Teleqraf.com Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə müsahibəni təqdim edir:
- Leyla xanım, son zamanlar Ermənistan tərəfi Azərbaycan Respublikasının guya ki, 10 noyabr tarixli üçtərəfli bəyannamənin 8-ci bəndindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini iddia edən və müharibə əsirlərinin mübadiləsini tələb edən bəyanatlarla çıxış edir. Müəyyən hallarda bəzi ölkələrin rəsmilərinin də bu məsələni gündəmə gətirdiyini müşahidə edirik. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Ermənistan tərəfinin və onun havadarlarının qeyd etdiyiniz məsələ ilə bağlı tamamilə əsassız iddiaları Xarici İşlər Nazirliyi tərəfindən cavablandırılıb və bir daha qeyd etmək istərdik ki, Azərbaycan Respublikası 10 noyabr 2020-ci il tarixli bəyanatın öhdəliklərinə sadiq qalır və bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsi istiqamətində müvafiq addımları atır. Bu məsələ ilə bağlı ən ali səviyyədə dəfələrlə münasibət bildirilmişdir. Qeyd etmək istərdim ki, hərbi əsirlərin mübadiləsi məsələsində Azərbaycan tərəfi xüsusi həssaslıq göstərərək Vətən müharibəsi zamanı əsir düşmüş 43-ü hərbçi və 28-i mülki şəxs olmaqla, ümumilikdə 71 erməni vətəndaşını 10 noyabr tarixli üçtərəfli bəyannamənin 8-ci bəndinin şərtlərinə uyğun şəkildə qarşı tərəfə qaytarmışdır.
Ermənistan tərəfinin süni şəkildə qaldırdığı “62 nəfər” məsələsinə gəldikdə isə, məlum olduğu kimi, üçtərəfli bəyanatın imzalanmasında sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə göndərilən və Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində ələ keçirilmiş bu terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz. Belə ki, tutulmuş həmin qrup tərəfindən törədilmiş terror aktları nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu şəhid olmuş, 1 mülki şəxs isə ağır yaralanmışdır. Hazırda sözügedən məsələ Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən araşdırılır. Bildiyiniz kimi, məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov tərəfindən BMT Baş katibi Antonio Quterreşə ünvanlanan və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılan məktubda bu xüsusda təfərrüatlı məlumat təqdim edilmişdir.
Əlavə olaraq bildirmək istərdik ki, Azərbaycan tərəfi bəyannamənin şərtlərinə sadiq qalaraq işğaldan azad edilmiş ərazilərdə erməni hərbi qulluqçularının meyitlərinin tapılması və toplanması istiqamətində lazımi şərait yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Rusiya sülhməramlıları ilə birgə Ermənistan tərəfinə köməklik göstərir. Bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tapılan 1274 cəsəd qarşı tərəfə təhvil verilmişdir.
Bütün bu məsələlərin fonunda hərbi əsirlərin mübadiləsi məsələsinin qabardılması, lakin beynəlxalq humanitar hüquqda adət normalarını pozaraq Ermənistanın işğaldan azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minalara dair xəritəni təqdim etməkdən imtina etməsinin isə beynəlxalq səviyyədə müzakirə olunmaması, məsələ ilə bağlı ikili standartların mövcudluğundan xəbər verir. Hərbi əməliyyatların bitməsindən bu günədək işğaldan azad olunmuş ərazilərdə 12-si mülki şəxs və 6-sı hərbi qulluqçu olmaqla, ümumilikdə 18 nəfər minaya düşərək olmuş, eyni zamanda 62 hərbi qulluqçumuz və 9 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Qeyd olunan faktlar Azərbaycan tərəfinin 10 noyabr tarixli bəyannamədən irəli gələn öhdəliklərə sadiq qaldığının və bölgədə sülhün təmin edilməsində, Ermənistanın isə əksinə, bəyannamə öhdəliklərini pozaraq hər vəchlə bölgədə gərginliyin artırılmasında maraqlı olduğunu açıq şəkildə göstərir.
- Bu günlərdə XİN tərəfindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycan Respublikasının ərazilərində hərbi xidmət üçün göndərilməsi məsələsi ilə bağlı bəyannamə yayıldı. Bu məsələ ilə bağlı şərhinizi öyrənmək istərdik, Ermənistan tərəfinin bu kimi pozucu əməllərinin qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?
- Öncə də bildirdiyimiz kimi, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin, o cümlədən müstəqil kütləvi informasiya vasitələrinin məlumatlarında Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir.
Bu xüsusda qeyd etmək istərdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarının açıq şəkildə pozuntusudur. Azərbaycan öz suveren ərazilərində bu kimi qanunsuz əməllərin həyata keçirilməsinə icazə verməyəcək və bunun qarşısının alınması üçün bütün lazımı tədbirlər görüləcəkdir.
Məlumat üçün bildirmək istərdim ki, xarici işlər naziri Ceyhun Bayramov bu ilin 22 fevral tarixində BMT, ATƏT, NATO və Avropa Şurasının Baş katiblərinə, o cümlədən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ATƏT-in fəaliyyətdə olan sədri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına Ermənistanın beynəlxalq hüquqa, üçtərəfli bəyanata, habelə beynəlxalq adət hüququna uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsi, silahlı qüvvələrini Azərbaycan ərazisində yerləşdirməsinin dayandırması, həmçinin üçtərəfli bəyanatın həyata keçirilməsinə mane olan bütün hərəkətlər və bəyanatlardan çəkinməsi istiqamətində sərəncamlarında olan lazımi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti dəlillər də əlavə olunmaqla müraciətlər etmişdir. Bu müraciətlərin davamı olaraq, Ermənistan tərəfinin qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması sahəsində tərəfimizdən diplomatik kanallarla fəaliyyət davam etdiriləcəkdir.
Bir daha vurğulamaq istərdik ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistanın beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərini tam şəkildə və vicdanla icra etməsinin alternativi yoxdur.