Biz Azərbaycan olaraq torpaqlarımızın işğalı faktı ilə 30 ilə yaxın müddət barışmadıq və torpaqlarımızı işğaldan azad etdik. Ermənilər ilk fürsət əllərinə düşən kimi 10 noyabr razılaşmasını pozmağa cəhd edəcəklər. Ermənistanın bu niyyətləri qarşısında Azərbaycan müəyyən addımlar ata bilər.
Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryanın son müsahibəsini şərh edərkən deyib.
Politoloqun fikrincə, güclü olmağımızı, ittifaqlarımızın gələcəkdə güclü olacağını düşünürüksə, belə təhlükələrdən qorxmağa ehtiyac yoxdur.
Onun sözlərinə görə, bu gün Rusiya ilə olan əlaqələrimiz 20 ildən sonra olmayacaqsa, o zaman ermənilər bundan faydalana bilərlər:
“Hazırda son sorğuda Nikol Paşinyanı dəstəkləyənlər 30 faizdir. Təxminən 30 faiz də Paşinyana qarşı çıxanlar revanşislərdir, 40 faiz isə qərarsızlardır. Əslində burada 40 faiz qərarsızlar həlledici tərəfdir. 30 faiz isə müharibənin nəticələri ilə barışmır, düşünür ki, niyə belə oldu. Onlar revanşist ab-havadadırlar. Tarix də sübut edib ki, ermənilər itirdiklərini geri almağa çalışacaqlar. Odur ki, hər şeyə hazır olmaq lazımdır. Amma onu da nəzərə almaq lazımdır ki, yaxın dövr üçün onların belə bir imkanı olmayacaq. Çünki Azərbaycan Ordusundan ciddi zərbə alıblar, orduları dağıdılıb, texnikaları sıradan çıxarılıb. Amma düşüncə olaraq onlar bu barədə düşünə bilərlər”.