29 Mart 2021 20:56
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fazil bəy, Almaniyanın İctimai Televiziyasında anti-Azərbaycan xarakterli proqram yayımlanıb. Proqramda Azərbaycanı qaralayan, ləkələməyə çalışan, əsli olmayan faktlara istinad edilməyə çalışılıb. Avropa dəyərlərini özü üçün prioritet seçmiş bir ölkənin bu cür ucuz təbliğatda yer almasını necə izah etmək olar?

- Bu cür variantlarla Azərbaycana təzyiq göstərmək istəyirlər. Bunun da arxasında başqa ölkələrin maraqları var.

Ona görə də, Azərbaycana qarşı bu cür çirkin bir təbliğat aparmaq istəyirlər. Amma bütün bunlar faydasız bir şeydir. Azərbaycanın Avropa İttifaqı ilə ciddi əməkdaşlığı mövcuddur. Almaniyanın bu cür yersiz addımları bu dövlətin özünə başucalığı gətirmir. Onun imicini korlayır.

Demokratik ölkə kimi beynəlxalq hüquqa sayğısızlığını göstərir. Ona görə də, Azərbaycan bu cür yanaşmalara ciddi əhəmiyyət verməməlidir. Biz öz təbliğat işimizi davam etdirməliyik. Almaniyanın İctimai Televiziyasının hansısa bir proqram yayımlaması Azərbaycanın iradəsinə təsir edə biləcəksə, bu zəiflik olar. Biz öz yolumuza baxmalıyıq. Torpaqlarımızı düşməndən azad etmişik. Əraziləri minalardan təmizləyib məskunlaşmaya başlamalıyıq.

Bununla da prosesi udmalıyıq. Almaniyanın boş-boşuna kimlərinsə maraqlarını ifadə edən proqramlar yayımlaması əhəmiyyətsizdir. İndiyə kimi onlar bu problemin həllini ləngidirdi. ATƏT-in Minsk qrupunun üzvləri heç bir fəaliyyət göstərmədi.

Almaniyanın ölkəmizdəki səfiri heç döyüş bölgəsinə də getmədi. Bunlar da ciddi məsələlərdir. Hələ də, ermənilərin faşizm ruhu görünür ki, bəzi qüvvələrlə müəyyən mənada üst-üstə düşür. Məhz bu baxımdan məsələlərə təmkinlə, özümüzün doğru həqiqətlərimizi çatdırmaqla, təbliğatla məşğul olub, alman cəmiyyətinə də doğruları izah etməliyik.

- Avropanın Azərbaycana qarşı apardığı siyasətdə niyə Almaniya lokomotiv rolunda çıxış edir?

- Elə də olur ki, bu rolu da bölüşürlər. Bəzən Fransa həddən artıq bu məsələlərdə özünü daha qabarıq göstərməyə çalışır. Beləliklə də, özünün iç üzünü açır. Guya Fransanın müəyyən dərəcədə rolunu hansısa okeanın o tayında olan qüvvələr indi də Almaniyaya ötürüblər.

Ona görə də, indiki halda da bu rolu Almaniya ifa edir. Bunların məsələyə müstəqil baxışları yoxdur. Məhz bu səbəbdən də, belə bir problem ortaya çıxır. Amma bütün bunlar bizi narahat etməməlidir. Azərbaycan öz işini görüb təbliğatını davam etdirməlidir.

- 10 illiklər azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələr ermənilər tərəfindən dağıdılıb, vandalizmə məruz qalıb. Amma indiki halda bəzi qüvvələr Cəbrayılda hansısa bir kilsə ətrafında sünu ajiotaj yaradır. Bu paradoksu hansı amillərlə izah etmək olar?

- Bu vəhşiliyin başqa bir formada dəstəklənməsidir. Erməni vəhşiliyini dəstəkləyən almanlar gəlib Göygöl rayonunda alman abidələrinə baxsınlar və əsl həqiqəti görsünlər. Görsünlər ki, azərbaycanlılar onlara məxsus abidələri necə qoruyub. Eyni zamanda vəhşi erməniyə dəstək verən faşist təxəyyüllü bir qrup almanın yanaşması ilə məsələyə baxmaq olmaz. Ümumi almanlar Göygöldə bir alman kilsəsinə baxsalar, onlar görərlər ki, Azərbaycan dini dəyərlərə hansı münasibətdədir. Bundan sonra ucuz təbliğata da ehtiyac qalmaz.

- Erməni lobbisinin müharibədən sonrakı dönəm üçün başqa-başqa ölkələrdə baş qaldırması nəyə hesablanıb?

- Onların bütün xəyalları puç olub. Müharibədə ağır şəkildə məğlub oldular. Bu fəaliyyətləri də məhz acı və biabırçı məğlubiyyətin yaratmış olduğu reallıqdan ortaya çıxır. Eyni zamanda müharibədə acınacaqlı şəkildə məğlub olsalar da, erməni xəstəliyi hələ də sağalmayıb. Onlar məğlub olsalar da, xəstəlikləri hələ uzun illər davam edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər