“İki gündən sonra erməni müxalifəti mümkün resursunu səfərbər edərək İrəvanın Azadlıq meydanında Nikol Paşinyan hökumətinə qarşı mitinq keçirəcək. Əslində isə 10 noyabr sazişindən sonra acınacaqlı məğlubiyyəti əsas götürən erməni müxalifəti mitinqlər təşkil etməyə çalışsa da, alınmadı. 16-dan çox partiya birləşsə də, əhalini küçələrə çıxara bilmədi. Baxmayaraq ki, Ermənistan məğlubiyyətlə üz-üzə idi və müharibənin də yaraları təzə idi. Amma müxalifətin aksiyalarında iştirak edənlərin sayı 8 mini keçmədi”.
Bu fikirləri Teleqraf.com-a Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli fevralın 20-də İrəvanda keçirilməsi planlaşdırılan ümumerməni mitinqi və onun yarada biləcəyi reallıqlar haqqında danışarkən deyib.
N.Cəfərli qeyd edir ki, iundiyə qədər baş verən aksiyalarda etməni xalqının iştirak etməməsinin səbəbləri var: “Erməni cəmiyyətinin hərbi məğlubiyyətdən sonra Paşinyana acıqlı olmasına baxmayaraq köhnə komandaya-“Qarabağ klanı”na etimadı yoxdur. Bilir ki, məhz bu komanda 20 ildən çox Ermənistanda korrupsiya sistemi yaradıb, demokratik dəyərlərə, insan haqları məsələsinə etinadsız yanaşıb. Hətta 2008-ci ilin martında əhaliyə güllə atmaqdan çəkinməyib. Yəni erməni xalqı Paşinyana güvənməsə də, ondan əvvəlki komandaya ümumiyyətlə etibar etmirlər. Başqa sözlə, Köçəryan-Sərksiyan cütlüyünün hakimiyyət yolunu uğurlu saymırlar.
Mümkündür ki, yanvarın 20-də müxalifət aksiyaya daha çox insan cəlb etməyə nail olsun. Amma hava xəbərlərinə görə iki gündən sonra İrəvanda soyuq və şaxtalı hava gözlənilir. Ola bilsin ki, bunun təsiri olacaq. Əlbəttə, müxalifət çalışacaq ki, daha çox insanı meydana çıxarmağa nail olsun və bu aksiya ilə hakimiyyət gəlmək şanslarını göstərib, bunu xalq hərəkatına çevirməyə çalışsınlar. Amma İrəvanda gedən proseslər göstərir ki, orada ciddi başıpozuqluq var. Yəni insanların etimadını qazanan hansısa siyasi lider və təşkilatın olduğunu deyə bilmərik. Keçmiş “Qarabağ klanı”na olan nifrət vfə aqressiv münasibətini nəzərə alsaq deyə bilərik ki, 20 fevral aksiyası həlledici olmayacaq. Lakin bir prosesin başlanğıcı kimi sayıla, yaz-yay aylarında ölkədə erkən parlament seçkilərin keçirilməsinə səbəb ola bilər”.
Natiq Cəfərli nəzəri baxımdan erməni müxalifətinin 50-60 min insanı meydana çıxara biləcəyi təqdirdə, dövlət çevrilişinə cəhd etmək kimi addımlara gedə biləcəyini istisna etmir: “Hər şey ola bilər. Nəzərə almaq lazımdır ki, bu müxalifətin və onun elektoratının revanşist, şovinist ideyalarla silahlandığını görürük. Ola bilsin ki, buna cəhd edilsin, lakin bu asan məsələ deyil. Moskva Ermənistanda ciddi rolu olan mərkəzlərdən birincisidir. Belə addımların gələcəkdə Rusiya üçün hansı fəsadlar verə biləcəyini dəqiq hesablamaq mümkün deyil. Hakimiyyət dəyişsə ortaya revanşist ideyalar çıxa, hətta 10 noyabr saziş sual altında qala bilər. Bu isə ən çox Kremli pis vəziyyətdə qoya bilər. Odur ki, küçədən başlayıb bir günə hakimiyyəti ələ almaq sadə iş deyil. Əksinə, davamlı aksiyalara təmin edə bilsələr erkən seçkilər üçün Paşinyan hökumətinə təzyiqlər göstərə və yaya qədər bu seçkilərin baş tutmasına nail ola bilərlər” .