“2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycan müzəffər ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, öz yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtmaq imkanları tanınmış oldu”.
Bu fikirləri Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda deyib.
Əli Əhmədov bildirib ki, bu qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə, Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.
Onun sözlərinə görə, bu qələbənin əldə olunmasında ölkəmizə böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu qeyd edilməlidir. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi hiss etdik. “Dünyada elə bir iki dövlət tanımaq olmaz ki, onlar arasındakı əlaqələr Türkiyə və Azərbaycan arasında olan münasibətlər kimi saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlər boyu çox sınaqlardan çıxıb. Çanaqqala döyüşü, Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad etmək üçün ölkəmizə gəlməsi bu sınaqlardandır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi”,-deyə Əli Əhmədov vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Türkiyə işğaldan azad edilən ərazilərimizin bərpası işində də Azərbaycanın yanında olacaq. YAP Sədrinin müavini Türkiyə və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində iki partiyanın böyük rol oynayacağından əminliyini ifadə edib. O, hər iki ölkənin liderləri – Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlər arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.