8 Mart 2021 16:32
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu vaxta qədər əldə etdiyi bütün uğurları öz hesabına qazanıb. Dövlət başçısının da söylədiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim tərəfindən kömək edilməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, cənab Prezident Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında mühüm məsələlərə toxunub:

“Ən çox diqqət çəkən məqamlardan biri mürəkkəb geosiyasi vəziyyətdə, qlobal təzyiqlər fonunda Azərbaycanın uğurlar əldə etməsi ilə bağlı reallıqların cəmiyyətə çatdırılmasıdır. Doğrudan da gücün haqlı olduğu, dünyada ədalət prinsiplərinin ən kobud şəkildə pozulduğu bir vaxtda beynəlxalq münasibətlər sistemində öz yerini tutmaq, nüfuzunu möhkəmləndirmək, etimad qazanmaq asan deyil. Amma Azərbaycan buna nail olub. Müstəqilliyin ilk illərində dövlətçiliyin məhv olma təhlükəsindən xilas olan Azərbaycan son 30 ildə haqq işini, ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparıb. Dövlət başçısının da söylədiklərindən aydın olur ki, ölkəmizi bu prinsipial mövqedən çəkindirməyə çox cəhdlər edilib. Amma siyasi iradə və prinsipiallıq sayəsində Qarabağ məsələsi bir an belə arxa plana keçməyib. Qlobal miqyasda təzyiqlərə baxmayaraq, bütün paltformalarda Azərbaycan Prezidenti dünya ictimaiyyətindən ədalət tələb edib. Halbuki, xalq diplomatiyası, “kompromis” adı altında Xocalı soyqırımının, etnik təmizləmə siyasətinin, mədəni-tarixi irsimizə qarşı törədilən terrorun unudulmasına cəhdlər olunurdu”.

Könül Nurullayeva qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrə işğalçının da cəlb olunması şərt kimi irəli sürülürdü:

“Qlobal layihələrin icrası üçün tələb olunan keditlərin verilməsindən imtina da məhz buna hesablanmışdı. Amma bu cür yanaşmalar da yekunda effektiv olmadı. Faktiki Azərbaycan bu təzyiqlərə təkbaşına müqavimət göstərərək, ən mürəkkəb situasiyada əməkdaşlıq platforması yaratdı. Qısa vaxtda xeyli sayda tərəfdaş qazanmağın da əslində obyektiv səbəbləri var. Azərbaycan iqtisadi və siyasi imkanlar hesabına həm bölgədə, həm də dünyada aparıcı gücə çevrilib. Ölkəmiz sülhə, əməkdaşlığa töhfə verməklə seçilir. Reallıqlarından biri də budur ki, vaxtı ilə Azərbaycana kredit verməyənlər ölkəmizin beynəlxalq reytinqlər üzrə müsbət göstəricilərinə şahidlik edir. Təsadüfi deyil ki, dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq, 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. İqtisadi azadlıq üzrə Azərbaycan mümkün 100 baldan 70,1 bal toplayıb. Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional ortalamaya bərabərdir, lakin dünya ortalamasından yüksəkdir”.

Deputat əlavə edib ki, bu müsbət göstəricilərin qlobal pandemiyanın yaratdığı risklər fonunda qeydə alınması da xüsusi əhəmiyyətə malikdir:

“Dünyanın aparıcı iqtisadi-maliyyə institutlarını, reytinq mərkəzləri Azərbaycanın inkişaf tendensiyasını yüksək dəyərləndirir”.


Müəllif: Tapdıq Qurbanlı