10 Mart 2021 19:43
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ATƏT Parlament Assambleyasının (ATƏT PA) “Fəaliyyət Çağırış – Helsinki+50” işçi qrupunun ikinci görüşü keçirilib. Tədbirdə ATƏT PA-nın prezidenti Piter Lord Bouness, ATƏT rəhbərliyinin nümayəndələri, ATƏT-in hüquq departamentinin rəhbəri Stiven Uolş, ATƏT DTİHB-nin direktoru Matteo Mekaççi, ATƏT PA-nın vitse-prezidentləri Marqareta Sederfelt (İsveç) və Kari Henriksen (Norveç), ATƏT Parlament Assambleyasının sabiq prezidentləri və ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərləri və üzvləri iştirak edib.

Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ATƏT çərçivəsində tətbiq olunan konsensus prinsipinin bir sıra aspektlərinə toxunaraq bu qaydanın təkmilləşdirilməsinin mümkün yollarına dair təkliflər irəli sürüb (https://www.youtube.com/watch?v=e190wN3AFQo).
Azay Quliyev 1975-ci il Helsinki Yekun Aktında təsbit olunmuş konsensus prinsipi və öhdəliklərin ATƏT-in təhlükəsizliyi və fəaliyyətinin təməlini təşkil etdiyini bildirib. Vitse-prezident deyib ki, ATƏT PA kimi inklyuziv bir təşkilatda heç bir ölkənin rəyi daxili proseslərimizin hər hansı mərhələsində diqqətdən kənarda qala bilməz: “ATƏT-in qərar qəbuletmə metodu kimi konsensusdan istifadə etməsi təşkilatımızın köklərindən irəli gəlir və bu qayda bir neçə dəfə yenidən təsdiqlənib. Qeyd etmək lazımdır ki, konsensus prinsipinə söykənərək yavaş və mürəkkəb qərar qəbuletmə proseduruna görə ATƏT müntəzəm olaraq ciddi şəkildə tənqid olunur. Bu tənqidlərin bəziləri adekvat olsa da, bir hissəsi əsassızdır.

Əminəm ki, qərarlara dair konsensus yanaşması qorunmalıdır. Qəbul edilmiş qərarların və götürülmüş öhdəliklərin həyata keçirilmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığı üçün konsensus proseduru ATƏT-in zəifliyindən daha çox üstünlüyüdür.

Hamımızın bildiyimiz kimi, təhlükəsizlik anlayışı bölünməzdir. Konsensus qaydalarında istisnaların tətbiq olunması, bir və ya daha çox üzvün mövqelərinə məhəl qoymadan təhlükəsizlik ehtiyaclarının təhlükəyə atılması ilə nəticələnəcəkdir.
Buna baxmayaraq, ATƏT daxilində konsensusun əldə edilməsinin getdikcə çətinləşdiyini vurğulamaq istərdim. Büdcə, kadr təyinatları və ümumi inzibati məsələlər ilə bağlı uzanan danışıqlar təşkilatın fəaliyyətinə mane olur və təlatümlü vəziyyətlər yaradır”.

Azay Quliyev bildirib ki, inzibati və siyasi qərarları ayırmaq cəhdlərini qeyri-realistik və sünidir. Məsələn, resurslarla bağlı hər hansı bir qərar, iştirakçı dövlətlərin maliyyə məsuliyyətini şərtləndirir və bu səbəbdən bu hallarda konsensusun alternativi yoxdur. Heç bir tərəf ayrı-ayrı ölkələrin qoşula bilməyəcəyi və əlavə xərclərin tətbiq olunmasını nəzərdə tutan qərarları qəbul edə bilməz: “Həm də vurğulamaq istərdim ki, ATƏT iclaslarının gündəliyi və təşkilati məsələləri ilə bağlı məsələlər çox siyasi ola bilər. Bir qonaq, vətəndaş cəmiyyəti təşkilatı və ya tərəfdaş təşkilatın yerinə digərlərinin qonaq qismində dəvət olunması siyasi baxımdan həssas məsələdir. Buna görə biz Parlament Assambleyası olaraq kənarda qalmamalıyıq, ATƏT-in təkamül prosesində iştirak etməli və mövcud vəziyyətin problemlərinə qarşı yeni həll yolları təklif etməliyik.
ATƏT PA-nın “Helsinki+40” layihəsini xatırlasaq, bunun konkret nəticələrinin və icrasına nəzarət mexanizmlərinin olmamasını, əsasən bəyanat xarakterli bir sənəd olduğunu görərik. Bunun yenidən baş verməsinə yol vermək olmaz.
“Helsinki+50” layihəsini təqdim etmək üçün təxminən 4 ilimiz var. Biz indidən işə başlamalıyıq və bu prosesin konkret nəticələr verdiyinə və “Helsinki+40” layihəsinin boşluqlarının qarşısını aldığımıza əmin olmalıyıq”.

Azay Quliyev işçi qrupunun nəticələrinin təsdiqlənməsi üçün ATƏT PA-dan vasitəçi təyin olunmasını təklif edib. Bu vasitəçi Büroya Daimi Komitə tərəfindən təsdiqlənəcək ilkin 6 aylıq iş planını təqdim etməlidir. “Helsinki+50”-in yekun hədəfinə çatmaq üçün vasitəçiyə Assambleya tərəfindən aydın və güclü bir mandat verilməlidir:

“Təklif edərdim ki, hər bir “Fəaliyyətə Çağırış” iclasından əvvəl vasitəçinin ATƏT siyasətinin effektivliyini gücləndirmək, gündəmi təkmilləşdirmək, qurumun nüfuzunu yüksəltməyi təşviq etmək və zərurət yaranarsa ATƏT prosedurları və təcrübələrinin islahatını həyata keçirmək üçün hökumət tərəfdən qeyri-rəsmi olaraq toplanan fikirləri əks etdirən bir sənəd hazırlansın.

Əminəm ki, səfir Lamberto Zannier bu vacib və zəhmət tələb edən vəzifəni icra etmək üçün kifayət qədər təcrübəyə, imkanlara və nüfuza malikdir.
Yekunda konsensus prinsipinin mümkün mənfi təsirlərinin minimuma endirilməsi üçün ATƏT-də şəffaflığın əhəmiyyətli dərəcədə artırılmasını təklif edərdim.

Təşkilatdaxili müzakirələr daha açıq və şəffaf olmalı və yalnız konsensusun əldə edildiyi mövzularla məhdudlaşmamalı, eyni zamanda konsensusun olmadığı həll olunmamış məsələlərlə bağlı da aparılmalıdır.

Bununla bərabər mən Assambleyamızın milli parlamentlər, ATƏT və qurumları arasında vasitəçi rolunu oynayan üzvlərinin də rolunu qeyd edərək, bunun təşkilatımızı daha da gücləndirərək ortaq hədəflərimizə çatmağa kömək edə biləcək “Helsinki+50” layihəsinin hazırlamasında əhəmiyyətli rolunun olduğunu qeyd etmək istərdim”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər