19 Mart 2021 20:13
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-ABŞ münasibətləri fundamental məsələlərdə mövqe ortaqlığı ilə seçilməklə strateji xarakter daşıyır. ABŞ-ın yeni prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda səsləndirdiyi fikirlər bir daha sübut edir ki, ikitərəfli və çoxtərəfli münasibətlərimiz dinamik inkişaf tempinə malikdir və onun daha geniş perspektivləri var.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

O qeyd edib ki, bir qədər də konkretləşdirsək, rəsmi Vaşinqton asağıdakı mühüm istiqamətlər üzrə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanılmasında və sonrakı inkişafında maraqlıdır:

“Birincisi, “Bu yeniləşmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanmsı üçün fürsətdir”, deməklə Prezident Co Bayden iki ölkə arasında formlaşmış qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasından məmnun olduğunu ifadə edir və təkcə ölkəsinin deyil, Azərbaycanın da eyni səviyyədə sülhə sadiq qaldığını və bu prosesə töhfə vermiş olduğunu xüsusi olaraq vurğulayır.

İkincisi, Co Bayden regionumuzda təhlükəsizlik sahəsində ümumi narahatlıqlardan xəbərdar olduğunu dilə gətirir və regionda barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışacaqlarını bildirir. Bu fikrin xüsusi əhəmiyyəti var. Təhlillərimiz o qənaəti hasil edir ki, yeni ABŞ administrasiyası regional barışığın əldə edilməsi naminə Prezident İlham Əliyevin Ermənistanın da iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı unikal təşəbbüsünü yüksək qiymətləndirir və fərqindədir ki, onun reallaşacağı təqdirdə bölgədə hələ də qalmaqda olan təhlükələr aradan qalxa bilər, sülh və əməkdaşlıq mühiti formalaşar. ABŞ Prezidenti bu prosesin təşviq edilməsinə dəstək verəcəyini vurğulayıb.

Üçüncüsü, dünyanın fövqəldövlətinin rəhbəri açıq mətnlə qeyd edir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətindən xəbərdardırlar, bu prosesi təqdir edirlər, eyni zamanda ölkəmizin qlobal enerji təhlükəsizliyi sahəsində oynadığı artan rolunu qiymətləndirir və bu istiqamətdə səylərimizi dəstəklədiklərini ifadə edirlər. Həqiqətən də Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycan Avropa üçün yeni alternative enerji mənbəyi olaraq əhəmiyyəti kifayət qədər artıb. Bu reallığı ABŞ-ın yeni rəhbərliyi görür və dəyərləndirir.

Dördüncüsü, təbrik məktubunun sonunda xüsusi olaraq vurğulanır ki, “ABŞ Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”. Bu tezisin də çox böyük məna yükü var. Deməli, rəsmi Vaşinqton Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda gedən dərin və hərtərəfli islahatlar kursunun məntiqi nəticəsi olaraq Azərbaycanın güclü iqtisadiyyatı olan dövlətə çevrildiyini təsdiqləyir və faktiki olaraq ikitərəfli yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulması təklifi ilə çıxış edir.

Beşincisi, ABŞ Prezidentinin təbrik məktubunda ənənəvi demokratiya və insan hüquqları kimi məsələlərin qabardılmadığı da diqqətdən yayınmır. Görünür, yeni Ağ Ev rəhbəri tam məlumatlıdır ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir. Əhalinin 80%-dən çoxu azad internet istifadəçisidir. Mətbuat üzərində senzura və ölüm hökmü çoxdan ləğv olunub. Ölkədə son həddi olmayan demokratikləşmə prosesində ardıcıl və sistemli addımlar atılmaqdadır”.

Elman Nəsirov deyib ki, nəhayət, ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı Novruz bayramı ilə bağlı təbrik məktubunda tərəfdaşlıq, sülhə sadiqlik, regional barışığa töhfə, iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması kimi mühüm məsələləri önə çəkməklə və bütün bu sahələrdə Azərbaycanın ciddi uğurlar əldə edildiyini vurğulamaqla əslində həmin nailiyyətlərin müəllifi Prezident İlham Əliyevə hörmət və ehtiramını ifadə edir, onunla qeyd olunan sahələrdə əməkdaşlığı dərinləsdirməyə hazır olduğunu bildirir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər