Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Əslində 10 il bundan əvvəl ideya halında olan, nəhayət, 2014-cü ildən inşa edilməyə başlanan və cəmi 6 il ərzində tikintisi başa çatdırılan 3500 kilometrlik boru kəmərinin belə qısa müddətdə istismara verilməsi özlüyündə bir hadisədir. Çünki söhbət heç də adi enerji layihəsindən getmir. Xəzər, Qara, Aralıq və Adriatik dənizləri kimi çox geniş və mühüm akvatoriyada uzunmüddətli və tamamilə yeni formatda əməkdaşlıq platformasından gedir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisn deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli maraqlarını həyata keçirmək üçün realizə edə bilmir:
“Bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevrilən karbohidrogen ehtiyatları belə ehtiyatlara malik olan digər çoxsaylı ölkələrdə dağıdıcı faktora çevrilir.
Məsələn, Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevirilib. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb. Dolayısıyla regional və qlobal müstəvidə bir çoxlarının nail ola bilmədiyi uğurları əldə edib.
Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər “Nabukko” və digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da bunların heç biri baş tutmadı. Sadəcə, Azərbaycan öz tərəfdaşları ilə XXI əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu”.
Hikmət Babaoğlu qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlərə və layihənin gələcək perspektivləri ilə bağlı mühüm istiqamətlərə toxunuldu:
“Hər şeydən oncə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perspektivi haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir.
Yeni plan və layihələr isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşrutların şaxələndirilməsi, beləliklə tərəfdaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamət isə İonik-Adriatik, yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi.
Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa ilə kəsişir, o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar layihənin əhəmiyyətinin və tərəfdaş ölkələrin sayının gələcəkdə daha da artması deməkdir".
Müsahibimiz qeyd edib ki, ayrıca bir məsələ bu tərəfdaşlıq prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tranzit ölkəyə çevrilməsi hadisəsidir:
"Prezident İlham Əliyev qeyd etdi ki, qardaş Türkmənistanla birlikdə istismar ediləcək “Dostluq” yatağından əldə edilən resuslar artıq Azərbaycana həm də tranzit ölkə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə, heç şübhəsiz, daha yeni və fərqli perspektivlər də var ki, bu da gələcəkdə daha aydın görünəcək.
Bütün bunlar uzunmüddətli perspektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün daha cazibədar edir”.