27 Fevral 2021 12:02
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 27-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin 3-cü birgə iclası keçiriləcək. Ermənistan daxilindəki ictimai siyasi gərginliklərə görə, həmin ölkənin nümayəndəsinin iştirakı sual altında idi. Prezident İlham Əliyev görüşdə iştirak edə bilməzlərsə, bunu anlayışla qarşılayacağını ötən gün keçirdiyi mətbuat konfransında bildirib. Ancaq iclas tam tərkibdə baş tutacaq. Bu da müsbət haldır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O qeyd bildirib ki, 10 noyabr bəyannaməsi və üç ölkə liderinin 11 yanvar razılaşmasındakı müddəaların icrası təmin olunmalıdır:

“Elə məsələlər var ki, onların icrası gecikdirilir. Süni şəkildə yaradılmış yeni problemlər üzə çıxır. Azərbaycan öz üzərinə düşən öhdəlikləri operativliklə yerinə yetirir. Əsas məsələlərdən hesab olunan kommunikasiyaların açılması üçün, yeni dəmir və avtomobil yollarının, beynəlxalq aeroportun tikintisinə başlanıb. Ərazilərin minalardan təmizlənməsi, iki ölkə arasında sərhədlərin delimitasiya işləri, digər infrastruktur layihələri icra olunur”.

Deputatın fikrincə, regionda yaranmış yeni əməkdaşlıq imkanları, burada yaşayan xalqların mənafeyinə xidmət edir:

“Əməkdaşlıq üçün çox böyük imkanlar var. Ermənistanın gələcəkdə bir dövlət kimi mövcudluğu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Eyni zamanda Mehri koridoru vasitəsilə Naxçıvan və perspektivdə Türkiyə ilə dəmir yolu və avtomobil yolunun açılması olduqca əhəmiyyətlidir. Yaranmış imkanlardan faydalanmaq isə ermənilərdən asılıdır. Özlərində güc taparaq, revanş çağırışlarından, mifik illüzyalardan imtina etsələr, bölgədə sabitlik yaranar. Çünki imkanlar çoxdur. Sadəcə düzgün dəyərləndirmək lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər