“Şübhəsiz ki, Rusiyanın Ermənistanı silahlandırması yolverilməzdir. Bu, onun sülhməramlı missiyasına uyğun addım deyil. Azərbaycan ərazilərindəki Rusiya sülhməramlılarının davranışları belə onların səlahiyyət çərçivəsinə aid deyil. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğunu təmin edən yeganə sənəd 10 noyabr bəyanatıdır. Bundan başqa, sülhməramlılara nə Azərbaycan qanunvericiliyi, nə də BMT nizamnaməsi tərəfindən əlavə bir status verilib”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Fransa lideri Emmanuel Makron ikitərəfli münasibətləri normallaşdırmaq qərarı verib. Ən azı fransız mediası belə yazır. Bir neçə gün əvvələ qədər Qarabağ da daxil olmaqla, bir çox məsələdə Türkiyə ilə münasibətləri gərginləşdirmək yolu tutan Makron indi niyə geri çəkilir?
- Burada bir neçə məqam rol oynayır. İlk növbədə, bu gün Ermənistanda baş verən proseslər Fransanın faktiki olaraq bölgədən kənarda qalmasına imkan yaradır. Yəni, Fransa bu gün Cənubi Qafqazda gedən proseslərdə rol almaq imkanında deyil. Belə olan təqdirdə, regiondakı oyunçularla müəyyən formada ortaq məxrəcə gəlib, ən azı bölgədəki proseslərin içində müşahidəçi kimi rol almaq niyyətində olduğunu demək olar. Cənubi Qafqazdan tamamilə əlininin üzülməməsi üçün bu cür addımların atılması mümkündür.
Digər məqam, Türkiyənin təkcə regional yox, daha genişmiqyaslı güc mərkəzi olaraq mövqelərinin olması, bu baxımdan, bu ölkəyə qarşı edilən təzyiqlərin effekt verməməsi, eyni zamanda, “S-400”-lərlə bağlı tətbiq edilən sanksiyaların nəticə verməyəcəyi reallığının ortaya çıxması və Ankaranın alternativ tapmasının aydınlaşması Makronu belə addım atmağa sövq edə bilər. Əslində, Türkiyə danışmağın ən unikal yolu konstruktiv dialoqdur. Dünyada bunu dərk edən dövlətlərin sayı getdikcə artır. Amma biz hələlik bununla bağlı Fransanın yekun rəyinin nədən ibarət olduğunu bilmirik. Münasibətlərin normallaşacağı barədə siyasi kluarlara, hansısa etibarlı mənbələrə istinad edilərək səsləndirilən fikirlər, ekspertlərin dilə gətirdiyi mülahizələr var. Amma rəsmi şəkildə Fransa-Türkiyə münasibətlərinin normallaşmasına əsas verən məqamların olduğunu söyləyə bilmərik. İstinad etmək üçün konkret fakt yoxdur.
Bütün hallarda telefon danışığı Fransa tərəfinin münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir.
- Ermənistan Baş naziri Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini açıqladı. Baş nazir onu dövlət çevrilişinə cəhddə ittiham edir. Sizcə, həqiqətən ordu və ya Qasparyan Paşinyanın dediyi kimi, onun üçün təhlükədir?
- Qasparyan Serj Sərkisyanın kadrı hesab olunur. Çünki onun hərbi olimpin yüksək pilləsinə çıxması Serj Sərkisyan hakimiyyətə gəldikdən sonra baş verib. Qasparyanın əvvəlcə korpus komandirliyinə, daha sonra Baş Qərargah və baş qərargahın birinci müavinliyinə gətirən Sərkisyan olub. Yəni, Sərkisyanla Qasparyan arasındakı münasibətlərin kifayət qədər yaxın olduğunu deyə bilərik. Paşinyan hakimiyyətə gələndə mexanizm elə idi ki, o, birdən-birə baş qərargah rəisinin müavini, daha sonra baş qərargah rəisini postundan uzaqlaşdıra bilmədi. Onu da nəzərə alaq ki, Ermənistan ordusu keçmiş cinayətkar hərbi xunta tərəfindən qurulub və Paşinyanın bununla barışmaqdan başqa çıxış yolu qalmırdı. Bu baxımdan, Paşinyanla Onik Qasparyan arasındakı münasibətlərin həmişə yaxşı olduğunu kimsə deyə bilməz.
Ümumiyyətlə, bir sıra keçmiş sovet respublikaları və Ermənistanda baş qərargah rəislərini müəyyən məqamlarda işə düşən minalar kimi qəbul olunur. Müvafiq qanunvericilikdə baş qərargah rəislərinin təyinatı ilə bağlı ziddiyyətli məqamların yer almasında Rusiyanın bu və ya digər formada rol oynaması şübhəsizdir. Bu mənzərə getdikcə daha aydın şəkildə görünür. Qasparyana gəldikdə, o, bütün fəaliyyətinin əsas hissəsini təhsil almaqda keçirib. O, Ermənistanla yanaşı, Rusiyanın hərbi akademiyalarında da təhsil alıb. Hesab edirəm ki, baş nazirlə baş qərargah rəisi arasında yaranmış vəziyyət daha çox hakimiyyət böhranının stimullaşdırılmasına və daha dağıdıcı xarakter almasına xidmət edən bir məsələdir. Yəni, buna təkcə Ermənistandakı proseslər və ya baş nazirlə baş qərargah rəisi arasındakı zidiyyətlər kontekstindən baxmaq doğru olmazdı.
Qasparyanın istefası ilə bağlı Ermənistan prezidentinə müraciət olunmuşdu. Qanunvericilikdə nəzərdə tutulan o müddət də başa çatıb. Əgər bu müddət başa çatırsa, Nikol Paşinyanın da etiraf etdiyi kimi, baş qərargah rəisi vəzifəsindən istefaya göndərilmiş sayılır. Amma Paşinyanın bu açıqlamasından sonra Armen Sərkisyanın ofisi bəyanat verdi ki, onlar məsələnin araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
- Hesab edirsinizmi ki, həmin müraciət bu müddət ərzində edilib?
- Əgər bu müraciət həmin müddətdə edilmişdisə, bu barədə ictimaiyyətə vaxtında məlumatın verilməməsi başqa şübhələri yaradır. Belə anlaşılır ki, prezident baş nazir və ictimaiyyəti aldadır. O müddət ərzində Serj Sərkisyanın Konstitusiya Məhkəməsindəki adamları məqsədyönlü şəkildə danışıqlara gedərək, prosesi diqqətdən yayındırır və köhnə tarixlə formal olaraq bir müraciət ünvanlayır. Armen Sərkisyanın istinad etdiyi sənədin özündə belə baş qərargah rəisinin təyinatı ilə bağlı heç nə yoxdur. Sərkisyan Konstitusiya Məhkəməsinə müraciətində “Hərbi xidmət və hərbi qulluqçuların statusu” ilə bağlı qanuna istinad edir. Amma həmin qanunda baş qərargah rəisinin təyinatı və ya azad edilməsi ilə bağlı heç nə yoxdur. Buna nə üçün istinad etdiyini, yəqin ki, Armen Sərkisyandan başqa kimsə bilmir.
Konstitusiya Məhkəməsinə müraciətə gəldikdə, Paşinyan haqlı olaraq bildirdi ki, bununla bağlı nəzərdə tutulmuş müddət başa çatdığı üçün Qasparyan istefaya göndərilmiş sayılır.
Göründüyü kimi, Ermənistanda “absurd tamaşa” oynanılır. Ermənistan xalqı bundan sonra “mənim dövlətim var” deyəndə, ilk növbədə, bu məzhəkəyə diqqət yetirməlidir. Bu, orta səviyyəli bir şirkətdə belə baş tutmayan prosedur oyunudur.
- İddiaya görə, son bir həftədə Rusiyadan Ermənistana 7 hərbi yük təyyarəsi gəlib. Rusiya bir tərəfdən də Qarabağda sülhməramlı missiya yerinə yetirir. Necə ola bilir ki, bir tərəfdən işğalçını silahlandırır, digər tərəfdən sülh missiyasını icra edir? Hesab etmək olarmı ki, Rusiya öz sülhməramlılarının olduğu bölgəni gələcək üçün potensial münaqişə ocağı kimi hazırlayır?
- Ümumiyyətlə, belə suallardan qaçmaq lazımdır. Bu sual ortaya çıxanda, ondan əvvəlki proseslərə də diqqət yetirilməlidir. O amillərə də diqqət etmək olar ki, Ermənistan KTMT daxilində Rusiyanın müttəfiqidir və bu ölkədə rusların hərbi bazaları var. Digər yandan, Rusiya uzun illərdir Ermənistanı pulsuz silahlandırır. Belə olan halda, necə olur ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olur? Yəni, bu suallar beynəlxalq münasibətlər sistemində çoxsaylı ziddiyyətlərin mövcudluğundan xəbər verir. Rusiya zamanında necə Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərirdisə, bu gün də bir sıra ziddiyyətlərə baxmayaraq, sülhməramlı missiyanı həyata keçirir. Bu reallıqdır və buna hüquq kontekstdən yanaşsaq, dalandan başqa heç bir nəticə əldə etmək mümkün olmayacaq. Rusiyanın mövqeyi aydındır.
Şübhəsiz ki, Rusiyanın Ermənistanı silahlandırması yolverilməzdir. Bu, onun sülhməramlı missiyasına uyğun addım deyil. Azərbaycan ərazilərindəki Rusiya sülhməramlılarının davranışları belə, onların səlahiyyət çərçivəsinə aid deyil. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğunu təmin edən yeganə sənəd 10 noyabr bəyanatıdır. Sülhməramlılara nə Azərbaycan qanunvericiliyi, nə də BMT tərəfindən əlavə bir status verilib. Sülhməramlıların missiyası və davranışları ilə əlaqədar BMT-nin müvafiq ümumi doktrinasında bir sıra məqamlar var ki, indiki şəraitdə Rusiya sülhməramlıları bu məqamları nəzərə almağa borcludurlar. Amma buna baxmayaraq, bu davranışlar ziddiyyətli görünür və cəmiyyətdə haqlı narazılıqlara yol açır. Düşünürəm ki, tədricən mövqelərimizi gücləndirdikcə və bir sıra dairələr regiondakı proseslərin qaçılmaz olduğunu anladıqca, bu problemlərin öhdəsindən də gələ biləcəyik.