“Paşinyan Sorosun təmsilçisi kimi hakimiyyətə gəlmişdi. Soros isə Demokratlar Partiyasının tərəfində duran və Baydenin qələbəsi üçün əlindən gələni etmiş şəxsdir. Sorosun Trampla münasibətlərindəki gərginlik hər kəsə bəlli idi. Buna görə də düşünmürəm ki, Bayden Paşinyanın hakimiyyətdən getməsində maraqlı olacaq. Maraqlı olsa belə, Qərbpərəst bir siyasətçinin hakimiyyətə gəlməsi üçün çalışa bilər. Buna görə də Paşinyanı əvəz edəcək bir fiqur tapılmalıdır”.
Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Erməni mətbuatının iddiasına görə, Ermənistan Baş naziri Nikol Paşinyanla ona dəstək verən Soros Fondunun münasibətləri gərginləşib. Həmin iddiaya əsasən, Soros artıq Paşinyanın yerinə namizəd axtarışına çıxıb. Sizcə, bu nə ilə əlaqəli ola bilər?
- Bu, Paşinyanın Sorosun ümidlərini doğrultmaması ilə əlaqədardır. Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə bu ölkənin başında Paşinyan dayanmışdı. Müharibə Ermənistana elə bir zərbə vurdu ki, yaxın perspektivdə bunun zərərlərini aradan qaldıra bilməyəcək. Erməni ekspertlərinin hesablamalarına görə, müharibə Ermənistana təxminən 34 milyard dollardan çox zərər verib. Burada işğalda saxladığı Azərbaycan ərazilərinin Ermənistanın əlindən çıxması amili nəzərdə tutulur. Təkcə Kəlbəcərdəki qızıl yataqlarının əldən çıxması, Ermənistanın 8 milyard dollar zərər görməsi deməkdir.
Məlum oldu ki, Ermənistan özünün taxılan olan ehtiyacının 60 və enerji tələbatının 40 faizini işğal etdiyi ərazilər hesabına ödəyirdi. Azərbaycanın bu torpaqlar üzərində yurisdikasiyasını təmin etməsi, Ermənistanı qida və enerji qıtlığı problemləri ilə üz-üzə qoyub. Üstəgəl müharibə Ermənistan ordusuna elə bir zərbə endirib ki, yaxın perspektivdə itkilərinin yerini doldura bilməyəcək. Hesablamalara görə, Ermənistan ordusu müharibədən 2.8-3.2 milyard dollar zərərlə çıxıb. Yəni Ermənistan ordusunun hərbi texnikası tamamilə darmadağın edilib. Ermənistan müxalifətinin təmsilçiləri də bəyan edirlər ki, ümumiyyətlə bu ölkədə ordu yoxdur, tam dağıdılıb. Ümumilikdə iqtisadiyyata dəyən zərbə vergilərin artmasına səbəb olub, bu da Ermənistan əhalisinin sosial durumuna mənfi təsir göstərir.
“Tarix qalibləri mühakimə etmir” prinsipindən çıxış etsək, Ermənistan məğlub tərəfdir. Bu məğlubiyyət də Paşinyanın daxili reytinqinə təsir göstərən komponentlər sırasındadır. İndiki durumda Paşinyanın reytinqi müəyyən qədər aşağı düşsə də müxaliflətlə müqayisədə xeyli yüksəkdir. Müxalifətin Paşinyanı devirmək üçün keçirdiyi küçə yürüşlərinə ölkə üzrə cəmi 35-40 min insan çıxdı. Müxalifətin heç İrəvanda meydana 50 min insan çıxarmaq imkanı yoxdur.
- Bu, nədən irəli gəlir?
- Hesab edirəm ki, bu, Paşinyanın əsas opponentləri olan “Qarabağ klanı” və onun təmsilçilərinin xalq arasında ciddi dəstəyinin olmaması ilə bağlıdır. Ermənistanda korrpusiyanın miqyasına və dövlətin varidatının talan edilməsinə görə, məhz bu klanın nümayəndələri məsuliyyət daşıyırlar. Paşinyan da korrupsiyaya qarşı mübarizə vədləri ilə hakimiyyətə gəlib.
- Nikol Paşinyan niyə erkən seçki fikrindən daşındı?
- Bu, müharibənin Ermənistan cəmiyyətində yaratdığı reallıqlar və məğlubiyyət səbəbindən yaranmış gərgin situasiya ilə əlaqədardır. Baxmayaraq ki, Paşinyan tərəfdarları küçələrə çıxaraq, Ermənistan müxalifətinə dəstək verən narazı elektoratla qarşıdurmaya getdilər, açıq deyək, baş nazirin tərəfdarları çoxluğu təşkil edirdi, amma indiki durum Paşinyanı qane etdiyindən, o, qüvvələr nisbətinin dəyişməsinə səbəb ola biləcək seçkiyə getmək fikrində deyil. Əlbəttə, seçki əvvəlcədən nəticələrini proqnozlaşdırmaq mümkün olmayan bir prosesdir. Paşinyan “küçə adamı” kimi qiymətləndirilsə də, o, xalqın “Qarabağ klanı”nın siyasətinə qarşı qaldırdığı dalğa nəticəsinə hakimiyyətə gəlib. Düzdür, onun dövlət idarəçilik sahəsində elə bir təcrübəsi yoxdur, Ermənistan parlamentində kiçik bir fraksiyanın (“Yelk”) sədri idi, amma bu gün Milli Məclisdəki hakim “Mənim addımım” blokunun rəhbəridir. İndi parlamentdəki qüvvələr balansını müqayisə etsək, Ermənistanda Paşinyanı hakimiyyətdən kənarlaşdıracaq güc yoxdur. Hətta müxalifət qüvvələri bir araya gətirsə belə, parlamentdə güc nisbəti baş nazirin xeyrinədir.
Əlbəttə, seçkilər Paşinyana qarşı davakar mövqedə durmayan “Çiçəklənən Ermənistan” partiyasının da iştirakı ilə müəyyən qüvvələr arasında danışıqların aparılmasına şərait yarada bilər. Bu mənada, seçkilərin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Eyni zamanda, bu seçkilərdə geosiyasi oyunçuların mövqeləri də bəlli olacaq. Şübhəsiz ki, ABŞ-da qlobalistlərin hakimiyyət başına gəlməsi nəzərə alınarsa, bu seçkilərin Vaşinqtonun da nəzarəti altında olacağı birmənalıdır. Onu nəzərə alaq ki, Paşinyan Sorosun təmsilçisi kimi hakimiyyətə gəlmişdi. Soros isə Demokratlar Partiyasının tərəfində duran və Baydenin qələbəsi üçün əlindən gələni etmiş şəxsdir. Sorosun Trampla münasibətlərindəki gərginlik hər kəsə bəlli idi. Buna görə də düşünmürəm ki, Bayden Paşinyanın hakimiyyətdən getməsində maraqlı olacaq. Maraqlı olsa belə, Qərbpərəst bir siyasətçiinin hakimiyyətə gəlməsi üçün çalışa bilər. Buna görə də Paşinyanı əvəz edəcək bir fiqur tapılmalıdır. Hələ ki, belə bir siyasi fiqur görünmür. Buna görə də Paşinyanın seçkilərə getməməsi bu və digər, eləcə də geosiyasi faktorlarla bağlı ola bilər.
- Bəs Rusiyanın baş verənlərlə bağlı mövqeyi necədir?
- İlk baxışda, Rusiya “Qarabağ klanı”nın hakimiyyət başına gəlməsində maraqlı olmalıdır. Çünki Paşinyanın hakimiyyəti dönəmində Ermənistan-Rusiya münasibətlərində yaranmış durum hər kəsə bəllidir. Paşinyan vaxtilə parlamentdəki “Çıxış” fraksiyasının (“Yelk”) rəhbəri olub. Paşinyan həmin dönəmdə tez-tez Ermənistanın Avrasiya Birliyi və KTMT-dən çıxarılmasının vacibliyindən danışırdı. Əlbəttə, hakimiyyətə gəldikdən sonra üzərinə götürdüyü məsuliyyət və reallıqlar Paşinyanı Rusiya amili ilə hesablaşmağa məcbur etməli idi. Paşinyanın Rusiya ilə bağlı yürütdüyü siyasət onun məğlubiyyətinin əsas səbəblərindən biri oldu.
Putin Paşinyanın siyasətindən məmnun deyildi. Putin müharibədə Ermənistana dəstək verməməklə Paşinyana olan münasibətini açıq şəkildə sərgilədi. Bu, erməni cəmiyyətinə və siyasi isteblişmentinə də bir ismarış idi ki, Rusiya olmasa, Ermənistanın varlığı belə təhlükə altında qalacaq.
- “Qarabağ klanı” və Paşinyan komandası arasındakı bu qarşılıqlı müqavimət hansı nəticələrə gətirib çıxara bilər? İndiki məqamda seçkilərlə hakimiyyət dəyişikliyinin mümkünsüzlüyünə diqqət çəkən erməni ekspertləri açıq qarşıdurma ehtimalını istisna etmirlər.
- Qarşıdurma ehtimalları keçmiş prezident Robert Köçəryanın fəallaşması fonunda dilə gətirilir. Köçəryan belə bir açıqlama vermişdi ki, o, iqtidarda olsaydı, Ermənistan heç vaxt uduzmazdı. Köçəryanla yanaşı, Vazgen Manukyanın da hakimiyyətə olan iddiaları göz qabağındadır. “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Sarukyanın da hakimiyyətə gəlmək şansı yüksək qiymətləndirilir. Çünki müharibədən sonra Paşinyana və “Qarabağ klanı”na cəmiyyətdən verilən dəstək azalıb. Qənaətimə görə, cəmiyyət xüsusən də “Qarabağ klanı”nın hakimiyyət başına keçməsinə razı olmayacaq. Korrupsiya amili burada əsas rol oynayır. Ümumiyyətlə, Ermənistan bir dövlət olaraq yenidən müharibəyə başlamaq iqtidarında deyil. Bunu Ermənistandakı sağlam siyasi qüvvələr və onlara dəstək verən elektorat da başa düşür. Çünki Ermənistan bu müharibədə elə bir zərbə alıb ki, kənardan ciddi dəstək almadan Azərbaycana qarşı savaş apara bilməz. Ermənistanın hərbi və iqtisadi potensialına endirilmiş zərbə göstərir ki, yaxın 20 il ərzində müharibəyə başlamaq gücündə olmayacaq.
Rusiya Ermənistana hərbi və iqtisadi dəstək verərsə, öz iqtisadiyyat və ordusunu müharibəyə aparacaq relslər üzərinə çıxara bilər. Amma Rusiyanın özü də bunda maraqlı deyil. Çünki Rusiyanın ciddi səyləri nəticəsində münaqişə tərəfləri arasında atəşkəs anlaşması əldə olunub.
Rusiya artıq bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. İkincisi, bölgədə nəqliyyat xətlərinin açılması ilə bağlı razılaşma Rusiya və Türkiyənin maraqlarına tam cavab verir. Digər yandan, Rusiya Azərbaycanda özünün hərbi mövcudluğunu bərpa etdi. Bu baxımdan, müharibədən əvvəlki vəziyyətlə müqayisədə indiki durum Rusiyanın xeyrinədir. Eyni zamanda, Rusiya bölgədə hərbi varlığını təmin etməklə digər geosiyasi oyunçulara mesajlarını verdi ki, əslində bölgəyə təsir etmək imkanına malik olan qüvvə hansı dövlətdir.
Rusiyanın prosesdəki rolu ATƏT-in Minsk qrupunun digər iki həmsədr dövlətini məyus etdi. İndi statusla bağlı danışıqlarda vasitəçi olduqlarını bəyan edirlər. Amma Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin də bununla bağlı açıqlamalarından məlum oldu ki, perspektivdə danışıqlar bərpa olunsa belə Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz.