Son günlər bir sıra sosial media seqmentində Milli Məclis və onun rəhbərliyi haqqında həqiqətdən uzaq informasiyalar yer alır. Bəzi qruplar Milli Məclisə və onun rəhbərliyinə qarşı kampaniya aparmaq üçün fürsət axtarır. Ali qanunverici orqanda səslənən hər bir fikir ölkə qanunlarına, xalqın istək və arzularına, cəmiyyətdən gələn mesajlara əsaslanır. Sözsüz ki, ölkədə mövcud olan azad söz, fikir müxtəlifliyi təqdiredici haldır. Amma son günlər müxtəlif mövzular ətrafında bəzi seqmentlərdə ikrah yaradan fikirlər tirajlanır. Sosial medianın geniş imkanlarından yararlanan bəzi şəxslər məsələlərin mahiyyətinə varmadan fikir yürüdür, yalan informasiya yayır, ikrah doğuran şərhlərlə çıxış edirlər. Bu da sözsüz ki, bir sıra hallarda yanlış mövqenin formalaşmasına, birtərəfli ittihamlara yol açır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, hərbçilərə ödənişlə bağlı fevralın 23-də Milli Məclisdə gedən müzakirələrin mahiyyətini düzgün başa düşmədən qanunvericilik hakimiyyətinə və rəhbərliyinə qarşı kampaniya edilir. Bunlar reallıqdan uzaqdır:
“Bugün cəmiyyətin ən şərəfli üzvlərindən olan əsgər və hərbi qulluqçularımıza, şəhid ailələrimizə və qazilərimizə hər kəs borcludur. Azərbaycanda istər döyüş, istərsə də qeyri-döyüş şəraitində hərbçilərə, əsgərlərə dövlətin cəmiyyətin yanaşması birmənalıdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. 30 illik erməni təcavüzünə güclü Azərbaycan Ordusu sayəsində son qoyulub. İgidlərimiz ermənilərin 10 illər boyu yaratmış olduğu sədləri aşıb keçərək Şuşaya, Cəbrayıla, Qubadlıya və digər azad olunmuş torpaqlarımıza şanlı bayrağımızı asıb. Cənab Ali Baş Komandanın dediyi ki, Azərbaycan əsgərinin Şuşada göstərdiyi qəhrəmanlıq bir dastandır. Bu cür mərd, cəsur bir Ordu ilə Azərbaycan xalqı fəxr edir. Ölkədə olan bütün inzibati sturukturlar əsgərlərin, qazilərin, şəhid ailələrinin hər zaman ən xırda probleminə belə həssaslıqla yanaşır. Bu gün Ordu ilə dövlət, cəmiyyət birdir, bütövdür. Azərbaycan əsgərinin yeri xalqımız üçün ən yüksək dəyərlərlə ölçülür.
Sosial şəbəkələrdə yayılan məlumatlarda Milli Məclis sədrinin hərbçilərin maaşı ilə bağlı əsas fikirləri tamamilə konteksdən çıxarılıb. Milli Məclis və onun rəhbərliyi hər zaman bu cür məsələlərə böyük həssaslıqla yanaşıb. Ona görə də çaşqınlıq yaradacaq fikirlərin və halların olması mümkün deyil. Dövlətimiz hər zaman Ordunun təchizatını ən yüksək səviyyədə saxlayıb. Hər bir zabitin, əsgərin sosial qayğısı dövlət üçün prioritetdir. Amma bu mövzunun indiki həssas bir dönəmdə Parlament rəhbərliyinə qarşı bir kampaniya kimi istismar edilməsi yolverilməzdir”.