15 Fevral 2021 21:56
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ideoloji-siyasi əsaslarını müxtəlif toplantılarda, mötəbər məclislərdə hələ bir ildən çox müddət ərzində hazırlamağa başlamışdı. Məsələn, 2019-cu ilin 30 sentyabr-3 oktyabr tarixində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun (Valdai Discussion Club) XVI illik iclasının sonuncu günü – oktyabrın 3-də baş tutan plenar sessiyada cənab İlham Əliyev parlaq çıxış etdi. Dövlət başçımız çıxışı zamanı təhlükəsizlik problemlərinə dair ətraflı izahat verdi. Təhlükəsizlik problemləri içərisində Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Cənubi Qafqaz üçün necə böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Eyni zamanda qeyd etdi ki, hazırda Cənubi Qafqazda təhlükəsizlik üçün başlıca problem Ermənistanda bərqərar olmuş hərbi xunta rejimi və bu rejimin Azərbaycan torpaqlarını işğal etməsi və bölgədə gərginliyi daim artırmağa çalışmasıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, dövlət başçımız həmin iclasda Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını vurğulayıb və Ermənistan baş nazirinin sözlərinə cavab olaraq sonradan dillər əzbərinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” tarixi frazasını işlədib:

“Bu, çox böyük mənəvi-siyasi-ideoloji çəkiyə malik bir fikir idi. Cənab prezident sonra – oktyabrın 19-da MDB Dövlət Başçıları Şurasının iclasında da Dağlıq Qarabağın və ətraf ərazilərin işğaldan azad olunmasının ideoloji istiqamətlərini çox aydın şəkildə izah etdi. Biz bu ideoloji-siyasi mübarizənin kulminasiya nöqtəsini 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri zamanı gördük. Cənab prezidentin çıxışı Dağlıq Qarabağa dair məsələlərin yüksək səviyyədə şərh edilməsi ilə nəzər-diqqəti cəlb edirdi. Belə ki, indiyədək Dağlıq Qarabağ məsələsi ilə bağlı müəyyən bilikləri olan adamlar dövlət başçısının çıxışını dinlədikdən sonra Azərbaycanın nə qədər haqlı olduğunu, Ermənistanın isə işğalçı və təcavüzkar xarakterini daha aydın şəkildə təsəvvür edə bildilər. Münhen Təhlükəsizlik Konfransında iştirak edən dövlət xadimləri, siyasətçilər, elm adamları Azərbaycan Prezidentinin çıxışını çox böyük maraq və diqqətlə dinləyirdilər. Prezident İlham Əliyevin Ermənistan baş naziri ilə debatı özünün maraqlılığı ilə diqqət cəlb edirdi və fərqli intellektual səviyyələrin yarışına həsr olunmuşdu desək, yəqin ki, səhv etmərik. Bu debat cənab İlham Əliyevin sözün əsl mənasında yüksək intellektə, Nikol Paşinyanın isə siyasi diletant səviyyəsinə, istər Dağlıq Qarabağ, istərsə də dünyada yaşanan digər problemlərlə bağlı naşı səviyyədə biliklərə malik olduğunu ortaya qoydu. Bu debat prezidentimizin parlaq intellekti, yüksək nitq qabiliyyəti, dinləyiciləri özünə tərəf çəkmək qabiliyyəti, eyni zamanda şərh etdiyi problemlərdən əsas nüansları ayırmaq bacarığı ilə fərqlənirdi. Ermənistan baş naziri isə tarixi faktlara müraciət edərək “qədim erməni dövləti"ndən danışarkən o qədər səhvlərə və yanlışlıqlara yol verdi ki, hətta iştirakçıların bəziləri “burada Dağlıq Qarabağ problemi müzakirə olunursa, Tiqrandan, qədim erməni dövlətindən danışmağın nə mənası var” deyə sual etdilər. Azərbaycan Prezidenti isə Dağlıq Qarabağ münaqişəsinin yaranması və bunun beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsi, bu müzakirə prosesində yaradılan müxtəlif çərçivələr, bu çərçivələrin problemə hələ də etinasız yanaşmasının anatomiyasını açıb ortaya qoydu. Eyni zamanda danışıqlar prosesində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeni çoxsaylı faktlarla öldürücü surətdə tənqid etdi. Azərbaycan Prezidentinin ingilis dilində təmiz və səlis danışması, auditoriyadan çəkinməməsi, auditoriyanın fövqündə dayana bilmək, insanları inandırmaq bacarığı, bütövlükdə problemlərdən tam xəbərdar olmaq qabiliyyəti onun bütün dinləyicilərin gözündə ucaltdı. Ermənistan baş naziri isə sözün əsl mənasında siyasi məsələlərdə nə qədər naşı və diletant olduğunu nümayiş etdirməklə erməni tərəfinin mövqeyini bir növ yerə vurmuş oldu”.

Qabil Hüseynli qeyd edib ki, beləliklə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti gələcək 44 günlük müharibənin ideoloji tezislərini vermiş oldu:

“Bu ideoloji tezislərə söykənərək ordu quruculuğu, hərbi təlimlər sürətlə aparıldı. Beynəlxalq təşkilatlarla iş və əlaqələr də daha yüksək səviyyədə qaldırıldı və ən nəhayət, Azərbaycan Prezidenti özünün dediyi kimi “nəyi, nə vaxt etməyi mən bilirəm” tezisinə riayət edərək sentyabrın 27-də ermənilərin həmlələrinə cavab olaraq əks-hücum taktikası seçmiş ordumuza “İrəli!” əmrini verdi. Beləliklə, Ermənistan ordusunun uzun illər ərzində qurduğu istehkamlar qısa müddətdə yarıldı və təcavüzkar ordunun onurğa sütununun sındırılmasına, diz çökdürülməsinə və qeyd-şərtsiz təslim aktına – kapitulyasiya sənədinə imza atmasına gətirib çıxardı. Bu, Azərbaycan xalqının tarixində tariximizə qızıl hərflərlə yazılan çox böyük qələbələrdən biri idi. Azərbaycan xalqının ona xeyli əzab-əziyyətlər vermiş erməni faşizmi üzərində qələbəsi tərəqqipərvər bəşəriyyət tərəfindən də təqdir olunmaqdadır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər