Nikol Paşinyan sözsüz ki, Qərbyönümlü siyasətçidir. Bunu özü də gizlətmir. Eyni zamanda Rusiya prezidenti ilə də münasibətləri soyuq və məsafəlidir. Bunu Qarabağ müharibəsi zamanı da müşahidə etdik.
Bu fikirləri Teleqraf.com-a politoloq Toğrul İsmayıl Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Moskva səfəri və İrəvandakı siyasi atmosferi şərh edərkən deyib.
Mütəxəssis bildirib ki, müharibə və müharibədən sonrakı proseslərlə əlaqədar Rusiya mediasına Paşinyanı günahlandıran açıqlamalar yer alır:
"Qarabağ müharibəsindəki məğlubiyyət Paşinyanın uğursuzluğu kimi göstərilməyə çalışılır. Və bütün bəlaları onun üzərinə yıxmaq istənilir. Ancaq bunlara baxmayaraq Paşinyana xalq ümidlə baxır. Noyabrın 10-da üçtərəfli saziş imzalandıqdan sonra İrəvanda etirazlar oldu, hökumət binalarına hücum çəkildi. Amma müxalifət Paşinyanı devirə bilmədi. Bunun bəzi səbəbləri var.
Birincisi, bu aksiyaların arxasında “Qarabağ klan”ı dururdu. Ermənistanda isə bu klan nüfuzunu itirib, bütün problemlərə rəğmən erməni xalqı Paşinyana ümidlə baxır. Hətta dəyişikliklər gözləyir. Hansı ki Paşinyan bunu edə biləcəyini nünmayiş etdirib. Məsələn, hakimiyyətə gəldikdən sonra korrupsiya ilə məşğul olan bəzi erməni liderləri həbs etdi, bəzilərini isə hakimiyyətdən və vəzifədən kənarlaşdırdı.
İkincisi, Qarabağ məğlubiyyətini Paşinyanın üzərinə yıxmağa çalışsalar da, bu daha çox “Qarabağ klanı”nın məğlubiyyətidir. Başqa sözlə, bu proses də Paşinyanın işinə yaradı. Nəzərə alınmalıdır ki, Qarabağda vuruşan ordu Paşinyandan daha çox Sərksiyan-Köçəryan xəttinə yaxın idi. Yəni “Qarabağ klanı”nın nəzarətində olan silahlı dəstələr idi.
Üçüncüsü, Paşinyan timsalında Ermənistan Qarabağda uduzsa da, bu ona sərf etdi. “Qarabağ klan”ı siyasi güc olaraq sıradan çıxmış, zəifləmiş oldu.
İrəvandakı müxalifətin yürüşləri ilə bərabər Paşinyan tərəfdarlarının da aksiyası oldu. Bu zaman məlum oldu ki, Paşinyan tərəfdarları daha çox və mütəşəkkildir.
Nəticə olaraq deyə bilərik ki, Paşinyan Qarabağ məğlubiyyətindən özünün siyasi gücünü qorumaq üçün istifadə edə bildi. Konkret desək, “Qarabağ klanı”ndan xilas oldu, Ermənistan ordusunu özünə bağladı, Rusiyanın Qarabağ məsələsində yanaşmasını ortaya qoymaqla haqlı olduğunu göstərməyə çalışdı”.
Toğrul İsmayıl qeyd edib ki, bununla belə Moskvaya gedən Robert Köçəryan Rusiyanın yaxın adamı hesab olunur:
“Hətta həbsdə olan zaman Vladimir Putin onu təbrik edirdi. Əlbəttə, Köçəryanın Moskvaya dəvət alması, oradakı görüşləri zamanı İrəvandakı siyasi məsələlər gündəmə gətiriləcək. Ancaq indiki mövcud şərtlər altında Paşinyanı devirmək real görünmür”.