5 Mart 2021 18:46
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək məqsədilə müraciət edən Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu ilə müsahibəni təqdim edir:

- Rafiq bəy, bir neçə partiyanın YAP-la birləşmək niyyətini elan etdiyi açıqlanıb. Sizin sədri olduğunuz Azərbaycan Xalq Demokratik Partiyasının da adı bu sırada çəkilir. Nə deyə bilərsiniz?

- Vətən müharibəsi zamanı YAP-la məhəbbətimiz, əlaqələrimiz yaranmağa başladı. Bu mənada birləşmək ideyası ortaya çıxdı. Mənim təklifim belədir ki, Azərbaycanda üç istiqamətdə - xarici siyasət, daxili siyasət və türkçülük istiqamətində mərkəz yaransın. Bu da yeni söhbət deyil. Prezident də bu istiqamətdə fikirlər səsləndirdi, o cümlədən hakim partiyanın proqramında dəyişikliklər məsələsi var. Bu mənada işləyəcəyik. Bu məsələlər gələcək üçün mükəməlləşməlidir. Ümumilikdə siyasi qüvvələr arasında münasibətlər mövcuddur, partiyalar arasında sivil əlaqələr var. Hamı imkanını ortaya qoymalıdır. Hələlik birləşmə ilə bağlı söhbətlər gedir.

- Sizin partiya YAP-a birləşməklə bağlı müraciət edib. YAP-ın qurultayı zamanı bu məsələ reallaşdımı?

- Yox, bu məsələ qurultayda həll edilmir. Nəzərə alın ki, Ədliyyə Nazirliyi var, hüquqi məsələlər sonra həll ediləcək. Amma “mən səni istəyirəm, sən məni istəmirsən” tipli məsələlərin bir kənara qoyulmasını istərdik. Əvəzində milli təlabatlar irəli çıxsın, irəli gedək, inkişaf edək. Belə də olmalıdır. Sosial mediada da nələrsə yazırlar. Bunun da ziyanı yoxdur. Söhbət ölkəmiz daxilində məhəbbətdən gedir. Odur ki, mən bu məsələləri alqışlayıram.

- Siz YAP-da vəzifə tutmaq haqqında düşünürsünüzmü?

- Yox, bu, heç mənim ağlıma da gəlməyib. Buna ehtiyac da yoxdur. Əlbəttə, ümumi proqram qəbul edilməli, üç sahədə cəmləşmək lazımdır. Hakim partiyanın da öz maraqları, məqsədləri var. Birdən-birə Rafiq Turabxanoğlunun gəlib partiyaya gəlməsi, nəsə istəməsi çətin olar, həm də buna ehtiyac yoxdur. Onsuz da ümumi mənzərədə işlər yaxşı gedir.

- Amma məlumat budur ki, digər partiyalarla yanaşı siz də birləşmək üçün müraciət etmisiniz?

- Bunun nəyi pisdir? Amma bu, bir qədər də ciddiləşməkdir. Siz də razı olarsınız ki, indi YAP-ın ortaya nəsə qoymaq imkanı var. Qalan hamımız ancaq reaksiya veririk, deyirik ki, yaxşıdır. Yaxşı necə olsun? Bunun üçün işləmək lazımdır. Bu siyasi prosesdir. Əlbəttə, nəsələrsə yazırlar, mənə də zəng edib suallar verirlər. Mən də deyirəm ki, bunun nəyi pisdir? Əksinə, lap yaxşı. Görək nə olur. Bəzi detallar var ki, ciddi işlənməlidir.

- Siz hesab edirsiniz ki, müharibədən sonrakı beynəlxalq situasiya, ehtimal olunan xarici təzyiq fonunda Azərbaycandakı siyasi qüvvələr eyni mövqedə olmalıdır?

- Bəli, tamamilə haqlısınız. Milli kimlik, liberalizm, demokratiya, insan hüquqları aliliyi və digər bu kimi məsələləri birlikdə etmək olar. Bir yerdə oturub baxmaq ki, bunun xeyri nədir, yaxın 5 illikdə bir nömrəli məsələ kimi xalqımız nələri nəzərə almalıdır. Mən inkişaf etmiş ölkələrdə ki, siyasi partiyaları da öyrənmişəm. Onlarda əsas müzakirə onunla bağlı olur ki, məsələn, bu il dövlət büdcəsindən daha çox hara diqqət edilsin.

Diqqət edin, ABŞ dünyanın bir nömrəli ölkəsidir, amma orada da vəsaitlərin hara xərclənməsinin müzakirəsi aparılırdı. Bəzən son qərara belə gələ bilmirlər. Müzakirələrin aparılması müsbət atmosfer deməkdir.

- Gələcək seçkilərdə hansı addım atacaqsanız, YAP-ın namizədini müdafiə edəcəksiniz?

- Görünür, əvvəlcə razılıq olacaq. Şəxsən Rafiq Turabxanoğlu olaraq mənim üçün bunun fərqi yoxdur. Əsas odur ki, intellektural, savadlı, baş verən hadisələrdən baş çıxaran və yaxşı insan olsun. Mən bu məsələdə fərqli düşünürəm. Həm də yaxşı adamı kim müdafiə etməz? Mən məsələlərə bir qədər fəsləfi və həm də praqmatik yanaşmanın tərəfdarıyam.

- Bu gün keçirilən YAP-ın qurultayında iştirak etmisiniz. Təəssüratınız nədən ibarətdir?

- Açığı, dəvət etmişdilər. Bizdə qurultayda iştirak etdik, xoşumuz da gəldi. Əlbəttə, qurultay ali iclasdır, burada tənqid də, tərif də olmalıdır. Hesab edirəm ki, normal və uğurlu qurultay alındı.


Müəllif: Nemət