Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, ölkə rəhbərliyinin Rusiya qarşısında "gözükölgəli" olması, buna görə dövlət maraqları ilə bağlı Rusiya qarşısında prinsipial mövqe sərgiləyə bilməməsi barədə "fit müxalifəti" tərəfindən geniş təbiğat aparılır. Bunu Rusiyanın iqtidara hakimiyyətini qorumaq üçün verdiyi dəstəklə əlaqələndirirlər. Deyilənlərə münasibətinizi bilmək istərdik.
- Onlar uzun illərdi çox şey deyirlər, bəzən həqiqətləri də, amma problemlərin həllinə dair təklifləri ya olmur, ya da gerçəklikdən çox uzaq olur, xalqımızın sosial inkişaf səviyyəsinə, yaxud geosiyasi reallıqlara cavab vermir. İqtidarın Rusiya ilə dostluq və əməkdaşlıq siyasəti yürütməsi Azərbaycanın maraqlarına cavab verir, ölkəmizin qarşısında duran ən ağır problemlərin həllinə imkan yaradır və ən başlıcası, hakimiyyəti yox, daha çox Azərbaycanı qorumaq üçün edilir. Əminəm ki, onlar da realıqla barışmağın, güclə hesablaşmağın zəruriliyini anlayırlar. Sadəcə onları himayə edib maliyyələşdirən bəzi dairələr tərəfindən fit çalınıb, tapşırıq verilib və o icra olunmalıdır. Xalqımız hər şeyi başa düşdüyündən və daha realist olduğundan onlara əhəmiyyət vermir.
Rusiya qarşısında dövlət maraqlarımız qətiyyətlə qorunur. Rusiyanın regionda, o cümlədən həm Ermənistanda, həm Azərbaycanda öz maraqları var, hesab edir ki, 44 gün savaşa müdaxilə etməməklə Azərbaycan xalqının rəğbətini qazanıb. İndi isə ermənilərin etimadını qazanmaq istəyir. Bizi narazı salan elə məsələlər var ki, onlar mətbuatda müzakirə olunmamalıdır. Bəzi narahatçılığımız barədə biz, digərləri barədə jurnalistlər, müstəqil ekspertlər, ictimaiyyət nümayəndələri danışmalıdır. Bu zaman Milli Şuradakılar kimi xalqımız üçün təmənnasız mübarizə apardıqlarını bəyan edib, amma iqtidra yarınmaq üçün deyilməməlidir ki, biz bunu sizin üçün danışırıq bundan faydalanın. Xaricilər də oxuyub, qulaq asıb gülür.
Qarabağda torpaqlarımız üzərində suveren hüquqlarımızı tam bərpa etmək üçün Rusiya ilə dostluq siyasətini davam etdirməli,ölkəmizi inkişaf etdirməli,növbəti əlverişli tarixi şəraitin yaranmasını gözləməli,addım-addım bu istiqamətdə irəliləməliyik.
- Ermənistanla yaxın gələcəkdə sülh sazişinin bağlanması ehtimalı varmı?
- Açıq danışsaq, bu daha çox Rusiyadan asılıdır. Rusiyanı belə bir sazişin imzalanmasına razı salmaq üçün həm onunla, həm də Ermənistanın Qərbdəki müttəfiqləri ilə gərgin iş aparılmalıdır. Yavaş-yavaş Ermənistanla polemikada sərt ritorikadan imtina etməli, sadə insanlarla barış yolları aramalıyıq. Bunun isə ən yaxşı yolu kommunikasiyaların açılması, iqtisadi və humanitar əlaqələrin bərpa olunmasıdır. Müharibənin yaraları hələ sağalmayıb, buna zaman lazımdır.
- İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qayıdışını sürətləndirmək üçün hansı addımlar atılmalıdır? Bu istiqamətdə görülən işlər Sizi qane edirmi?
- Məskunlaşmanı təmin etmək üçün infrastruktur layihələri həyata keçirilməli, qaz,su, elektrik xətləri, avtomobil və dəmir yolları çəkilməlidir. Bu istiqamətdə işlərə başlanılıb və xeyli iş görülüb. 2021-ci ilin dövlət büdcəsi müzakirə olunarkən demişdim ki, bərpa işləri üçün ayrılan 2 milyard 200 milyon manat çox azdır. İlin 3-cü ayı başa çatır, artıq vəsaitin yarısı xərclənib. Ona görə Neft Fondundan əlavə vəsait ayrılmalı, beynəlxalq birlikdən bərpa üçün kömək istənilməlidir. Hesab edirəm, məskunlaşmaya ermənilərlə sərhəd - yaşayış məntəqələrindən başlamaq lazımdır. İlk növbədə Şuşadan, Laçından, Kəlbəcərdən və s-den. Bunun olduqca böyük psixoloji və siyasi əhəmiyyəti var. Digər tərəfdən, iqtisadi azadlıqlar verilməli, sahibkarlar və evlərini tərk etmiş insanlar bərpa işlərinə cəlb olunmalıdır. Dövlət orqanları tikinti işlərini "ağıllı kənd" şüarı altında inhisara alacaqsa, bizə Qarabağa kütləvi qayıtmaq üçün on illər lazım olacaq. Əvvəllər demişəm, bir daha təkrar edirəm, bu istiqamətdə korrupsiyanı aradan qaldırmaq və sürətli qayıdışı təmin etmək üçün insanların bank hesabına hissə-hissə pul köçürmək lazımdır ki, təqdim, yaxud təsdiq edilmiş layihələr əsasında gedib kəndlərdə evlərini bərpa etsinlər.
- Qüdrət bəy, ABŞ prezidenti Baydenin son mətbuat konfransı barədə nə düşünürsünüz?
- Prezident Bayden, mətbuat konfransında vurğuladığı kimi, dünyada ABŞ-ın liderliyini qoruyub saxlamaq və daha da gücləndirmək istəyir. Amma yaş yalnız təcrübə qazandırmır, həm də orqanizm üçün danşınması çətinləşən yükə çevrilir. Ona görə də bu çətin vəzifəni yerinə yetirmək üçün çox şey vitse-prezident Kamala Harrisdən və onun liderlik bacarığından asılı olacaq. ABŞ beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə ciddi şəkildə hörmət etməklə, müttəfiqlərinin maraqlarını nəzərə almaqla və onlarla səmimi münasibətlər qurmaqla dünyada mövqelərini güləndirə bilər. Amma onunla da barışmalıdır ki, daha uzun müddət bir qütblü dünya olmayacaq və dünyanın böyük gücləri ilə hesablaşmalı olacaq.