarından danışan, humanizm prinsiplərini əsas meyar götürən bu dövlətlər, bəs nə üçün indi ancaq özlərinə qapanıblar? Təəssüflər olsun ki, dünyada siyasi və iqtisadi maraqlar bir çox hallarda mənəvi maraqları üstələyir. ÜST-ün baş direktoruna görə, vaksinin millətçiliyi qısamüddətli siyasi hədəflərə xidmət edə bilər. Ancaq peyvəndlərin ədalətli paylanmasını dəstəkləmək hər ölkənin orta və uzunmüddətli iqtisadi maraqlarına cavab verəcək. Baş verən ədalətsizlik insanların ən təbii hüququ olan yaşamaq haqqının əlindən almaqdadır”.