5 Fevral 2021 11:27
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev azad olunmuş ərazilərimizin bərpasında dost ölkə şirkətlərinin iştirakını vurğulayıb. İtaliya da Azərbaycana dost ölkələrdəndir. İki dövlət strateji tərəfdaş kimi bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq qurub. 2020-ci il İtaliyada "Azərbaycan ili" kimi qeyd olunub. Dost münasibət 44 günlük Vətən müharibəsində də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olunub. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı sənədlər qəbul olunub.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva deyib.

Deputat bildirib ki, İtaliya bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır:

“İtaliya tərəfi BMT-nin qətnamələrinə, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl edilməsinin vacibliyini önə çəkir. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter alıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti pislənilib. Münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox ölkələr üçün örnək idi”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrini videoformatda qəbul edərkən Vətən müharibəsi zamanı azad edilmiş ərazilərin bərpasına dost ölkələrin cəlb edilməsi imkanlarından danışıb:

“Bu iki ölkə arasında dost münasibətin bariz nümunəsidir. Ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial var. İtaliya şirkətlərinin qeyri-neft sektorunda fəallığı hər iki ölkənin maraqlarına tam cavab verir. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edib. Ticarət dövriyyəsi üzrə də İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı müzakirələr davam edir. Ötən il pandemiya səbəbindən ölkədə 4,3 faizlik iqtisadi azalma qeydə alınıb. Azərbaycanın qeyri-enerji sənayesində 12,5 faiz artım baş verib. Ümumilikdə sənayeləşmə proqramında İtaliya şirkətlərinin rolunu xüsusi qeyd edilir. 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən Polipropilen zavodunun açılışında İtaliya prezidenti Sercio Mattarella iştirak edib. Bu, İtaliyanın bu sahədə Azərbaycanla əməkdaşlığa ən yüksək səviyyədə verdiyi önəmin göstəricisidir”.

Könül Nurullayeva əlavə edib ki, Azərbaycan İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlıdır:

“İki ölkə arasında münasibətlər humanitar sahə üzrə də inkişaf edir. Bu baxımdan Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması mühüm əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər