17 Fevral 2021 13:07
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri zəngin və əhatəli olur. Artıq azad olunmuş torpaqlarda ilk dəfə olaraq yenidən qurulmuş sosial infrastrukturun açılışı oldu. Qısa zamanda Güləbird su elektrik stansiyasının açılışı tarixi hadisədir. Bu, o deməkdir ki, azad olunmuş ərazilərimizə həyat qayıdır. “Ağıllı kənd” layihəsinin təməli qoyuldu, Laçında bayrağımız dalğalandırıldı. Bu gün Qarabağ torpaqlarında sürətli yenidənqurma və bərpa işləri gedir. Yollar tikilir, işıq xətləri yenilənir, elektrik stansiyaları, hava limanlarının təməli atılır, əkinə yararlı torpaqların becərilməsinə başlanılır və ən əsası o yerlərdə bayrağımız ucaldılır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, ölkə başçısının işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfərləri həm də siyasi xarakter daşıyır: “Prezident İlham Əliyevin bu səfərləri dünya ictimaiyyəti, o cümlədən ermənilər tərəfindən diqqətlə izlənilir. Dövlət başçısı azad olunmuş torpaqlarda geniş nitqlə çıxış edir, mühüm mesajlar verir. Bu mesajlar həm daxili, həm də xarici auditoriyaya hesablanıb. Daxili auditoriyası üçün torpaqlarımızın necə və hansı şəraitdə ermənilərin işğal etdiyi ilə bağlı vəziyyət dəyərləndirilir. İşğala yol açan o vaxt hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün rolu, bu təcüvüzdən xalqımızın çəkdiyi əziyyəti və ərazilərə qayıtmağımızla bağlı məsələlər diqqətə çatdırılır. Xalqımız bilir ki, torpaqlarımız necə və hansı şəraitdə işğal olunub. İşğalın baş verməsində rolu olan qüvvələr torpaqların azad olunmasından narahatdır. Ordu, xalq, Ali Baş Komandan birliyi ilə əldə olunmuş böyük Qələbəyə kölgə salmağa çalışılır”.

Deputatın fikrincə, xarici auditoryaya üçün nəzərdə tutulmuş çağırışlarda işğal faktoru və bunun ətrafında baş verənlər barəsində mesajlar verilir: “Cənab Prezident dost ölkələri azad olmuş ərazilərdə bərpası işlərinə dəvət edir. Tarixi Qələbə düşmənlərə bir daha xatırladılır. Buna baxmayaraq erməni cəmiyyətində bəzi müxalif, revanşist fikirlər səslənir. Bu çağırışlar erməni ictimaiyyətində rəy yaratmağa hesablanıb. Cənab Prezident İlham Əliyev revanşist fikirləri reallaşdırmağa qadir erməni ordusunun olmadığını bir daha bu təfəkkürdə olanların yadına salır. Erməni ordusu darmadağın edilib. 10 noyabrda imzalan üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktı idi”.

Azər Badamov vurğulayıb ki, İrəvanın mərkəzində prezident kimi görmək istərdin sualı ilə keçirilən rəy sorğusunda sadə ermənilər Prezident İlham Əliyevin adını çəkir: “Bunu sadə ermənilərin cənab Prezidentə olan simpatiyası kimi qeyd etmək olar. Erməni ictimaiyyəti cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərlərini diqqətlə izləyir və çıxışlarına böyük maraqla qulaq asır. İşğaldan azad edilmiş ərazilərə həyatın qayıtması üçün yenidənqurma və bərpa işləri sürətlə davam edir. Cənab Prezidentin bu bölgələrə səfərləri görülən işlərin daha məsuliyyətlə və keyfiyyətlə icrasına yol açır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər