11 Fevral 2021 17:34
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu “Lancet” jurnalında Çin vaksininin üstünlüyündən bəhs olunub. Tibb mütəxəssisləri tərəfindən bu vaksinin geniş tətbiqi tövsiyə edilir. Dünyanın bir çox ölkəsində olduğu kimi qardaş Türkiyədə də vaksinasiya işində ictimaiyyət fəal iştirak edir. Azərbaycanda da vaksinləşmə prosesinə uğurla start verilib. İnsanlar könüllülük əsasında vaksin vurdururlar. Bu, ümumi cəmiyyətin sağlamlığına və karantin qaydalarının daha tez bitməsinə gətirib çıxaran amildir. Əhalisinin böyük əksəriyyəti vaksinasiya edilmiş ölkələr daha sürətlə açılımlara gedir. Cəmiyyətimizin təhlükəsiz həyat ritminə daha tez qayıtması üçün bütün vətəndaşların vaksinasiyaya cəlb olunması, vətəndaş məsuliyyəti önəmlidir. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələrdəndir. Baxmayaraq ki, bir çox inkişaf etmiş ölkələrdə vaksin tapılmır. Bir çox Qərb dövlətləri Avropa istehsalı olan vaksinləri inhisara götürüb. Bu da sözsüz ki, açıq narazılıqlar yaradan bir haldır. Dünya ölklərinin bir çoxu buna səssiz qalsa da, bu bölgüyə Azərbaycan tərəfindən açıq etiraz edilib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Millət vəkili pandemiyanın ilk günlərindən Azərbaycanda həyata keçirilən önləyici tədbirlərdən və vaksinasiyadan danışıb:

“Artıq bir ildən çoxdur ki, koronavirus pandemiyası dünyanı cənginə alıb. Azərbaycan da bu virusa qarşı əhəmiyyətli dərəcədə mübarizə aparan ölkələrdən biridir. Həyata keçirilən önləyici tədbirlər sayəsində yoluxma faizində əhəmiyyətli azalma qeydə alınıb. Aparılan məhdudiyyətlər və əhalinin bu qaydalara ciddi riayət etməsi yoluxmada təhlükəli tendensiyanı azaldıb. Bu mərhələnin daha da uğurla başa çatması üçün müəyən bir dövr də diqqətli olmaq tələb olunur. Vətəndaşlarımız ayıq-sayıqlığı itirməməlidir. İnsanlar ilk növbədə virusla mübarizəyə özündən, ailəsindən başlamalıdır. Artıq bir ildən çoxdur ki, maarifləndirmə işləri davam edir. Aparılan təbliğat işləri öz müsbət nəticəsini verib. Dünya artıq virusa qarşı daha effektiv mübarizə - vaksinasiya mərhələsinə qədəm qoyub. Pandemiya başlayan gündən hər kəs vaksinin tapılacağını gözləyirdi. Səhiyyə təşkilatları insanlara çağırış edərək, virusa qaşı vaksin tapılmayana qədər pandemiyanın tamamilə yox olması haqqında danışmaq mümkün olmayacağını açıqlayırdı. Artıq vaksinlər zəruri laboratoriyalardan sınaqdan uğurla keçib. Dünya ölkələrinin əksəriyyətində vaksinasiya işlərinə başlanılıb”.

Jalə Əliyeva bildirib ki, virusla bağlı ilk günlərdən təssüflər ki, yalan informasiyalar da yayılır:

“Çox təəssüf ki, vaksinasiya ilə bağlı da eyni hal yaşanır. İnformasiya ilə bağlı dünyada olduğu kimi Azərbaycanda da vəziyyət paralellik təşkil edir. Sosial şəbəkələrdə, virtual məkanlarda insanlarda yanlış fikirlər yaradan informasiyalar yayılır. Bu da ümumi ictimai rəyi çaşdırmağa hesablanır. Amma ekspert rəyləri, ixtisaslaşmış mütəxəssislərin mövqeyinə istinad edərək, vaksinlərin insan sağlamlığını, gələcəyini qoruduğu ilə bağlı düzgün məlumatlar əldə etmək olar".

Deputat Azərbaycanın idxal etdiyi vaksinlərin keyfiyyəti və təsir imkanları ilə bağlı məsələyə də toxunub:

“Ölkəmizə gətirilən vaksinlər yüksək standartlara cavab verir. İlkin mərhələdə səhiyyə işçiləri və risk kateqoriyasına aid olan qruplar vaksinasiyadan keçirilir. Bu da məntiqli bir yanaşmadır. Sonrakı mərhələdə 65 yaşdan yuxarı insanlara vaksin tətbiq edilməyə başlayıb. Yaşlı təbəqənin vaksinasiyadan keçməsi olduqca vacibdir. Həssas təbəqədən olan bu insanlar üçün vaksinləşmə virusa qarşı immun sisteminin güclənməsini təmin edəcək. Sözsüz ki, ardıcıl olaraq vaksinasiya davam etməlidir. Könüllülük prinsipinə əsaslanaraq bu proses davam edir. Vaksinasiyadan keçmiş şəxslərin rəyini əsas götürüb, müqayisələr apararaq, ümumi sağlamlığımız naminə qərar vermək tövsiyə olunur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər