8 Fevral 2021 18:39
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı alim Ceyhum Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ceyhun müəllim, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl rayonlarına səfər edib. Bu səfərlərin erməni vandalizmini tanıdılması baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri çox vacibdir. Diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilana səfərdə erməni vəhşiliyininin şahidi oldu. Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri və oradakı vandalizmlə bağlı bütün dünyaya həqiqətləri çatdırması mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda səfirliklərin həmin ərazilərdə olması baş vermiş talan və barbarlığın əsl mahiyyəti haqqında informasiyaların güclənməsinə imkan yaradacaq. Məhz bu səfərdən sonra diplomatik korpusun nümayəndələri məlumat və arayış hazırlayaraq, öz ölkələrinə təqdimatlar göndərəcək. Səfirlər fəaliyyətində məhz gördükləri, getdikləri yerlərlə bağlı bu tip sənədlər hazırlayıb ölkələrinə təqdim edir.

Eyni zamanda erməni vəhşiliyini birbaşa xarici ölkə təmsilçilərinin öz gözləri ilə görməsi məqsədəuyğundur. Böyük Britaniya, Xorvatiya səfirinin artıq bu səfərlə bağlı, reallığa olan münasibəti mətbuatda yer alıb. Xarici ölkə təmsilçiləri o ərazilərdə gördüklərinin hələ də şokunda olduqlarını bildirir. Torpaq işğal edilib, evlər dağıdılıb. Amma insanların qəbirlərini dağıtmaq, vandallıq etmək, bunlar mənəviyyat məsələsidir. Bir toplum o dərəcədə mənəviyyatsız olmalıdır ki, qəbirləri qazıb sümük qalıqlarını belə çıxarsın, təhqir etsin. Eyni zamanda dini ocaqların, xüsusən də məscidlərin dağıdılması bu qəbildəndir. Cəbrayılda olan məscidlər tamamilə dağıdılıb. Zəngilanda məscidlər yerlə yeksan edilib. Bu faktlar ermənilərin vəhşi, barbar bir toplum, düşüncə daşıyıcısı olduğunu göstərir.

- Belə faktlar olduğu halda beynəlxalq qurumlar, xüsusən də mədəni irsin qorunmasında öhdəlik daşıyan YUNESKO kimi təşkilatlar Azərbaycanda xristian abidələri ilə bağlı narahatlıq ifadə edir. Müsəlmanlara məxsus abidələrin bu cür vandalizmə məruz qalmasına isə reaksiya verilmir...

- YUNESKO 44 günlük müharibə dövründə dəfələrlə Azərbaycanda mövcud olan xristian abidələri ilə bağlı narahatlığını bildirib. Amma YUNESKO-nun azərbaycanlılara, İslam aləminə məxsus dini abidələrin, məscidlərin barbarlığa məruz qalmasına reaksiya vermir. Azərbaycanlıların qəbirləri belə ermənilər tərəfindən vandallığa məruz qalıb, təhqir edilib. Humanitar təşkilatlar isə susqunluq nümayiş etdirir. I Qarabağ müharibəsində də ermənilər tərəfindən azərbaycanlılara qarşı böyük vəhşiliklər edilib.

Ermənilərin eyni zamanda dəfn edilmiş insanlara qarşı bu cür davranışları onların hansı təfəkkürə malik olması haqqında konkret fikir yaradır. Ona görə də xarici ölkə təmsilçilərinin bu cür səfərləri və orada vandallıq, azərbaycanlıların qəbirlərinin dağdılması, talan edilməsi faktları ermənilər haqqında informasiyaların daha geniş yayılmasına imkan yaradacaq. Eyni zamanda bu cür səfərlərin də sayı çox olmalıdır. İşğaldan azad edilmiş rayonlarımıza xarici diplomatların səfərlərinin təşkili çox önəmlidir. Ardıcıl şəkildə erməni vəhşiliyi bütün dünyada təbliğ edilməlidir.

- Milli Məclis tərəfindən işğaldan azad edilmiş ərazilərdəki durumla bağlı əməkdaşlıq etdiyi qanunverici orqanlara informasiyaların çatdırılması üçün hansı addımlar atılıb?

