Azərbaycanın təşəbbüsü ilə reallaşan növbəti nəhəng layihə Cənub Qaz Dəhlizi ətrafında regional və qlobal miqyasda perspektivli əməkdaşlıq platforması formalaşıb. Bunu sayca 7-ci toplantısı baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ilbəil artan maraq da təsdiqləyir. Hər il məhz Azərbaycanın moderatorluğu ilə təşkil olunan müzakirələrdə layihənin icrası barədə iştirakçı dövlətlər məlumatlandırılır. Eyni zamanda yeni imkanlar haqda debatlar təşkil olunur. Davamlı olaraq enerji komissarları, ABŞ, Böyük Britaniya kimi nüfuzlu dövlətlərin yüksək ranqlı nümayəndələri iştirak edib. Səmərəli iqtisadi-siyasi təhlillər aparılır. Məhz bu müzakirələr platformasında effektiv nəticələr əldə edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, son toplantıda da aktual məsələlərə toxunulub:
“Əməkdaşlığın növbəti mərhələsi üçün konkret istiqamətlər müəyyənləşib. Bu gün “Cənub Qaz Dəhlizi” Avropada təchizat marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rola malikdir. Üstəlik, burada yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən söhbət gedir. Enerji təhlükəsizliyinin təminatı, eyni zamanda şaxələndirmə istehlakçı və istehsalçı ölkələr üçün hər zaman prioritetdir. Bu projenin icrası Avropanın enerji təhlükəsizliyi baxımından yeni mənbələrin vacibliyini ortaya qoyur. Enerji mənbələrinin şaxələndirilməsinin hər bir ölkə üçün milli təhlükəsizlik rolunu oynayır. Ona görə də Avropanın mənbələrin şaxələndirilməsinə həssaslıqla yanaşması təsadüfi deyil. Azərbaycan Avropanın enerji təminatçısına çevrilir. Enerji resurslarının ixracı ölkəmizin iqtisadi və siyasi əhəmiyyətini artırır”.
Deputatın fikrincə, ilk günlərində layihənin reallaşacağına inanmayanlar, bu məsələyə skeptik yanaşanlar çox idi: “Lakin siyasi iradə sayəsində reallaşan layihənin iştirakçılarının sayı qısa müddətdə artmağa başladı. Bütün seqmentlər vaxtında icra olundu. Təsadüfi deyil ki, İtaliya, Yunanıstan və Bolqarıstanda istehlakçılar bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edir”.
Könül Nurullayeva qeyd edib ki, bu nəhəng layihənin uğurla başa çatması Azərbaycanın enerji resurslarının ixracını təmin etməklə yanaşı, yeni perspektivlər də açır: “Prezident İlham Əliyevin də söylədiyi kimi, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Qərbi Balkan ölkələri ilə də artıq anlaşma memorandumları imzalanıb. Bu kəmərin reallaşmasından sonra isə Qərbi Balkan dövlətləri üçün yeni imkanlar yaranacaq”.