Hazırda Ağdam məscidinin qarşısındayıq. Buranı gördükdən sonra bir daha düşündüm ki, həqiqətən torpağımızı normal müdafiə etməmişik, onun qədrini bilməmişik. Dövlətçilik baxımından bizə elə ağır zərbələr, gözdağı veriblər. Bu ərazilərə baxdıqda bunu düşünürsən.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Qeyd edək ki, hazırda ölkənin partiya sədrləri işğaldan azad olunan Ağdam şəhərində səfərdədir.
B. Quliyev bildirib ki, Azərbaycan ərazilərinin işğal edilərək dağıdılması erməni vəhşiliyinin əyani sübutudur:
"Onların istəyi bu torpaqları daimi olaraq özlərinki etmək idi. Amma bu alınmadı. İndi biz Ağdamdayıq. Torpağımızın hər bir daşı bizim üçün əzizdir”.
Cümhuriyyət Xalq Partiyasının sədri bəyan edib ki, vətən torpağının dağıdılan və viran qoyulan əraziləri, daşı yenidən bərpa edilib abadlaşdırılacaq:
“İnsanın ürəyində bir ağrı var. Biz bu boyda ucsuz-bucaqsız ərazilərimizi necə düşmənə uduzmuşuq. Hesab edirəm ki, bundan sonra torpaqlarımıza göz tikmək istəyən düşmənlərimizə qarşı amansız olmalıyıq. Bu proseslərdən məntiqi nəticə çıxarmalıyıq. Bu ərazilərdə Azərbaycanın varlığını yenidən bərpa etmək lazımdır. Əlbəttə, bunun üçün illər lazım gələcək. Amma ürək ağrısı ilə yanaşı qürur hissi keçiririk ki, bu qələbə ilə torpağımıza sahib çıxdıq. Belə torpaqları, gözəl məmləkəti əldən vermək olmaz. Şükürlər olsun ki, vermədik”.