- Milli Məclis bu məsələlərlə bağlı əməkdaşlıq etdiyi bütün ölkə parlamentlərinə dostluq qrupları vasitəsi ilə işğaldan azad edilmiş ərazilərlə bağlı faktlar göndərilib. 44 günlük müharibə dövründə də bu proses davam edib. Müharibə və onun reallıqları barədə Azərbaycan parlamenti tərəfindən dünya ölkələrinin parlamentlərinə ardıcıl olaraq informasiyalar təqdim edilir. Parlament paralel olaraq beynəlxalq qurum və təşkilatlara da Azərbaycanla bağlı əsl həqiqətlərin çatdırılmasına nail olub. Xaricdəki həmkarlarımıza dostluq, qruplarımıza mövzu ilə bağlı məlumatlar mütəmadi göndərilir.

- Azərbaycan parlamentarilərinin işğaldan azad edilən bölgələrə səfərləri gözlənilirmi?

- Belə təşəbbüslər var. Ayrı-ayrı həmkarlarımız Şuşa, Cəbrayıl, Füzuli və digər rayonlara səfərlərlə bağlı təşəbbüslər irəli sürüb. Sözsüz ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır. Ona görə də, hələ ki, bu təşəbbüslər nəzərdən keçirilir. Parlament rəhbərliyinin qərarına əsasən bu məsələyə baxıla bilər. Ümumi təhlükəsizliklə bağlı məsələlər həll edildikdən sonra tarixi ərazilərimizə deputatların səfərlərinin olması mümkündür. Bu ərazidəki erməni vəhşiyinin beynəlxalq arenaya çatdırılması üçün də mühüm addımlar olacaq.

- Diplomatik korpusun nümayəndələrinin səfərində erməni barbarlığına məruz qalmış ərazilərlə bağlı daha çox hansı istiqamətlər diqqəti cəlb etdi?

- Cəbrayılda işğala qədər 5 məscid mövcud olub. Rayonun Papı, Daşkəsən, Mərzə kəndindəki məscidləri ermənilər yerlə-yeksan edib. Digər yerlərdəki məscidlər isə acınacaqalı duruma salınıb. Cəbrayılın mərkəzində məscid olmayıb. Diplomatlar Cəbrayıl rayon mərkəzində olub. Orada tarixi mədəniyyət evi vardı. Orada bir tarixi çinar ağacı da olub. Onun yanında da “Çinar” restoranı fəaliyyət göstərirdi. Amma orada olan bütün infrastruktur dağıdılıb. Hərbi məqsədli binalaradan başqa ermənilər hər şeyi dağıdıb. Diplomatik korpus Zəngilandakı dağıdılmış məscidə baş çəkib. Liviya səfiri də orada namaz qılıb. Zəngilanda, Qubadlıda olan hər şeyi ermənilər yerlər-yeksan edib. Qubadlıdakı məsciddə donuz saxlayırdılar.

- Cəbrayılda ermənilərin dağıtdığı Mədəniyyət Mərkəzinin qarşısında Üzeyir Hacıbəylinin skripkada “Arazbarı”sı ifa edildi. Bunu Azərbaycan mədəniyyətinin qaydışı kimi simvolik mənasını necə şərh edərdiniz?

- Cənab Prezident Dövlət Televiziyasına müsahibəsində də bu məsələyə toxunub. Ermənilərin işğalda saxladıqları ərazilərdəki vəhşiliklərin miqyası həddən artıq çoxdur. Bir şəhərdə hər şeyi dağıtmaq ancaq barbarlıq əlamətidir. Cəbrayıl 92 kənd, 4 qəsəbə, bir rayon mərkəzindən ibarətdir. Ermənilər burada olan bütün infrastrukturu dağıdıb, viran edib. Çox insan düşünür ki, ermənilər bunu nə məqsədlə edib? Ermənilər bəlkə də düşünürdü ki, azərbaycanlılar bir daha bu ərazilərə qayıtmayacaq. Ona görə də, bizim insanlara məxsus bütün izləri silməyə çalışıblar. Azərbaycan xalqının oradakı izini, tarixini, mədəniyyətini silməyə cəhdlər edilib. Cəbrayılda dağıdılmış mədəniyyət evinin qarşısında Üzeyir Hacıbəylinin əsərinin ifa edilməsi erməni tərəfə bir mesaj idi. Bu o mesajı ifadə edir ki, bütün cəhdlərə baxmayaraq, azərbaycanlılar öz torpaqlarına qayıdıb və mədəniyyətinə sahib çıxıb. Azərbaycanlılar bu ərazilərə qayıdıb və burada olan bütün milli-mənəvi dəyərləri bərpa edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər