Yeni Azərbaycan Partiyasında həyata keçirilən dəyişikliklər cənab Prezidentin apardığı islahatlarda xüsusi yer tutur. Hakim partiyadakı dəyişikliklər məhz bunun mahiyyətindən yaranır. YAP iqtidar partiyası olmaqla ölkə Prezidentinin həyata keçirdiyi siyasətdə, idarəçilikdə və bütövlükdə siyasi proseslərdə mühüm yer tutur. Ona görə də iqtidar partiyasında bu dəyişikliklər gözlənilən idi. YAP iqtidar partiyası kimi ölkə Prezidentinin siyasi kursunun mahiyyətindən doğan prinsipləri daha səmərəli və effektiv həyata keçirməlidir.
Bu fikirləri Teleqraf.com-a ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Partiya sədrinə görə, atılan bu addımlar mütərəqqidir:
“Ona görə də partiyanın strukturunda ciddi dəyişikliklər baş verdi. YAP-ın qurultayında ölkə Prezidentinin proqram xarakterli nitqində bu hədəflər açıq şəkildə qeyd edildi. Səslənən fikirlər tək bir partiya üçün deyil, bütövlükdə siyasi sistem üçün hədəflər, məqsədlər, vəzifələr müyyənləşdirib. Göstərilən hədəflərə əsaslanaraq hər bir siyasi partiya işini yeni reallığa uyğun qurmalıdır”.
Deputatın fikrincə, ölkə artıq yeni bir mərhələyə qədəm qoyub:
"Bu, ölkə Prezidenti tərəfindən Azərbaycanın daha da inkişaf etməsinin növbəti mərhələsidir. Birinci mərhələ 2018-ci ildən bu yana sistemli şəkildə icra edildi. Çox uğurlu bir sonluqla yekunlaşdı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Erməni işğalçılarına ciddi, sarsıdıcı zərbə vuruldu. Region üçün böyük bir təhlükə aradan qalxdı. Bu uğurlu, hərbi diplomatik qələbənin müəllifi sözsüz ki, cənab Prezidentdir. Sistemli inkişafın mahiyyətinə xidmət edən prosesin artıq növbəti mərhələsi başlayıb. Bu mərhələ Azərbaycanın daha da inkişafı üçün yeni bir dönəm hesab olunur. Bu inkişafda siyasi partiyaların da fəaliyyəti mühüm rol oynayır. Siyasi partiyaların cəmiyyətdə yerini və rolunu gücləndirmək üçün seçki qanunvericiliyində, konstitusiyada müəyyən dəyişikliklər olunmalıdır. Qarışıq seçki sisteminin formalaşması daha məqsədə uyğundur. Bəzi həmkarlarımız proporsional seçki sistemini məqbul hesab edir. Digərləri isə mojaritar seçki sisteminin olmasında maraqlıdır. Siyasi sferada başlanılmış bu proseslər davam etməlidir. Növbəti seçkiyə qədər həmin dəyişikliklər həyata keçirilməlidir. Artıq başqa nümunələr də ortaya çıxır. Bir sıra partiyalar birləşmə ilə bağlı qərar verib. Bu, həmin partiyaların seçimindən asılıdır”.
Millət vəkili qeyd edib ki, ölkədə siyasi canlanmanın yaranması üçün müəyyən addımlar atılmalıdır:
“Daha çevik siyasi sistemin formalaşması üçün mövcud qanunvercilikdə dəyişikliklər edilməlidir. Siyasi partiyaların fəaliyyətini tənzimləyən və onun güclənməsini həyata keçirən qanun qəbul olunmalıdır. Seçkilərə qatılıb uğur qazanmayan partiyaların fəaliyyətini dayandırması da proqramla müəyyənləşməlidir. Çünki partiyalar öz gücünü seçkilərdə müəyyənləşdirir. Seçkidə qalib olmayan partiya siyasi meydandan çəkilməlidir”.