ABŞ diplomatlarının Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə müzakirələr aparmasına təbii yanaşmaq lazımdır. Bayden administrasiyası çox güman ki, bölgədə yeni vəziyyətlə tanışlıq olmaq, münasibətləri bərpa etmək üçün tərəflərlə əlaqə saxlayıb.
Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Rikerin Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla apardığı müzakirələri şərh edərkən deyib.
Asim Mollazadə bildirib ki, ABŞ hələ də Minsk qrupunun bölgədə aktiv fəaliyyətdə olduğunu hesab edir:
“Baxmayaraq ki, onlar üçtərəfli sazişin əsasında stabilliyin yaranmasına müsbət yanaşdıqlarını dəfələrlə ifadə ediblər. Fikrimcə, gələcəkdəki vəziyyət onları maraqlandırır. Tərəflərlə əlaqə saxlamağın səbəbi bu məqamlar ola bilər”.
Bununla belə Asim Mollazadə əlavə edib ki, Bayden komandası hakimiyyətə yeni gəlib və kifayət qədər işləri var:
“Onların prioritetinə baxmaq lazımdır. Məncə, əsasən Çin hədəfdədir, Rusiya hədəfdir. Eləcə də Yaxın Şərqin problemləri. Habelə İranın nüvə proqramı. Bayden hökumətinin qarşısında duran məsələlər çoxdur. Bizim bölgəmizin məsələsi Vaşinqton üçün üç-dördüncü məsələdir".