23 Mart 2021 17:17
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı - bahar bayramı şərəfinə Azərbaycanın Vətən müharibəsi zamanı erməni işğalından azad edilmiş strateji əhəmiyyətli tarixi Şuşa şəhərində tonqal yandırıb.

Şuşaya səfər zamanı hərbi geyimli Prezident Əliyevi həyat yoldaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızları Leyla Əliyeva müşayiət edirdi.

Teleqraf.com xəbər verir ki, israilli məşhur jurnalist Din Şmuel Elmas bu haqda İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində yazıb.

Məqalənin müəllifi qeyd edir ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxış edərək deyib: “Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”.

Müəllif vurğulayır ki, Novruz tonqalını yandırmaq üçün məhz Şuşadan bir qədər cənubda yerləşən Cıdır düzünün seçilməsi təsadüfi deyil.

Dövlət başçısı Azərbaycan xalqına müraciətlə deyib: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

İlham Əliyev sonda vurğulayıb: Qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan! Şuşa Azərbaycandır! “Qarabağ Azərbaycandır!”

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut “Israel HaYom” nəşrinə müsahibəsində deyib: “Azərbaycan Qarabağda 44 günlük Vətən müharibəsində qalib gəldikdən, Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad etdikdən sonra builki Novruz Azərbaycan üçün əsl bahar bayramıdır”.

Azərbaycan xalqının milli ruhunun ən parlaq ifadəsi olan Novruz bayramı sovet rejimi illərində təqiblərə məruz qalırdı, hakimiyyət onun rəsmən qeyd olunmasını qadağan edirdi.

Arye Qut deyib: “Baharın gəlişinin bayram kimi qeyd edilməsi ənənəsi bizim əcdadlarımızdan yadigar qalıb. Biz, əslən Azərbaycandan olan İsrail sakinləri ulu babalarımızın daxili dünyasının sərvətini göstərən, əsrlərin sınaqlarından keçmiş, milli orijinallığı ilə seçilən gözəl adət və ənənələri əbədiləşdirən bu ümumxalq bayramını əsrlər boyu sevinclə qarşılayırıq”.

Arye Qut vurğulayıb: “Mən bilirəm ki, Şuşa Azərbaycanın şanlı tarixini, Vətən uğrunda canlarından keçmiş cəsarətli oğulların və qızların qoçaqlığını yada salaraq ağlayırdı. Azərbaycan öz cəsarətli əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində bu yaxınlarda bu gözəl tarixi şəhərə qayıtdı və onu erməni işğalından azad etdi. Azərbaycanlılar Şuşanın itirilməsi ilə heç vaxt barışmazdılar, azərbaycanlılar onların hamısı üçün müqəddəs olan Şuşaya qayıtmalı idilər və qayıtdılar!”

Prezident Əliyevin bu bayramı Şuşada qeyd etməsinə gəlincə, Arye Qut deyib: “Azərbaycanda builki Novruz bayramını qalib dövlət kimi, Cənubi Qafqazın aparıcı ölkəsi və əsl lideri kimi qeyd edirlər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər