Vətən müharibəsindən sonra azad edilmiş topaqlardakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına böyük ehtiyac var. Dünya Azərbaycanın Ermənistan tərəfindən işğalçılıq siyasətinə məruz qaldığını, ərazilərindəki bütün tikililərin yerlə-yeksan edildiyini görməlidir. Eyni zamanda ölkəmizin faktiki olaraq həmin ərazilərdə tikinti-quruculuq işlərinə sıfırdan başladığını bütün dünya bilməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, dünyada heç bir zaman işğal müddətində bu cür dağıntı qeydə alınmayıb:
“Sanki barbarlıq, vəhşilik əhval-ruhiyyəsi Ermənistan qoşunlarında, hakimiyyətində hökmranlıq edib. Cənab Prezident vaxtaşırı xarici Kütləvi İnformasiya Vasitələri ilə, tanınmış şəxslərlə bu məsələni diqqətə çatdırır. Ölkə rəhbəri ötən gün bir daha bu məsələ ilə bağlı daha ətraflı məlumat verdi. Dünyada söz sahibi olan insanların Dağlıq Qarabağ problemi və problemin həllindən sonra yaranmış vəziyyətlə bağlı məlumatlı olması çox vacibdir. Hiss edilir ki, eyni zamanda onların özləri də bu məsələyə böyük maraq göstərir. Xaricdə tanınan insanların işğaldan azad olunan ərazilərə səfərləri, xarici KİV-lərdə məlumatların yayılması bu qəbildən olan məsələlərdir. Eyni zamanda Ermənistan ərazisinin də tarixi Azərbaycan torpağı olduğu, yer adlarının kütləvi şəkildə dəyişdirildiyi faktlar var. Ermənistanda ancaq ermənilərin yaşadığı, monoetniq bir dövlət olduğu da dünyanın bildiyi məlumatlardandır”.
Deputat qeyd edib ki, Azərbaycan bu istiqamətdə ardıcıl iş aparır:
“Cənab Prezident bu istiqamətdə nümunə göstərir. Ötən gün Nizami Gəncəvi adına Beynəlxalq Mədəniyyət Mərkəzinin nümayəndələri ilə video-konfransda bir çox məsələlərə toxunulub. Bu gün ərazilərin minalardan təmizlənməsi prosesi həyata keçirilir. Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. İşğalçı ölkədə revanşist qüvvələr Azərbaycana qarşı hədələr səsləndirir. Amma bütün bunların heç biri Azərbaycanı qorxutmur. Cənab Prezidentin bir neçə dəfə işğaldan azad olunan ərazilərə səfərləri, orada mühüm mesajlar verməsi quruculuq işlərinin çox uzaqda olmadığını göstərir. Dünya Azərbaycanın qətiyyətini gördüyü kimi öz torpaqlarını da uğurla bərpa etdiyinin şahidi olacaq”.