16 Fevral 2021 10:45
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin Münhendə ötən il 15 fevralda keçirdiyi görüş, çox böyük əks-sədaya səbəb oldu. Bu reaksiyanın da səbəbi o idi ki, ilk dəfə Azərbaycan Prezidenti ilə Ermənistanın birinci şəxsi açıq debatda iştirak edirdi. Onlar öz ölkələrinin Dağlıq Qarabağla bağlı siyasətini müzakirə edirdilər. Münhen debatı Vətən müharibəsində Ermənistanın məğlubiyyətinin əsasını qoyan mühüm bir hadisə oldu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev deyib.

Millət vəkili bildirib ki, Münhen Təhlükəsizlik Konfransında təşkil edilmiş debatda Cənab Prezident erməni baş naziri bütün siyasi müstəvilərdə darmadağın etdi:

“Bu debatdan sonra Paşinyanın nə qədər cılız, əlacsız olduğu bütün dünyaya nümayiş olundu. Cənab Prezident təkcə dərin zəkası, siyasi uzaqgörənliyi, ağıllı cavabları və özünəməxsus diplomatik gedişləri ilə deyil, həm də çox yüksək intellektual potensialı ilə Ermənistan rəhbərindən nə qədər üstün olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Azay Quliyevin fikrincə, bu, çox ciddi siyasi uğur idi:

“Münhen konfransında Azərbaycanın haqlı olmasının sübutu ölkəmizin Vətən müharibəsindəki mövqeyini daha da gücləndirdi. Bu iki ölkə liderinin ilk dəfə qarşılaşdığı və Azərbaycan Prezidentinin erməni baş nazirə böyük hesabla qalib gəlməsi hadisəsi, Vətən müharibəsinin siyasi müstəvidə məşqi idi. Bu üstünlüyün düşmən üzərində həm də bir psixoloji təsiri oldu. Həmin debatdan sonra bir çox dünya ölkələrinin mətbuatı, xüsusilə Ermənistan mətbuatı Paşinyanı ciddi tənqid edərək onun nə qədər çarəsiz, zəif, bacarıqsız bir lider olduğunu göstərdilər. Azərbaycan Prezidentinin isə nə qədər hazırlıqlı, güclü arqumentlərə sahib, diplomatik məharətə malik dünya miqyaslı bir lider olduğunu gördülər”.

Deputat qeyd edib ki, bu debatda ölkə başçısının yüksək intellektual potensialının, özünəgüvənin və debatı peşəkar səviyyədə aparıb qalib gəlmək bacarığının çox yüksək səviyyədə olduğuna şahid oldular:

“Münhen Konfransından sonra gedən prosesləri hər kəs xatırlayır. Ermənistanın Azərbaycana qarşı bir sıra açıq təxribatları baş verdi. Ötən ilin iyulunda Tovuz istiqamətində hücumu, avqust ayında diversiya hərəkəti və nəhayət sentyabrın 27-dəki təxribatı Vətən müharibəsi ilə nəticələndi. Azərbaycan bütün dünyanın etiraf etdiyi kimi həm diplomatik, həm siyasi, həm də döyüş meydanında düşməni darmadağın edərək tarixi zəfərə nail oldu və torpaqlarını işğaldan azad etdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər