Qarabağ məsələsi Azərbaycanın öz iradəsi, Ali Baş Komandanın Sərkərdəliyi və Ordumuzun gücü ilə həll olunduqdan sonra keçirilən bütün tədbirlər bir başqa əhval-ruhiyyədə olur. İndiyə kimi toplantılarımızda planlarımıza yenidən baxır, mütləq şəkildə hədəflərimizi Dağlıq Qarabağ məsələsinin həll olunmasına uyğun qururduq. Hədəflərimizdə ən ümdə yerdə bu məsələ dayanırdı. Bu gün də Qarabağ məsələsi bizim üçün əsas yerdədir. Amma bu dəfə tamam fərqli bir mövqedə.
Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, Qarabağda tikinti, quruculuq, abadlıq işləri, insanlarımızın azad olunan ərazilərə geri qayıtması ilə bağlı praktik işlər, planlar qurulur:
“Yeni Azərbaycan Partiyasının qurultayı da bu istiqamətdə yadda qalan oldu. Cənab Prezidentin qurultaydakı çıxışında ötən dövrə nəzər salındı. Partiyanın yarandığı dövrdən bu vaxta qədər keçən müddət ərzində əldə etdiyi nailiyyətlər, yeni Azərbaycanın qurulmasında iştirakı və zamanın tələbinə uyğun fəaliyyətindən qürurla, fəxrlə danışdıq”.
Komitə sədri bildirib ki, müharibədən sonrakı dövrün tələbləri cənab Prezidentin çıxışında da əksini tapdı:
“Cənab Prezident tamamilə yeni bir mərhələnin başladığını söylədi. Bu mərhələnin bütün şərtlərinə və tələblərinə uyğun addımlar atılmalıdır. Partiya bununla bağlı öz üzərinə düşən işləri yerinə yetirməlidir. Bu qurultayda YAP-ın yeni nizamnaməsi qəbul edildi. Tapşırıq oldu ki, yeni seçilən İdarə Heyəti partiyanın yeni proqramı üzərində işlərə başlasın. Yaxın müddətdə bu proqram yeni dövrün tələblərinə, çağırışlarına uyğun qurulacaq. Partiyanın müvafiq orqanlarına yenidən seçkilər keçirildi. Tərkibdə mühüm dəyişikliklər baş verdi. Ən yadda qalan məqamlardan biri də ondan ibarət idi ki, Azərbaycanda 90-cı illərdən fəaliyyət göstərən bir neçə siyasi partiya YAP-la birləşmək haqqında qərar qəbul edib. Partiya onların qərarlarına baxdı və müsbət formada qəbul edildi. Bu da YAP-ın həm ötən dövrlərdə, həm də bu gün Azərbaycanın siyasi sistemində ən vacib bir yerə malik partiya olduğunu göstərir. Geniş ictimaiyyət, insanlar, həm də digər siyasi partiyalar arasında YAP-ın özünəməxsus yeri var. İnsanlar bu partiyaya gəlir, ayrı-ayrı siyasi partiyalar YAP-la birləşir. Xalq cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyirsə, Azərbaycanda gedən siyasi proseslərə dəstək verirsə, onlar da düşünürlər ki, YAP-la birlikdə olmalıdırlar. Partiya təmsilçiləri də məmuniyyətlə bu qərarı qəbul etdi”.
Bahar Muradova YAP-ın qurultayında partiyanın rəhbər orqanlarına yeni tərkibin seçilməsindən, bundan sonra sədrin qarşıya qoyduğu vəzifələrlə bağlı işlərin görülməsindən danışıb:
“Heç bir fasilə vermədən bu proses davam edəcək. YAP növbəti bir mərhələyə yekun vurub. Yeni bir mərhələnin başlanğıcındadır. Bunun da uğurlarla davam edəcəyinə qəti əminlik var”.