Bölgədəki proseslər 44 günlük müharibədən, 10 noyabr bəyanatından sonra dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Tam şəkildə sərhədlərinin toxunulmazlığı təmin olunub. Ölkəmiz artıq suverenliyi bərpa edilmiş ölkə kimi dünyaya təqdim edilir. Bunu dərhal hiss etmək bəlkə də mümkün deyildi. Düşünülürdü ki, bəlkə başqa məsələlər var və s. 30 illik işğal 44 günlük müharibədə öz məntiqi sonluğuna gəlib çıxıb. Ancaq bunun problemləri də mövcud idi.
Bunu Teleqraf.com-a AŞPA-da Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Millət vəkili Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə də bəzən erməni terrorçularının olduğu faktları ilə bağlı məsələlərə diqqət çəkib: “Bəzən silahlı ermənilər terror aktları da həyata keçirmək istəyində olub. İrəvandan da rəsmi və qeyri-rəsmi bəyanatlar səslənirdi. Naharahat edici məsələlər də qeydə alınırdı. Amma zaman keçdikcə bu problemlər arxada qaldı. Azərbaycanın Ali Baş Komandanı, xalqımız, əsgərimiz elə bir Qələbə əldə edib ki, buna heç kəs şübhə ilə yanaşa bilməz. Bundan sonra yeni addımların atılmasının şahidi olacayıq. Ona görə də ötən günlərdə Fransanı təmsil edən bir qrup şəxsin Azərbaycan sarhədinin Laçın istiqamətində geri qaytarılmasında təəcüblü heç bir şey ola bilməz”.
Səməd Seyidov istər beynəlxalq qonaqların, jurnalistlərin Azərbaycanın razılığı olmadan Xankəndinə daxil olmasının qeyr-mümkün olduğunu söyləyib: “Sülhməramlılar isə orada təhlükəsizliyi qoruyur. Onlar hansısa bir siyasi funksiyasnı yerinə yetirmir. Yeganə vəzifələri Azərbaycan vətəndaşlarını qorumaqdır. Bunların içində erməni əsilli olan Azərbaycan vətəndaşları da var. Ancaq Ermənistan vətəndaşlarının heç bir halda Azərbaycan ərazisinə daxil olmağa ixtiyarı yoxdur. Azərbaycanın icazəsi olmadan xarici vətəndaşlar da Laçın koridorundan keçməklə Xankəndində gedə bilməz”.
Deputat Paşinyanın Fransa səfirinə səsləndirdiyi ritorikanın da arxasında gizlənən məqamlara aydınlıq gətirib: “Söhbət ondan gedir ki, Fransa bu prosesin içirəsində özünə hansısa bir yer tutmaq istəyir. Amma onlar artıq gec olduğunun da fərqindədir. Fransanın apardığı siyasət nə Ermənistana nə də ki, özünə xeyir gətirən bir amil kimi qiymətləndirilə bilməz. Ona görə də, Fransa rəsmiləri, qeyri-rəsmiləri Azərbaycanın razılığı ilə bölgəyə səfər etməklə, danışıqlar və əlaqələr qurmağa cəhdlər edəcək”.