BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib. Məqsəd qadın və qızların cəmiyyətdə rolu, elmi və texnoloji sahələrdə fəal iştirakının təmin olunmasıdır. Qloballaşma prosesinin dünyada çox sürətlə inkişaf etməsinə baxmayaraq, həyatımızın bütün sahələrində qadın intellektinə, qadın bacarığına həmişə ciddi ehtiyac var. Qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına təkan verir. Dünya qadın hərəkatının tarixi təcrübəsi sübut edir ki, ictimai sahədə qadın nə qədər fəal iştirak etsə, cəmiyyətin inkişafı da sürətlənər. Ölkəmizdə elmin sürətlə inkişaf etməsi, güclü elmi potensialın üzə çıxması xalqımızın olduqca böyük nailiyyətidir. Azərbaycan elmində qadınların elmi tədqiqatçıların əksəriyyətini təşkil etməsi önəmli uğurdur.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə,qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan qadını fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılması, mədəni, dini, milli-mənəvi dəyərləri üzərində davam etdirir: “Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edib. Cəmiyyətin inkişaf etməsinə öz töhfələrini verib. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yer alır. Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb (1901-ci ildə) 120 il bundan qabaq Bakıda yaradılıb. Bu məktəbləri açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalıları olub. Bu tarixi şəxsiyyətlər başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın, təhsilli milliət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Azərbaycanın ilk qadın pedaqoqu Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq- Səkinə Axundzadə, Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva Azərbaycanda, Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır. Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova bəstəkarlıq sahəsinə xüsusi yer qazanıblar. İlk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk kinoaktrisa, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik İzzət Orucovanın da adı xüsusi ilə sadalanır. Validə Tutayuq biologiya sahəsində ilk qadın elmlər doktoru, professor adını qazanıb. İlk qadın nazirimiz, xarici işlər naziri olmuş Tahirə Tahirova neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın mütəxəssis olub. İlk qadın riyaziyyatçı professor, Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova, ilk qadın oftalmoloq, akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva və başqalarını böyük fəxarətlə sadalamaq olar”.
Komitə sədri bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür: “Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır”.
Deputatın fikrincə, hazırda həyatın bütün sahələrinin inkişafında intellekt, xüsusi ilə süni intellektə, informasiya və kommunikasiya texnologiyalarina ciddi ehtiyac var: “Dövlət innovasiya siyasəti, yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün bütün lazımı şərait yaradıb. Qadınların bu prosesdə iştirak səviyyəsi necə təmin olunur? Bir zamanlar “İKT-də qadınlar” anlayışı bəzi insanlar üçün abstrakt görünürdü. Qadın proqramçı, qadın startapçı, qadın komyuter mühəndisi belə ifadələri eşidəndə insanlar təəccüblənirdi. Artıq bu stereotiplər qırılıb. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 160 ölkədə təxminən 7000-dən çox tədbir təşkil edilib. Bu tədbirlər 240 mindən çox qız və gənc qadının hüquq və imkanlarının genişləndirilməsinə xidmət edib. Avropa İttifaqının (Aİ) Rəqəmli Gündəliyi informasiya-kommunikasiya texnologiyaları sahəsində 10 milyona yaxın insanın 30 faizini qadınların təşkil etdiyini açıqlayıb. İnformasiya texnologiyaların tətbiqində gender fərqlərinin öyrənilməsi hazırda tədqiqatçıların xüsusi diqqət yetirdiyi məsələlərdəndir. “Gender uyğunsuzluğu” termini altında adətən internet cəmiyyətində qadınların kişilərlə müqayisədə az təmsil olunması başa düşülür. Azərbaycanda kompüter istifadə edən qadınların sayı ötən illərlə müqayisədə artaraq 76,8% faiz olub. Tədqiqatlar göstərir ki, qadınlar yeni texnoloji məhsulların yaradılmasında aktiv iştirak edə bilmir. Burada bir neçə yanaşma mövcuddur. Bəzi alimlər qeyd edir ki, qadının bioloji funksiyası onu innovativ fəaliyyətinə təsir göstərir. Qadın dünyaya uşaq gətirir, onu tərbiyə edir və buna görə də karyerasında fasilə etməyə məcbur olur. Bu, isə karyeranın inkişafı prosesini ciddi şəkildə ləngidir. Digər bir məqam isə gender stereotiplərinin olmasıdır. Eləcə də, ailə dəstəyinin olmadığı ailələrdə qadınlar başladıqları işi davam etdirə bilmir. Özünə inamın olmaması, məsələn, maneələrə görə həvəsdən düşməsi, motivasiya çatışmazlığı, uğura inanmaması qadınları elmi və texnoloji fəaliyyətdən çəkindirən amillərdəndir. Əvvəllər qadınlar üçün ənənəvi peşələr, ixtisaslar əvvəlcədən bilinirdi. Əgər qadınsansa ya həkim, ya da müəllimə olmalısan. Lakin biz çalışırıq ki, cəmiyyətə "qadın bütün ixtisaslara yiyələnə bilər” trendini yaradaq. ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmin tədbirdə qeyd etdiyi kimi, elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir”.
Hicran Hüseynova UNESCO-nun hesabatlarına görə Azərbaycan bütövlükdə tədqiqatçıların arasında qadınların xüsusi çəkisi daha çox olan ölkələr sırasında olduğunu söyləyib: “Azərbaycan istər iqtisadi, istərsə də elmi-texnoloji inkişaf baxımından dünyanın qabaqcıl ölkələri ilə bir sıradadır. Qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına təkan verir. Azərbaycan qadınları çətin sayılan neftçıxarma, kosmik tədqiqatlar, kibernetika, siyasi elmlər və s. sahələrdə uğurla çalışır. Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz öz layiqli yerlərini tutub. 2019-cu ildə Azərbaycanda qadın tədqiqatçıların sayı 8665 çatıb. Ölkəmizdə 8 akademik qadın (60 kişi), 11 müxbir üzv qadın (94 kişi), həmçinin qadınlar arasında 315 elmlər doktoru, 3000-dən çox fəlsəfə doktoru var. Çox sevindirici haldır ki, humanitar elmlərlə yanaşı, texniki, tibb, kənd təssərüfatı sahələri üzrə qadın tədqiqatçılarımızın sayı artır. Eyni zamanda qızların ixtisas, peşə seçiminə münasibət də dəyişib. Hazırda iqtisadiyyat, idarəetmə qruplarında qızların sayı son 8 ildə 8,5 dəfə, texniki və texnologi ixtisaslar qrupunda isə 6,6 dəfə artıb. Bu gün əmək bazarının yeni tələblərinə cavab verən, yüksək rəqabətədavamlı qadınların sayının artması dövlətimizin iqtisadi potensialının daha da inkişafına səbəb olacaq. Savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan, qadın həm də sağlam cəmiyyət, gələcək deməkdir. Cəmiyyətimizin və gələcəyimizin inkişafı isə bizim hər birimizdən asılıdır”.