18 Fevral 2021 20:56
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun növbəti sammitindən sonra alyans qlobal geosiyasi proseslərdə hərbi-siyasi aktor kimi rolunu artıracaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert NATO Baş katibin Rusiya və Çinə qarşı səsləndirdiui fikirlərə diqqət çəkib:

“NATO-nun yeni strateji konsepsiyasında Çin və Rusiyanın qarşısının alınmasının prioritet olacağı barədə Baş katib Yens Stoltenberqin bəyanatı dünya gündəminin aparıcı mövzusudur. Rusiya bəyanata xarici işlər nazirliyinin sözçüsü səviyyəsində cavab verib. Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, NATO siyasi və iqtisadi müstəvidə Rusiyanın qarşısını almaq üçün sanksiya və təxribatlardan yararlanmaqla ölkənin daxili işlərinə açıq şəkildə müdaxilə edir.

Çinin Xarici işlər nazirliyinin açıqlamasında isə Stoltenberqin alyansın yeni konsepsiyası ilə bağlı bəyanatı “soyuq müharibə mentaliteti” kimi qiymətləndirilib.

Qeyd edim ki, NATO Baş katibinin yeni konsepsiya ilə bağlı bəyanatında Rusiya və Çinlə bağlı məsələdən daha önəmli məqamlar da var. Bunlardan birincisi, alyansın “dəyərlərinin təsdiqlənməsi və Avropa-Şimali Amerika əlaqələrinin möhkəmləndirilməsidir”. Baş katibin bəyanatında diqqətçəkən digər məqam isə, NATO-nun “daha geniş məsələlərin müzakirəsi və əlaqələndirilməsi ilə bağlı platformaya çevrilməsi” təşəbbüsüdür. Bu isə, öz növbəsində hərbi-siyasi alyans olan NATO-nun siyasi yükünün artırılması və qlobal proseslərdə vahid mexanizm kimi iştirakının təmin edilməsi deməkdir”.

Elçin Mirzəbəyli qeyd edib ki, Stoltenberqin bu bəyanatı Ağ Evin və alyansa üzv olan digər dövlətlərin mövqeyini ifadə edir:

“Bu isə o anlama gəlir ki, konsepsiyanın qəbulundan, yəni NATO-nun növbəti sammitindən sonra alyans qlobal geosiyasi proseslərdə hərbi-siyasi aktor kimi rolunu artıracaq. Düşünürəm ki, baş katibin bəyanatını qlobal proseslərdə hərbi-siyasi güc amilinin önə keçəcəyinin anonsu kimi də qiymətləndirmək olar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər