9 Fevral 2021 13:45
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanı devirə, lap öldür, “Milli Qurtuluş” hökuməti qurub Köçəryanı bu hökumətin başına gətirə bilərdilər, amma...”

Teleqraf.com Ermənistanda müşahidə olunan ictimai-siyasi proseslər, hərbi cani Robert Köçəryanın Moskva səfərindən sonra siyasətə qayıtması haqda mövqe ifadə etməsi, bu ölkədə hakimiyyət uğrunda başlanan qızğın ehtiraslar və mümkün ssenarilər mövzusunu konfiliktoloq Elxan Mehdiyevlə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Elxan bəy, Ermənistanda ictimai-siyasi atmosfer nədən ibarətdir və erməni daxili cəmiyyətində hansı proseslər müşahidə olunur?

- 10 noyabrda imzalanan üçtərəfli sazişdən sonra Ermənistanda hakimiyyət böhranıdır. Buna hakimiyyətsizlik, yarı-hakimiyyət də demək olar. Ermənistan artıq müstəqilliyini itirib. Açığı, son 30 ildə Ermənistanda bir əsas fikir hakim idi. Onlar açıq deyirdilər ki, Ermənistan dövlətini saxlayan və onun baş tutmuş yeganə hakimiyyət strukturu ordudur. Bu erməni ordusunu isə Azərbaycan Ordusu məhv edib. Mən bunu tam məsuliyyətlə deyirəm. Prezident İlham Əliyev “biz erməni ordusunu məhv etmişik” deyərkən tam haqlıdır. Bəli, erməni ordusu dağıdılıb. Onların özlərinin təbrincə desək, son 30 ildə baş tutan yeganə hakimiyyət strukturu ordu olubsa və bu ordu tərəfimizdən darmadağın edilibsə deməli, artıq orada dövlət də yoxdur.

Ermənistanda real vəziyyət erməni xalqının müharibə etmək istəmədiyini açıq ortaya qoyur. Bəli, bu real durumdur və heç bir erməni övladının Qarabağda ölməsini istəmir. Çünki bizim ordumuzun Pilotsuz Uçuş Aparatlarının onları necə məhv etdiyini siz izlədiyiniz kimi ermənilər də görüb. Bu, internet dünyasıdır, görüntülər yayılırdı. İndiyə qədər erməni tərəfi müharibədə ölənlərin sayını bilmir və rəsmən elan olunub ki, say açıqlanmayacaq. Azı beş mindən çox erməni hərbçisi məhv edilib. Üstəlik Azərbaycanın köməyi ilə 1500-dən çox cəsədlərini müharibə meydanlarından yığıblar, hələ 500-dən çox itkin var. Yəni dərə-təpə doludur, hazırda cəsədləri tapmaq üçün axtarışları davam etdirirlər. Bu, erməni cəmiyyətini demoralizə edib. Onlar artıq müharibənin olmasını, övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ona görə də ilk dövrdə anti-Paşinyan qüvvələr mitinqlərə başlasa da, tədricən proses söndü. Heç öncədən də xalqın bu aksiyalara böyük marağı olmadığı müşahidə olundu. Sonradan da xalq bu qüvvələrdən dəstəyini çəkdi. Bu müxalif qüvvələr əsasən Robert Köçəryan və Serj Sərkisyanın tör-töküntüləridir. Həmçinin Daşnaksütyun Partiyasının ətrafında olan millətçi-faşist qüvvələrdir.

Baş verənlər göstərir ki, hazırda Paşinyan hökumətinin ən böyük problemi itkin düşmüş əsgərlər və əsir götürülən erməni yaraqlıları ilə bağlıdır. İtkin düşənlərin valideynləri, yaxınları Nazirlər Kabineti, Müdafiə Nazirliyi, parlamentin qarşısında aksiyalar keçirirlər, səfirliklərdə olurlar. Ermənistan üçün indi ən həssas məsələ budur. Əsirlikdə olanlar da erməni ictimai rəyində bir nömrəli məsələyə çevrilib. Paşinyan da bu məsələdə aciz qalıb. Ona görə də yanvarın 11-də Moskva görüşü də daxil olmaqla bütün beynəlxalq təmaslarında əsir və itkinlərlə bağlı məsələni önə çəkir. Digər tərəfdən, Ermənistanda medianın mütləq əksəriyyəti Köçəryan-Sərksiyan klanının əlindədir. Nikol Paşinyan da haqlı olaraq onları media deyil, media-terror adlandırır. Onlar da bu məsələdən istifadə edərək Paşinyana qarşı hər dəqiqə terror edirlər. Əgər bu problemi həll edə bilsə, Paşinyan irəli gedəcək. Görünən odur ki, Paşinyan ölkə daxilində təşəbbüsü ələ almaq üzrədir.

Bu saat Ermənistanda iqtisadiyyat dağılıb, iş yeri yoxdur, sərhəd və yollar açılsa, 100 minlərlə erməni Rusiyaya qaçacaq. Erməni dilini bildiyim üçün erməni kanallarına baxır və erməni cəmiyyətində baş verənləri, real mühiti müşahidə edə bilirəm. Həm də indiki erməni nəsli tarixdə görmədiyi dəhşətli itki verdiyi və ağır zərbə aldığı tarixi dövrü yaşayır. Ötən il 27 sentyabrdan əvvəl erməni cəmiyyətində elə mühit yaratmışdılar ki, guya müharibə başlayan kimi Azərbaycan məğlub olacaq, onlar Gəncəni tutacaq, Azərbaycanın bütün infrastrukturunu məhv edəcəklər. Bəli, ermənilər məhz bu mifin üzərində yatıb-dururdular. Belə dəhşətli zərbə almaları özlərinin dedikləri kimi tarixlərində və yaddaşlarında olmayan zərbədir.

Erməni müxalifəti Vazgen Manukyanı özünün lideri, baş nazir postuna namizəd elan etdi, onun ətrafında toparlandı. Bir sıra mitinqlər keçirildi, amma xalqın dəstəyi olmadı. Sadəcə eyni adamların hər gün toplaşmasından ibarət aksiyaya çevrildi.

- Ancaq indi Robert Köçəryan amili ortaya çıxır...

- Robert Köçəryan Rusiya Prezidenti Vladimir Putinlə dostluğundan istifadə edərək, habelə Moskvadakı erməni diasporunun dəstəklədiyi şəxs kimi ortaya çıxıb. Nəzərə almaq lazımdır ki, Moskvadakı bütün erməni milyarderləri, zənginləri və informasiya kanallarının rəhbərləri Köçəryan-Sərksiyan cütlüyünü, yəni millətçi-faşist qüvvələri dəstəkləyir. Bu baxımdan onların böyük dəstəyi var. Köçəryan Vladimir Putinin dəstəyini alaraq yenidən hakimiyyətə gəlmək niyyətindədir. Amma Prezident Putinin də imici ortadadır və o, noyabr-dekabr aylarında istəmədi ki, Nikol Paşinyan hakimiyyətdən getsin. Çünki Paşinyan getsəydi, Ermənistan tam da Kaddafi sonrası Liviya olcaqdı və ortadakı anlaşma da pozulacaqdı, dolayısı yolla Putinin nüfuzuna dünyada zərbə dəyəcəkdi.

- Sizcə, bizə Nikol Paşinyan, Robert Köçəryan, yoxsa Vazgen Manukyan hökuməti sərfəli ola bilər?

- Əslində bu saat Ermənistanda istənilən ssenari Azərbaycan üçün münasibdir. Nikol Paşinyanın hakimiyyətdə qalması o baxımdan sərfəlidir ki, artıq sülh və əməkdaşlıq istiqamətini seçib. Onu devirsələr və Vazgen Manukyan gəlsə, onların planına görə bir ildən sonra Ermənistanda növbəti parlament seçkiləri keçirilməlidir. Bu bir il müddətində Ermənistanda xaosun baş alıb getməsi tam labüddür. Bu da bizim maraqlarımıza uyğundur. Çünki nəticə baxımından Ermənistan zəifləyəcək, immiqrasiya prosesi güclənəcək, orada heç bir perspektiv olmayacaq. 1 və 1,5 ildən sonra gələn komanda da revanşist olacaq. İnanırıq ki, Azərbaycan o vaxta qədər Qarabağda qalan digər məsələləri də həll edəcək.

- Sizə elə gəlmirmi ki, Robert Köçəryan artıq Vazgen Manukyandan önə çıxaraq narazı elektorat ətrafında konsalidasiya etməyə çalışır və seçkilərdə iştiraka hazırlaşır. Üstəlik elan edir ki, hakimiyyətə gəlmək üçün onda komanda daxil olmaqla bütün resurs və imkanlar mövcuddur. Bu baxımdan Köçəryan timsalında müxalifətin hakimiyyətə gəlmək imkanlarını nə dərəcədə real hesab edirsiniz?

- İndiki şərtlərdə Robert Köçəryanın hakimiyyətə gəlməsi real deyil. Manukyan qrupu isə buna qədər erkən parlament seçkilərinin keçirilməsi ideyasını yaxın buraxmırdı. Onlar tələb edirdilər ki, Nikol Paşinyan istefa versin, bundan sonra Manukyanı Paşinyanın deputatları baş nazir seçsin. Bunu kim edər? Paşinyanı zorla istefaya göndərsələr, komandasında olan deputatlara deyəcək ki, səsvermədə iştirak etməyin. Bu halda da xaos yaranır. Başqa sözlə, Paşinyan təklif etdi ki, seçkilər keçirək, Manukyan qrupu isə qorxaraq geri çəkildi. Beləcə Paşinyanla seçkiyə getmək istəmədilər.

Vazgen Manukyan seçkini qəbul etmir, Robert Köçəryan isə seçkilərin keçirilməsini qəbul etmək, seçkilərdə iştirak etmək və özünün dediyi kimi qalib gəlmək istəyir. Amma Ermənistanda Köçəryana qarşı da böyük nifrət var. Müharibənin bütün nəticələrini Paşinyanın üzərinə töksələr də, ilkin müşahidələrə əsasən demək olar ki, Ermənistan vətəndaşı daha çox Paşinyanın tərəfindədir, nəinki Köçəryanın. Yuxarıda qeyd etdim ki, erməni xalqı, əsgər valideynləri müharibənin əleyhinədir və övladlarının Qarabağda ölməsini istəmirlər. Deməli, onlar da bilirlər ki, Köçəryan gəlsə ölkəni müharibəyə çəkə bilər. Xalq da bunun əleyhinədir.

- Nikol Paşinyanın hakimiyyətini qoruyub saxlamaq və bir müddət iqtidarını davam etdirmək şanslarını necə dəyərlərndirirsiniz?

- Nikol Paşinyanın seçkilərə qədər hakimiyyətdə qalması tam realdır. Əgər erkən seçkilərə getməsə, dörd ilini başa vura biləcək. Ən əsası o zamana qədər Azərbaycanla yolların açılması, Türkiyə ilə sərhədlərin açılması və Ermənistan iqtisadiyyatında canlanmanın yaranmasını həyata keçirə bilsə, növbəti seçkilərdə düşünürəm ki, hər kəs iki əlli Paşinyana səs verəcək.

- Maraqlıdır, Paşinyan komandası bundan sonra ölkəni hansı istiqamətə aparacaq: Qərbə, yoxsa Rusiyaya?

- Erməni müxalifətinin baş nazirliyə namizədi Vazgen Manukyan qeyd etdi ki, biz Rusiyadan yapışmışdıq ki, Qarabağı alaq. İndi Qarabağ əldən gedirsə, Rusiya bizim nəyimizə lazımdır? Təxmini belə ifadə etmişdi. Məncə, onun bu fikirləri Nikol Paşinyana ən çox kömək etdi. Əgər Paşinyan Türkiyə və Azərbaycanla əlaqə qursa erməni iqtisadiyyatı inkişaf edəcək. Bu isə ona əlavə üstünlüklər gətirəcək.

- Paşinyanın Qərbdən dəstəyi varmı?

- Bu saat onu daha çox Fransa, Yunanıstan, Kanada dəstəkləyir. Bu da Türkiyəyə qarşı nifrətlə, qardaş ölkənin dünyada rolunun yüksəlməsi ilə əlaqəlidir. Başqa sözlə, kim Türkiyə ilə düşməndirsə, bu prosesdə erməninin tərəfinə keçdi.

- Ermənistandakı revanşist qüvvələr Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasına müsbət baxmır, buna gedənləri daxildə satqın adlandırır. Bu mənada əməkdaşlıq perspektivləri haqda proqnozunuz necədir, millətçi-revanşist qüvvələr bu prosesi poza bilərmi?

- Mən bunu real saymıram. Paşinyan qətiyyətlə gedərsə, Rusiya da bu prosesdə əsas rol oynayır, bu halda əməkdaşlığa qarşı çıxan qüvvələr məsuliyyətsiz, perspektivsiz və marginal qruplara çevriləcək. Əslində bu proses müşahidə olunur.

Yeri gəlmişkən, Ermənistanın Arman Tatoyan adlı ombudsmanı var. Adam xəstədir, hər gün heç bir məntiqə uymayan bəyanatlar verir. Siz təsəvvür edin ki, Qafan-Gorus yolu Qubadlının Eyvazlı kəndindən keçir. Azərbaycan sərhədçiləri orada “Azərbaycana xoş gəlmisiniz” yazılı plakat qoyub. Bu xəstə ombudsman götürüb bəyanat yayır və xarici ölkə ombudsmanlarına da müraciət göndərir ki, “Azərbaycana xoş gəlmisiniz” sözlərini yolun kənarına vurmaqla Azərbaycan ermənilərə nifrət edir və bu löhvə onları qorxutmağa yönəlib. Belə xoşməramlı halı görün necə təqdim edir. Yaxud ötən gün müraciət yayır ki, Azərbaycan əsgərləri öz hərbi hissələrində yeyib-içib şənlənirlər və bütün bunlar Sünikdə yaşayan erməni əhalisini qorxutmağa, onların gündəlik həyatını pozmağa yönəlib. Bir az da irəli gedib deyir ki, yerli əhali deyib ki, əsgərlər orada sərxoş idilər. Sərxoş oldu, ya olmadı sən kimsən? Müraciətlər göndərir ki, Kəlbəcərdəki Zod qızıl yatağında nə qədər insan işləyirdi, bu əraziləri Azərbaycan tutub, orada işləyən ermənilər artıq işə çıxa bilmir, onların əmək hüququ pozulub.

Bəyanat verir ki, Gorus və Laçın arasında ərazini Azərbaycan GPS ilə bölüb və bizimkilər orada daima mal-qarasını otarıb və indi onların mülkiyyəti və otlaqları əldən gedib. Məntiqsiz xəstə təfəkkür... Sözüm ondadır ki, Paşinyan əməkdaşlıq üçün ciddi addımlar ata biləcəksə, xəstə ombudsman daxil olmaqla bu revanşist qüvvələrin hamısı əriyib gedəcək. Əlbəttə, revanşist qüvvələr həmişə olacaq, amma onların heç bir perspektivi olmayacaq.

- Paşinyan hökumətini çevriliş ssenarisi ilə yola sala bilərlərmi?

- Mənim fikrimcə, artıq bu cür yolun vaxtı keçdi. Onlar bunu noyabr-dekabr aylarında edə bilərdilər. Paşinyanı devirə, lap öldürə bilərdilər. Bu o zaman tam real idi. “Milli Qurtuluş” hökuməti qurub, tutalım Köçəryanı bu cür hökumətin başına gətirsəydilər, Rusiya onu tanıyacaqdı. O da sonradan seçki keçirib özünü qalib elan edə bilərdi. Amma indi Köçəryanın dövrü keçdi. Sadəcə hazırda Manukyanın proyekti uğurlu olmadığı üçün Köçəryan öz qüvvəsini sınamaq qərarına gəlib. Onun böyük maliyyə və informasiya dəstəyi var. Rusiya erməniləri, onların dostları Köçəryanı dəstəkləyir. Köçəryan da hesab edir ki, millətçi şüarlar altında Ermənistanda ətrafına böyük qüvvələr toplaya bilər. Düşünürəm ki, erməni cəmiyyəti əgər yazda yollar açılacaqsa, Rusiyaya getməyə, iş tapmağa çalışacaqlar. Ümumi istiqamət budur.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər